Rusiya iş adamlarının Azərbaycana səfərləri - Nə baş verir? (ŞƏRH)

Rusiya iş adamlarının Azərbaycana səfərləri - Nə baş verir? (ŞƏRH)

"Farmakologiya, tranzit yükdaşımaları və kənd təsərrüfatı avadanlıqlarının istehsalı sahəsində Rusiya ilə birgə müəssisələr yaradıla bilər. Amma strateji sahələrlə bağlı bu baş verməyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli cari ilin sonunadək Rusiyanın biznes dairələrinin bir neçə dəfə Azərbaycana səfər edəcəyilə bağlı bu ölkənin XİN sözçüsü Mariya Zaxarovanın fikirlərinə münasibət bildirərkən deyib.
 
Ekspertin fikrincə, Rusiya iş adamlarının bu səfərləri fonunda Qarabağın bərpası prosesində hansısa formada iştirak imkanları, birgə müəssisələrin yaradılması kimi məsələlərin müzakirəsi gözlənilir:

"Dünyada loqistik böhran yaşanır. Konteynerlər, dəmir yolları, avtomobil yolları ilə yük daşımalarda axsamalar, gecikmələr var. Bu da bir çox ölkələrdə ciddi problemə çevrilib. Azərbaycanın isə loqistik mərkəz olaraq fəaliyyət göstərmək imkanları genişdir. Bu günə qədər "Şərq-Qərb”, "Şimal-Cənub” dəhlizləri çərçivəsində həmin istiqamətdə təmənl çalışmaları olub, indi isə Zəngəzur üzərindən keçəcək dəhliz vasitəsilə Azərbaycanın coğrafi üstünlüklərə görə loqistik mərkəzə çevrilməsi imkanları artıb”. 

Bu isə həmsöhbətimizə görə, Rusiya üçün də maraqlıdır: 

"Çünki loqistik marşrutların çoxşaxəli modelə keçirilməsi, bir və yaxud iki marşrutdan asılı olmayaraq, digər marşrutlar üzrə də mal və xidmət mübadiləsi aparılması imkanları Moskva üçün də cəlbedici görünür. Bu mənada Rusiya şirkətləri ilə Azərbaycan arasında loqistika, işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirak fürsətləri və birgə müəssisələrin yaradılması istiqamətində danışıqlar aparıla bilər”. 

N. Cəfərli Rusiya biznesinin Azərbaycanda əsasən hansı sahələrə maraq göstərdiyini də diqqətə çatdırdı: 

"Farmakologiya sahəsində birgə müəssisələr yaradıla bilər. Habelə tranzit yükdaşımalarla bağlı loqistik şirkətlərin yaradılması məsələsi müzakirə olunur. Eyni zamanda, kənd təsərrüfatı avadanlığının istehsalı sahəsində də Rusiya ilə danışıqlar aparılır. Bu sahələrdə Rusiya biznesilə əlaqələrin inkişafı ehtimalı yüksəkdir”.  

Mövcud situasiyada ekspert düşünür ki, gələn ildən başlayaraq, Rusiya biznesinin Azərbaycanda iştirak payı müəyyən qədər artacaq: 

"Bu günə qədər Rusiya biznesinin ölkəmizdə iştirakının payı az olub. Azərbaycana əsas kapital Qərbdən gəlib. Bu mənada Rusiya biznesilə aparılan danışıqlar fonunda yəqin ki, şimal ölkəsinin iqtisadi dairələrinin Azərbaycanda iştirak payı müəyyən qədər artacaq. Amma strateji sahələrdə Rusiya ilə hansı birgə investisiyanın həyata keçiriləcəyini düşünmürəm. Çünki Bakı strateji sahələrə daha həssas yanaşır”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Rusiyanın biznes nümayəndələri bu ilin sonuna kimi Azərbaycana bir neçə işgüzar səfər planlaşdırıblar. Onun sözlərinə görə, Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır.

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X