Xəbər lenti

Türkiyənin Kaçkar dağları qlobal arenada (FOTO)
Foto 12:58 06.04.2026

Türkiyənin Kaçkar dağları qlobal arenada (FOTO)

Türkiyənin Şimali Qara Dəniz bölgəsində, Rize və Artvin illərinin qoynunda ucalan Kaçkar Dağları, dörd fəsil boyu fərqli təcrübələr təqdim edən ən möhtəşəm təbiət və macəra məkanlarından biri kimi tanınır. Bu misilsiz zənginliyi sayəsində Kaçkar Dağları, ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlər vasitəsilə dünya arenasındakı yerini möhkəmlətməkdə davam edir. Keçən il böyük uğurla startını verən KAÇKAR BY UTMB dağ ultramarafonunun ardından, indi isə Beynəlxalq Kaçkar Turizm Sərgisi aprelin 17-18-də Rizedə keçiriləcək.

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyə Turizmin Təşviqi və İnkişafı Agentliyinin (TGA) dəstəyi ilə təşkil olunan Beynəlxalq Kaçkar Turizm Sərgisi, Kaçkar Dağlarının və Qara Dəniz bölgəsinin özünəməxsus təbiət gözəlliyini və zəngin mədəni irsini dünya miqyasında cazibə mərkəzinə çevirməyi hədəfləyir. Bölgənin ən nüfuzlu turizm tədbiri olan sərgi, ənənəvi bir sərgi formatından kənara çıxaraq, iştirakçıların yeni turizm tendensiyalarını araşdıracağı və əməkdaşlıqlar quracağı panel müzakirələri, konfranslar və seminarları da əhatə edəcək. Bu il Rize Çay Bazarında keçiriləcək tədbir 1000-dən çox sənaye nümayəndəsini və 3000-i aşan ziyarətçini bir araya gətirəcək.

Dörd fəsil boyu müxtəlif təcrübələr təqdim edən Kaçkar Dağları, təbiət və macəra həvəskarları üçün misilsiz marşrutları, köklü tarixi və zəngin qastronomik mədəniyyəti ilə fərqlənir. Bölgə, eyni zamanda Türkiyənin ən təbii qorunan ərazilərindən biri olmaqla, 50-dən çox alp gölünü, dərin dərələri, yaşılın hər çalarını əks etdirən sıx meşələri və müxtəlif ekosistemlər tərəfindən formalaşan coşqun çayları ilə möhtəşəm bir təbiət xəzinəsinə ev sahibliyi edir.

3937 metr hündürlüyə yüksələn Kaçkar zirvəsi, sıra dağların ən uca nöqtəsi olmaqla bu ecazkar mənzərəyə hakim kəsilir və bölgənin trekkinq, dağçılıq və təbiəti kəşf baxımından cəlbediciliyini daha da artırır. Ziyarətçilər mənzərəli cığırlar boyunca gəzintiyə çıxa, dolanbac dərələrdə velosipedlə gəzə, nadir vəhşi təbiəti müşahidə edə və fotoşəkillər çəkdirə bilər. Qış aylarında qar örtüyünə bürünən Kaçqar Dağları qar ayaqqabısı ilə gəzinti, xizək, snoubord və heliski həvəskarları üçün əvəzsiz bir məkana çevrilir.

Kaçkar Dağları təkrarolunmaz təbiəti ilə yanaşı, mədəni turizmdən ekoturizməcən uzanan geniş imkanlar da təqdim edir. Ziyarətçilər ekoloji cəhətdən dost iqamətgahlarda qala, yerli həyat tərzinin canlı şahidi ola və tarixi əhəmiyyət daşıyan çoxsaylı abidələri gəzib-görə bilərlər. Bu yaylaların yerli icmaları bölgənin mədəni irsinə dərindən nüfuz etməyə imkan yaradır. Qorunaraq günümüzə çatmış dillər, ənənəvi əl sənətkarlığı nümunələri, tulumun (Kaçkar zurna növü) sədaları və ritmik horon rəqsi, orijinal yerli təcrübələr axtaran səyyahları heyran edir. Rəngarəng yaylaq şənliklərindən çay yığımı bayramlarınadək qonaqlar bölgənin canlı ənənələrinə tam qərq ola bilərlər.

Kaçqar yaylaları təkrarolunmaz təbiəti və dağların təmiz havası ilə istirahət və sağlıq turizmi üçün də ən gözəl məkanlardan biri sayılır. Ziyarətçilər ətraf mənzərə ilə ahəngdar şəkildə həm ənənəvi, həm də müasir sağlıq prosedurlarından yararlanarkən, Ayderin termal bulaqları bölgənin ən ikonik guşələrindən birində təbii müalicə və rahatlama imkanı təqdim edir.

Bu təcrübələri tamamlayan bölgənin özünəməxsus kulinariya irsi — üzvi bal, şəfalı dağ otları, dünyaca məşhur çay və təzə dəniz məhsulları — Kaçkarlardakı hər bir səfəri unudulmaz bir xatirəyə çevirir.

İlboyu davam edən bu müxtəliflik sayəsində Kaçkar Dağları getdikcə daha çox beynəlxalq diqqət qazanır və dünya turizm xəritəsindəki mövqeyini möhkəmləndirir. UTMB Dünya Seriyasının Türkiyə mərhələsinə və Beynəlxalq Kaçkar Turizm Sərgisinin məhz bu bölgədə keçirilməsi də həmin yüksəlişin açıq sübutudur. Apreldəki sərginin ardından KAÇKAR BY UTMB-nin 2026-cı il mərhələsi də sentyabrın 11-13-ü tarixlərində Rizedə baş tutacaq.

--> -->