Ekonomiks 18:56 30.06.2020

Rusiya BTQ vasitəsilə yükdaşımanı artırmaq niyyətindədir

"Əvvəllər bir çoxları Rusiyanın Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yükdaşımada iştirakını mənfi qiymətləndirirdilər. Lakin reallıq başqa cür oldu”.

Bunu "Report”a açıqlamasında rusiyalı ekspert Yevgeniy Mixaylov ölkəsinin BTQ-dən istifadə perspektivlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, rəsmi Moskva BTQ ilə yükdaşımanı artırmaq niyyətindədir və bu məsələdə qarşılıqlı maraqlar var: "İqtisadiyyat tez-tez siyasət və ikili standartları məğlub edir, nəticədə ölkələri bir araya gətirir. Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı yol xəritələri və böyük iqtisadi layihələr imzalanıb. Məhz onlar yükdaşımanı artırmağa imkan verəcək. Yükdaşımanın artımı Rusiya üçün də sərfəlidir. Dünya dəyişir, Azərbaycan, Rusiyanın tərəfdaşı olmaqla yanaşı, bu cür layihələr sayəsində Rusiya ilə Gürcüstan arasında itirilmiş münasibətlərin qurulmasında vasitəçi ola bilər”.

Yevgeniy Mixaylov

Xatırladaq ki,"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nəzdində fəaliyyət göstərən "ADY Express"MMC 2019-cu ilin dekabrından Rusiyanın daha bir nəhəngi sayılan "Evraz Nijnetaqilskiy metallurqiçeskiy kombinat” şirkətinin Türkiyə bazarına çıxartdığı məhsulunu Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımağa başlayıb. İlk daşınan yükün ümumi çəkisi 2 053 tondur. "Evraz Nijnetaqilskiy metallurqiçeskiy kombinat”ı da dünyanın ən iri metallurgiya və dağ-mədən şirkətlərindən biridir. Polad istehsalına görə, dünyada 15-ci yerdədir. BTQ dəmir yolunun yaratdığı imkanlar hesabına gələcəkdə təkcə MMK və Evraz şirkətlərinə məxsus ayda 100 min ton yükün daşınmasını mümkün olduğunu hesab edirik. "ADY Express" BTQ vasitəsi ilə qeyd olunan Rusiya şirkətlərinə məxsus nəql etdiyi metal yükləri 2018-ci ildə toplam 1 324 ton, 20 vaqon, 2019-cu ildə 25 193 ton, 385 vaqon yük nəql edibsə, 2020-ci ilin ilk 4 ayında bu rəqəm artıq 29 673 ton, 537 vaqon təşkil edib.

Qeyd edək ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur.