Rusiyalı ekspert Ermənistanın Rusiyanı Azərbaycanla münaqişəyə cəlb etmək cəhdləri barədə danışdı

Rusiyalı ekspert Ermənistanın Rusiyanı Azərbaycanla münaqişəyə cəlb etmək cəhdləri barədə danışdı

Ermənistan sərhədlərin demarkasiyası prosesini gecikdirməyə çalışır. Belə ki, bu məsələnin həlli ölkə rəhbərliyində təmsil olunan revanşistlərin bütün ümidlərini puç edir və onları bu yaxınlaradək işğal altınada saxladıqları əraziləri özlərinə qaytarmaq xülyalarından birdəfəlik əl çəkməyə məcbur edir.

Bunu NEWS.ru -ya verdiyi müsahibəsində hərbi politoloq, Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, "Rusiya Zabitləri” ekspertlər şurasının üzvü Aleksandr Perenciyev deyib.

Ekspertin sözlərinə görə, bölgədə iqtisadi inkişafın başlanmasını təmin etmək üçün regional kommunikasiyaların bərpa edilməsinin üçtərəfli sazişdə öz əksini tapmasına baxmayaraq, Ermənistan atəşkəsi pozmaqla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasının qarşısını alır. Beləliklə, Perendciyevin fikrincə, erməni tərəfi özü üçün də risklər yaradır.

Ekspertin sözlərinə görə, sərhədlərin dəqiq olmadığı bölgədə Azərbaycan və Türkiyə ilə münaqişəyə girməmək şərtilə Rusiya sülhməramlılarının harada dayanması lazım olduğu bəlli deyil.

"Sərhədlərin müəyyən edilməməsi Rusiyanın Türkiyə və Azərbaycanla normal qarşılıqlı fəaliyyətinə də maneə törədir. Paşinyan, faktiki olaraq Rusiyanı Azərbaycanla münaqişəyə cəlb etmək istəyir. Bu, bizə lazım deyil. Belə ki, həm Azərbaycan, həm də Türkiyə bizim strateji tərəfdaşlarımızdır. Hər şeydən əlavə, biz Azərbaycanla MDB çərçivəsində də əməkdaşlıq edirik”, - deyə Perenciyev bildirib.

O, qeyd edib ki, Türkiyə və Azərbaycanla yaxşı münasibətlərin saxlanılması Əfqanıstanda sabitliyin qorunması baxımından da faydalıdır. Belə ki, ABŞ qoşunlarının geri çəkilməsi ilə əlaqədar, indi burada yalnız Türkiyə və Azərbaycan Rusiyanın yanında qalır.

Perenciyevə görə, Ermənistanın siyasi oyunları və səhvləri, ölkə üçün çoxlu mənfi nəticələrə gətirib çıxardı. İndiki şəraitdə eskalasiyanın qarşısını almaq üçün tərəflər beynəlxalq səviyyədə tanınmış sərhədlərin demarkasiyası ilə bağlı müqavilə imzalamalı və Qarabağda dinc həyatın qurulmasına doğru irəliləməlidirlər.

Xatırladaq ki, bir qədər əvvəl Paşinyan hökumətin iclasında Azərbaycanla sərhəd boyu Rusiya sərhədçiləri tərəfindən dayaq nöqtələrinin yaradılmasının zəruriliyini bildirmiş, sərhəddə KTMT monitorinq missiyasını yerləşdirməyi təklif etmişdi.(oxu.az)
XƏBƏRLƏR
BLOGLAR
X