Xəbər lenti

Rusiyaya görə Türkiyəyə sanksiya tətbiq oluna bilər - Ankara-Moskva yaxınlaşması Avropanı qorxudur
Dünya 14:12 08.08.2022

Rusiyaya görə Türkiyəyə sanksiya tətbiq oluna bilər - Ankara-Moskva yaxınlaşması Avropanı qorxudur

Avropa rəsmiləri Rusiya ilə Türkiyənin yaxınlaşmasından hədsiz dərəcədə çaşqın qalıblar və əgər rəsmi Türkiyə Moskvaya Qərb sanksiyalarından yan keçməyə kömək edərsə, Ankaraya qarşı sanksiyalar tətbiq etməyi ciddi şəkildə düşünür. 

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times” qəzeti Avropa İttifaqı daxilində qeyri-rəsmi müzakirələrdən xəbərdar olan altı avropalı rəsmiyə istinadən yazıb.

Aİ iki ölkə liderlərinin enerji, maliyyə və ticarət sahələrində ticarətin və əməkdaşlığın artırılması ilə bağlı bəyanatlarından narahatdır. Nəşrin mənbələrindən biri etiraf edib ki, Aİ ölkələri arasında hələlik rəsmi danışıqlar aparılmayıb, lakin blok "Türkiyə-Rusiya münasibətlərini daha yaxından izləyir”. 

Nəşrin digər mənbəsi etiraf edib ki, Aİ Moskvaya sanksiyalardan yan keçməyə kömək edəcəyi təqdirdə Qərb şirkətləri və banklarına ya bazarı tərk etmələri, ya da Türkiyədəki iştiraklarını azaltmaları üçün təzyiq etməyi düşünür.

Bu cür məhdudiyyətlər onsuz da rekord inflyasiyadan əziyyət çəkən Türkiyə iqtisadiyyatını sarsıda bilər. Bununla belə, Aİ-də bu kimi addımlarla bağlı konsensus yoxdur, üstəlik, bir çox ölkələrin şirkətləri üçün sərfəli olan Türkiyə bazarını itirmək istəməməsi və bu cür təşəbbüslərə qarşı çıxması riski yüksəkdir. 

"Bununla belə, Aİ-nin ayrı-ayrı dövlətləri hələ də Türkiyəyə təzyiq göstərə bilər", deyə mənbələr bildirir.

"Məsələn, onlar ticarətin maliyyələşdirilməsinə məhdudiyyətlər qoyulmasını və ya böyük maliyyə şirkətlərindən türk şirkətləri üçün maliyyənin kəsilməsini xahiş edə bilərlər. Türkiyə Rusiya ilə çox yaxınlaşarsa, hər hansı mənfi hərəkəti istisna etməzdim”, deyə avropalı diplomatlardan biri nəşrə bildirib.

FT həmçinin xatırladır ki, Türkiyə təmsilçiləri mümkün riskləri yaxşı bilirlər, çünki iyun ayında ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo türk biznes və banklarının nümayəndələri ilə işgüzar görüş keçirib və onlara Vaşinqtonun Rusiya ilə əməkdaşlığa görə ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazır olduğu barədə xəbərdarlıq edib. Buna baxmayaraq, Rusiya və Türkiyə prezidentləri arasında danışıqlardan sonra bank sektorunda əməkdaşlıqda ən azı bir artım baş verəcək. Artıq Rəcəb Tayyib Ərdoğan Rusiyanın "Mir” ödəniş sisteminin respublikada sürətləndirilmiş inteqrasiyası və inkişafını elan edib.

Bu elan xüsusilə Avropa rəsmilərini təşvişə salıb və onlar bunu maliyyə sanksiyalarından yan keçmək üçün bir fürsət hesab ediblər. Türkiyə və Rusiya tərəfləri bunun yerli xidmətlərin haqqını ödəyə biləcək rusiyalı turistlərin həyatını xeyli asanlaşdıracağını bildiriblər. Həmçinin Rusiya və Türkiyə milli valyutalarda hesablaşmalara keçmək barədə razılığa gəliblər ki, bu da Türkiyəyə valyuta ehtiyatlarını saxlamağa və lirəni gücləndirməyə kömək etməlidir. Sazişlərin ayrıca bir məqamı Rusiya qazına görə ödənişin rublla köçürülməsidir.

Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri Türkiyə hakimiyyəti "balanslaşdırılmış neytrallıq” prinsipinə sadiq qalıb. Türkiyə hakimiyyəti münaqişədə vasitəçi kimi fəal iştirak edir, Ərdoğan İstanbulu hərbi danışıqlar üçün danışıqlar platforması kimi təmin edib, Türkiyə də Ukraynadan dünya bazarlarına taxıl tədarükünün bərpasına kömək edib. Bununla belə, Qərb dövlətləri qorxur ki, "balanslaşdırılmış neytrallıq” Rusiyanı sanksiyalardan yan keçmək üçün "imkanlar pəncərəsi”nə çevirə bilər.

Eyni zamanda, Türkiyə indiyədək Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edib, "Baykar Makina” Vladimir Putinin Rusiyada "Bayraktar” tipli pilotsuz uçuş aparatlarının istehsalı üçün zavod tikmək təklifini rədd edib. Şirkətin direktoru və ortaq sahibi, Türkiyə prezidentinin kürəkəni Selçuk Bayraktardır. Şirkət Ukraynanı fəal şəkildə dəstəkləyir və onu Ukrayna Silahlı Qüvvələrinin cəbhədə istifadə etdiyi məhsulları ilə təmin edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->