"Bu dəfə Dumada 4 deyil, 5 siyasi partiya yer alacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Rusiyada keçirilən parlament seçkilərinin bu ölkənin siyasi mənzərəsində hansısa dəyişikliklərə gətirib-gətirməyəcəyi məsələsinə toxunarkən deyib.
Ekspert qeyd edir ki, qərbyönümlü təşkilatlar yenə də Dumadan kənarda qalacaq:
"Rusiyada Dövlət Dumasına keçirilən seçkilərə 14-dən çox siyasi partiya qoşulub. Seçki nəticəsində 5 siyasi partiyanın Dumada yer ala biləcəyi proqnozlaşdırılır. Bunlardan 4-ü uzun müddətdir ki, parlamentdə təmsil olunan ənənəvi - hakim Vahid Rusiya Partiyası, Jirinovskinin rəhbəri olduğu Liberal-demokratlar, Rusiya kommunistləri və "Ədalətli Rusiya” partiyalarıdır. Rusiya Pensionerləri Partiyasının barajı aşaraq Dumada yer alacağını da istisna etmirəm. Vahid Rusiya Partiyası həmişə olduğu kimi, yenə də birinci yeri özünə təmin edəcək. Kommunistlər 20 faizə yaxın səs toplamaqla ikinci yeri tutacaq. Liberal-demokratlarla Ədalətli Rusiya Partiyası isə növbəti yerləri tutacaq. Qərbyönümlü siyasi partiyaların, Navalnıya bağlı təşkilatların isə ciddi uğura imza atacaqlarını düşünmürəm. Qərbyönümlü partiyalar ciddi təzyiqlərə məruz qalıb”.
Politoloq bildirir ki, bu seçkilərdən sonra da Rusiyanın siyasi mənzərəsi dəyişməyəcək:
"Rusiyanın hakim zümrəsi və iqtidar partiyası ilə indiyə kimi əməkdaşlıq edən sistem partiyaları yenə də Dumada təmsil olunacaqlar. Belədə, seçkilərdən sonra da Rusiyanın siyasi mənzərəsində mövcud idarəetmə sistemi qalacaq. Hələlik Rusiyada Putinə alternativ olacaq siyasi xadim yoxdur. Dumada yer alan siyasi partiyalar hakim partiya ilə müəyyən məsələlərdə əməkdaşlıq etməkdə davam edəcək. Seçkilərdən sonra Rusiyanın xarici siyasətində də kordinal dəyişikliklər olmayacaq. Seçkidən sonra Rusiyanı müəyyən etiraz dalğası bürüyəcək. Amma Navalnının həbsindən sonra bu etirazların ciddi effekt verəcəyini də düşünmürəm”.
Rüfət Sultan
Şərhlər