Dünya 18:55 27.01.2022

Rus milyarderlərin əliylə Putini vurmaq... - Bu, Rusiyada keçərli deyil (ŞƏRH)

"Bu, Rusiyada keçərli deyil. Rusiyalı milyarderlər çoxlu pul itirsə də, Putinə qarşı çıxmayacaqlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli Ukrayna hadisələri fonunda rusiyalı milyarderlərin səhm bazarlarında 27,9 milyard dollar itirmələrinin Rusiyadakı siyasi-iqtisadi proseslərə təsirindən danışarkən deyib: 

"Dünya səhm bazarlarında yanvar ayının ortalarından başlayaraq ciddi dalğalanmalar müşahidə edilir. Ən böyük dalğalanma isə Rusiya səhm bazarında baş verib. Rusiya səhm bazarı keçən ilin sonuna nisbətən 20-25 faizə yaxın dəyər itirib. Bu isə dollar ifadəsində 30 milyard dollara yaxın vəsaitin itirilməsi deməkdir. Belədə rusiyalı milyarderlər daha çox vəsait itirirlər. Rusiyalı milyarderlərin digər ölkələrin səhm bazarı ilə müqayisədə daha çox vəsait itirmələrinin səbəbi məhz Ukraynadakı gərginlik və yeni sanksiyaların tətbiqi ehtimalı ilə bağlıdır. Lukoyl, Qazprom və AlfaBank kimi böyük bankların səmdarları səhm ucuzlaşdıqca avtomatik olaraq pul itirir. Belə böhranlı vəziyyətdə səhmdarlar səhmlərini sataraq əmlaklarını daha çox nəğd pul və ya qızılda saxlamağa üstünlük verir. Çünki böhran vəziyyətlərdə həmişə qızıl əsas güvən rolunu oynayır. Qızılın unsiyasının artaraq 1830 dollara çatması həm də bununla bağlıdır”. 
 


Həmsöhbətimizə görə, belə hal Rusiyanın milyarderləri arasında narazılıq yaratsa da, onlar öz qəzəblərini Kremlə qarşı yönəltməyəcək: 

"Rusiyanın spesifik xüsusiyyəti də var. Rusiyadakı milyarderlər adətən Putinə yaxın adamlardır. Orada Putinə yaxın olmadan milyarder olmaq zatən mümkün deyil. Ona görə də onlar xeyli pul itirsələr də, Putinə qarşı qəzəbli olmayacaq və hansısa bir formada hakimiyyətə qarşı çıxmayacaqlar. Bu variant Rusiya üçün keçərli deyil. Qərbdə isə səhv olaraq bunun əksini düşünürlər”. 

Rüfət Sultan

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?