2024-cü ilin sonuna Rusiya iqtisadiyyatı ixrac gəlirlərində kəskin azalma ilə üzləşib. Rusiya Mərkəzi Bankının statistik məlumatlarına əsasən, dekabr ayında ixracçılar 31,3 milyard dollar dəyərində mal ixrac etsələr də, gəlirləri illik ifadədə 19% azalıb. Bu vəsaitin 25,7 milyard dolları idxal ödənişlərinə sərf edilib. Bunun nəticəsində xarici ticarət balansının müsbət saldosu cəmi 5,6 milyard dollara enərək 2020-ci ildən bəri ən aşağı səviyyəyə çatıb.
Qaynarinfo bu barədə Moscowtimes.ru-ya istinadla xəbər
verir.
Xidmətlərin ixrac və idxalını da nəzərə alsaq, dekabr ayında ticarət balansının profisiti cəmi 2 milyard dollar təşkil edib ki, bu da pandemiya dövründən bəri ən aşağı göstəricidir. Raiffeisenbank analitiklərinin fikrincə, ilin sonunda xarici ticarətin zəifləməsinə, ehtimal ki, noyabrda tətbiq edilən sanksiyalar səbəb olub. Bu tədbirlər nəticəsində ödəniş sistemlərinə zərbə vurulub və ixrac axınları əngəllənib.
ABŞ-ın sanksiyalar siyahısına Rusiya qaz ixracını dəstəkləyən ən son böyük banklardan biri olan Qazprombank da daxil edilib. Onunla yanaşı daha 50 kredit təşkilatı sanksiyalara məruz qalıb ki, bu da Rusiya bank sisteminin 95%-ni əhatə edib. Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanın qeyd etdiyi kimi, bu, ixrac üzrə ödənişlərə ciddi maneə yaradıb.
Rusiya iqtisadiyyatı real valyutadan daha az istifadə edə bilib. Dekabr ayında, Mərkəzi Bankın məlumatına əsasən, Rusiya şirkətlərinin xarici aktivləri 4,9 milyard dollar artıb. Bu o deməkdir ki, valyuta gəlirlərinin bir hissəsi xaricdəki hesablarda qalır və daxili bazara daxil olmur. BCS analitiki İlya Fyodorovun fikrincə, belə "dondurulmuş" gəlirlərin həcmi il ərzində 20 milyard dollara çatıb.
Yeni sanksiyalar paketi çərçivəsində, xüsusən Rusiya neft sektoruna vurulan zərbə nəticəsində, ixrac gəlirləri yaxın müddətdə aşağı səviyyədə qalacaq. Alfa Bankın baş iqtisadçısı Nataliya Orlova bildirib ki, ABŞ prezidenti Co Bayden səlahiyyət müddətinin sonunda "Qazprom Neft", "Surqutneftqaz" və 183 rus tankerini sanksiya siyahısına daxil edib. Hindistana yönəlmiş neft tədarükünə də ciddi təsir göstərəcək bu addım, təxminən 30 milyard dollar həcmində valyuta gəlirinin itirilməsinə gətirib çıxaracaq.
RaiFfeisenbank-a görə, 2025-ci ildə ixracın 10% azalması proqnozlaşdırılır ki, bu da 40 milyard dollar dəyərində azalma deməkdir. Dekabr ayında ənənəvi olaraq ixrac gəlirləri artsa da, bu il bu baş verməyib. Noyabr ayı ilə müqayisədə ixrac 10% azalıb, üçüncü rübün aylıq orta göstəricisi ilə müqayisədə isə azalma 17% təşkil edib.
5-6 milyard dollarlıq aylıq ticarət profisiti, xarici borcun ödənilməsi, turizm və vəsaitlərin xaricə çıxarılması tələblərini qarşılamaq üçün kifayət deyil. MMI analitiklərinin fikrincə, valyuta çatışmazlığı ilin sonunda rublun dəyərdən düşməsinə səbəb olub və bu təzyiq yaxın gələcəkdə də davam edəcək. "Sanksiyalar Rusiya xammalının ixracı ilə bağlı vəziyyəti daha da çətinləşdirə bilər", - deyə analitiklər əlavə edib.
Alpər
Şərhlər