Rus sülhməramlılarla bağlı ayrıca müqavilə imzalanmalıdır - Politoloq

Rus sülhməramlılarla bağlı ayrıca müqavilə imzalanmalıdır - Politoloq

"Bu tənzimləmə Lavrovun dediyi kimi yox, Azərbaycanın suverenliyinə tam uyğun şəkildə olmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Araz Aslanlı Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağdakı sülhməramlıların statusu istiqamətində iş aparılması ilə bağlı fikirini şərh edərkən deyib. Onun fikirincə, sülhməramlılarla bağlı proses çox detallı tənzimləmə tələb edən məsələdir:



"Sülhməramlıların Qarabağa gəlməsi çox dəqiq bir mənzərə fonunda olmadı. Biz dünyanın başqa yerlərinə də sülhməramlıların necə getdiyini bilirik. Eləcə də Qarabağ münaqişəsi başlayandan bölgəyə sülhməramlıların gəlməsi ilə bağlı düşüncələrdən xəbardarıq. Həmişə uzun müzakirələr gedib, detallar dəqiqləşdirilməyə çalışılıb. Sülhməramlılar hansı tərkibdə, hansı səlahiyyətlərə malik olacaq və s. detallar çoxdur. Bizim 10 noyabr bəyanatında isə onların sadəcə sayı və 5 il müddəti göstərilir. Halbuki sülhməramlılarla bağlı proses çox detallı tənzimləmə tələb edən məsələdir. Məhz bu detallandırma olmadağı üçün mübahisəli vəziyyətlər yaranır. Məsələn, Azərbaycan rəhbərliyi sülhməramlıların funksiyası ilə bağlı başqa bir fikir səsləndirir, sülhməramlılar orada başqa bir iş görür, Rusiya rəsmiləri başqa bir fikir deyir, Türkiyə rəsmiləri bir başqa fikir səsləndirir, Ermənistan rəsmiləri isə tam başqa iddiada bulunur. Yəni, onların həm səlahiyyət əraziləri, həm də konkret nələri etməyə borclu olduqları mütləq ayrıca bir sənədlə tənzimlənməlidir. Bu doğrudur". 

Araz Aslanlı qeyd edib ki, əslində Lavrovdan öncə bu fikiri Çavuşoğlu səsləndirib:

"Çavuşoğlu demişdi ki, bunula bağlı Azərbaycanla Rusiya arasında ayrıca müqavilə imzalanmalıdır. Fikirimcə, burada üçtərəfli müqaviləyə ehtiyac da yoxdur. Çünki sülhməramlılar Azərbaycan-Ermənistan sərhədində deyil, Azərbaycanın daxilindədir. Rusiya ilə münaqişənin dayandırılması anında 3 tərəfli sənədə ehtiyac vardı, amma indiki halda Ermənistanla üçtərəfli sənədə ehtiyac yoxdur. Azərbaycan, Türkiyə və Rusiya, yəni, belə üçtərəfli sənədə ehtiyac var, ya da Azərbaycan-Rusiya arasında sənəd imzalanmalıdır. Sənəddə bildirilməlidir ki, sülhməramlılar Azərbaycan ərazisində nə iş görəcək, çoğrafi və səlahiyyət baxımından onların statusu nədir. Bu, mütləq tənzimlənməlidir". 

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR