Rusiya Lukaşenkonu yola salmağa qərar verib.
Bu, yeni yox, ötən il Belarusda başlayan xalq hərəkatından sonra (hətta istisna deyil ki, daha əvvəl) verilmiş qərardır.
Qərb də bunu bilir və Lukaşenkoya qarşı sanksiya üstünə sanksiya qoyur.
İlk baxışdan anlamağın çətin olduğu paradoksal situasiya yaranıb: Lukaşenko Rusiyanın dərin inteqrasiya (faktiki birləşmə) təklifinə hələ də razılıq vermir, bu gün bu mövqeyini bir daha təkrarlayıb. Eyni zamanda, o anlayır ki, Rusiya dəstəyini çəksə, nəinki hakimiyyətdə qalmaq, hətta özü və ailəsinin təhlükəsizliyini təmin etmək şansı da yoxdur. Bu səbəbdən aqrorəhbər Rusiyanın tələbi ilə onun prezidentlikdən getməsini nəzərdə tutan Konstitusiya dəyişiklikləri həyata keçirməyə razılıq verib.
Hazırlanan (aydındır ki, Moskvanın fəal iştirakı ilə) layihəyə əsasən prezidentin səlahiyyətləri məhdudlaşdırılacaq, parlament və hökumətin səlahiyyətləri genişləndiriləcək, proporsional-majoritar seçki sistemi tətbiq olunacaq, prezidentin 2 dəfədən artıq bu vəzifəyə seçilməsinə qadağa qoyan müddəa geri qaytarılacaq (2004-cü ildə bu müddəa Konstitusiyadan çıxarılıb), Ümumbelarus Xalq Yığıncağı adlı bütün səviyyəli deputatların təmsil olunduğu quruma konstitusion status veriləcək, bu qurum üçdə iki səslə prezidenti vəzifədən uzaqlaşdıra biləcək. Mühacirətdəki müxalifət liderlərinin namizədliyini əngəlləmək məqsədilə yalnız son 20 ildə daimi olaraq Belarusda yaşamış şəxslərin prezidentliyə namizəd ola biləcəyinə dair müddəa da təklif olunur. Yeni siyasi sistemdə siyasi partiyaların rolu artacaq, bu çərçivədə güclü rusiyayönümlü partiyanın yaradılması üçün pərdə arxasında hazırlıqlar bir müddətdir başlayıb. (Layihə hələ ki müzakirə mərhələsindədir.)
Lukaşenko prosesi mümkün qədər gecikdirməyə çalışır. Məsələn, o, Konstitusiya dəyişiklikləri layihəsini yenidən işlənmək üçün geri qaytarıb və referendumun ən tez 2022-ci ilin əvvəllərində keçiriləcəyini deyib. Yeni Konstitusiyanın qüvvəyə minməsindən sonra isə 2 böyük seçki kampaniyası - prezident və parlament seçkiləri keçirilməlidir. Yəni Lukaşenkonun təqviminə əsasən məsələ 2023-cü ilə qədər uzana bilər. Rusiya isə bu prosesi bir az sürətləndirmək istəyir.
Məntiqlə, Qərb Belarusun müstəqilliyinin, suverenliyinin qorunub saxlanılmasında və onun Rusiyanın təsir sferasından çıxarılmasında maraqlı olmalıdır. Lukaşenko indiyədək müxtəlif manevrlərlə ölkəsinin suverenliyini qorumağa nail olub və Belarusu Rusiyaya birləşdirməyib. Amma Qərbin getdikcə sanksiyaları sərtləşdirməsi Minskdəki rejimin dözüm limitini azaldır və onun daha tez çöküşünə zəmin hazırlayır. Yəni paradoks bundadır ki, faktiki, Qərb bu məsələdə Rusiya ilə paralel hərəkət edir, bir növ onun planlarına xidmət etmiş olur. Bunun düşünülmüş şəkildə edilib-edilmədiyini, hansısa gizli alverin (Rusiya-Qərb) tərkib hissəsi olub-olmadığını deyə bilmərəm.
Moskvanın planı təxminən belədir ki, Lukaşenko prezident vəzifəsindən gedir, Belarusda Rusiyaya yaxın, daha proqnozlaşdırıla bilən, müxalifləri öldürməyən və işgəncə verməyən, insan sifətli yumşaq avtoritarizm bərqərar olur. Beləliklə, qərblilərin təbirincə, "Avropadakı sonuncu diktatura” sökülmüş olur. (Lukaşenkonun yeni konfiqurasiyada qeyri-icraçı pozisiyada yer almasını - məsələn, Ümumbelarus Xalq Yığıncağının sədri vəzifəsini tutmasını da istisna etmək olmaz.)
Belə bir fonda Azərbaycanda Konstitusiya referendumu və yeni parlament seçkiləri barədə söz-söhbətin yayılması da maraqlıdır. İlham Əliyevi bir çox məsələdə tənqid etmək olar, amma bir məqam şübhəsizdir ki, Rusiyanı və dünyanı çox yaxşı tanıyır və dəyişməyə başlayan konyuktura uyğun qabaqlayıcı addımlar ata, sürpriz qərarlar verə bilir. (2016-cı ildən üzü bəri baş verənləri xatırlayın.)
Şahin Cəfərli
Şərhlər