"Asiya Avropa təhlükəsindən qorunmaq istəyirsə, belə bir addım atılmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sağ əli olan Binəli Yıldırımın Türk Dövlətləri Təşkilatından danışarkən, Rusiya və Çinin də quruma üzv olması vacibliyini qeyd etməsinə münasibət bildirərkən deyib:
"Əslində bu, ağıllı təklifdir. Müasir dövrdə, yeni dünya düzənində beynəlxalq təşkilatların adətən rolu böyük olur. Türkdilli Dövlətlər Təşkilatı (TDT) da belə bir təşkilata çevrilməlidir. Hazırda bu təşkilata üzv dövlətlərdə 300 milyon insan yaşayır. Təşkilata tək Rusiya və Çin deyil, başqaları da üzv ola bilər. Rusiya əhalisinin 40 faizi rus kökənlidir. Pakistanda, İran, İraq və Əfqanıstanda da çoxsaylı türklər yaşayır. Çin quruma üzv olmaqla "bir kəmər, bir yol” layihəsini daha rahat şəkildə reallaşdıra bilər. Çünki kəmərin keçəcəyi ərazidə yaşayanlar əsasən türklərdir. Bu ölkədə də hardasa 200 milyona yaxın türk yaşayır”.
Həmsöhbətimizin fikrincə, Moskva və Pekin ABŞ-ın təzyiqlərinə əsaslı müqavimət göstərmək istəyirsə, TDT-də yer almalıdır:
"Son zamanlar Rusiya və Çin Qərb və ABŞ tərəfindən ciddi təzyiqlərlə üzləşirlər. Bu mənada onların vəziyyəti elə də yaxşı deyil. Amma TDT-yə qoşulmaqla öz mövqelərini gücləndirə bilərlər. Lerqumun "Dualizm” nəzəriyyəsində Slavyan-İslam birliyi nəzərdə tutulub. Ona görə slavyanlarla müsəlmanlar bir yerdə olanda daha güclü olurlar.
Rusiya və Çin hələlik qurumda məşvərətçi səslə iştirak edə bilər. Ona görə də Binəli Yıldırımın təklifi fikrimcə, ağıllı təklifdir".
Qeyd edək ki, Türkiyənin hakim AKP partiyasında ikinci şəxs olan Binəli Yıldırım bu günlərdə açıqlama verərək, Rusiya və Çinin də Türk Dövlətləri Təşkilatına üzv ola biləcəyini bildirib.
Rüfət Sultan
Şərhlər