Cəmi bir il əvvəl heç kimin tanımadığı yerli bir məclis üzvü idi, bu gün isə Nyu-Yorkun ilk müsəlman meri kimi tarixə düşməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, 34 yaşlı, özünü "demokratik sosialist" kimi təqdim edən Zohran Mamdaninin yüksəlişi, təkcə Nyu-Yorkda deyil, bütün ABŞ və hətta dünyada da siyasi dalğalanmalara səbəb olub.
Başlanğıcda ən yaxın siyasi müttəfiqləri belə onun qalib gələcəyinə inanmırdı. Amma Mamdani sosial mediadan ağıllı istifadəsi, səmimi davranışları və sosial ədalət yönümlü kampaniyası ilə yüz minlərlə gənci və rəngli seçicini səfərbər etməyi bacarıb.
Sosial mediada ulduz kimi parladı
"Instagram"da təxminən 5 milyon, "TikTok"da isə 1,6 milyon izləyicisi olan Mamdani, paylaşımlarında Nyu-Yorkdakı həyatın bu qədər çətin olmamalı olduğu fikrini ön plana çıxarır. Ən məşhur videolarından birində küçə satıcısından aldığı toyuqlu plovu yeyərkən "helalflasiya” (halal məhsulların qiymətlərinin digərlərindən daha sürətli artması) terminini ortaya atmışdı.
Başqa bir videoda isə qışın soyuğunda "Coney Island" sahilindəki buzlu sulara tullanmazdan əvvəl kirayə evlərdə yaşayanlar üçün "kirayəni dondurmaq” vədi vermişdi.
Eyni zamanda həyat yoldaşı ilə metroya minib sadə bir bələdiyyə nikahına getdiyi anlar da sosial mediada viral olmuşdu.
Kuomo ilə rəqabət və siyasi dönüş nöqtəsi
Mamdani, Demokratlar Partiyasının təcrübəli siyasətçisi Endryu Kuomoya qarşı mübarizədə fərqli bir mövqedən çıxış edib. Kuomo iş dünyasının və zəngin sponsorların dəstəyini alsa da, Mamdani küçələrə çıxıb insanlarla birbaşa ünsiyyət quraraq xalqa yaxın obrazı ilə fərqlənib.
Donald Trampın yenidən ABŞ prezidenti seçildiyi günlərdə küçələrdə insanlardan niyə səs vermədiklərini və ya niyə Trampı dəstəklədiklərini soruşduğu video, Mamdaninin tanınmasında dönüş nöqtəsi olub.
İntellektual ailədən gəlir
Zohran Kvame Mamdani 18 oktyabr 1991-ci ildə Uqandanın Kampala şəhərində anadan olub. 7 yaşında ailəsi ilə birlikdə Nyu-Yorka köçüb. Atası Mahmud Mamdani - Hind əsilli Uqandalı alim, Kolumbiya Universitetində antropologiya və Afrika tədqiqatları üzrə professor, eyni zamanda Kampala Beynəlxalq Universitetinin rektorudur.
Anası isə "Mississippi Masala” və "Monsoon Wedding” filmləri ilə tanınan məşhur rejissor Mira Nairdir.
Mira Nair (sağdan ikinci) və Mamdani (ən sağda) "Katwe Kraliçası" filminin tədbirində
Zohran Mamdani Bruks Elm Elm Liseyində təhsil alıb, burada məktəbin ilk kriket komandasını yaradıb. 2014-cü ildə Bovdoin Kollecini bitirib və orada "Fələstin üçün Ədalət Tələbə Təşkilatı”nın yerli bölməsini qurub.
Sadə nikah və keçmiş rep karyerası
2018-ci ildə ABŞ vətəndaşlığına keçən Mamdani, siyasətə girməzdən əvvəl icma təşkilatçısı və ipoteka borclarının ləğvində məsləhətçi kimi çalışıb. 2020-ci ildə Nyu-York ştat parlamentinə seçilərək bu orqanda xidmət edən ilk cənubi asiyalı, ilk uqandalı və üçüncü müsəlman nümayəndə olub.
O, hazırkı həyat yoldaşı Rəma Duvaci ilə 2021-ci ildə "Hinge" adlı tanışlıq tətbiqində tanış olub. Duvaci suriyalı-amerikalı rəssam və keramika ustasıdır.
Atası, həyat yoldaşı, Zöhran Mamdani və anası
Mamdani bir vaxtlar "Young Cardamom" və daha sonra "Mr. Cardamom" səhnə adları ilə rep musiqisi ifa edib. Bu keçmişinə görə tənqid olunsa da, o, buna zarafatla "B kateqoriyalı repçiyəm” deyə cavab verib.
Partiyanı da inandırdı
24 iyun 2025-ci ildə Demokratlar Partiyasının ilkin seçkilərində qələbə qazanaraq partiya daxilindəki skeptikləri də arxasınca aparmağı bacarıb. ABŞ vitse-prezidenti Kamala Harris, Nyu-York qubernatoru Keti Hoçul və Konqres üzvü Hakim Ceffris kimi tanınmış adların dəstəyini qazanıb.
Onun əsas vədlərinə ucuz uşaq baxımı, kirayələrin sabitləşdirilməsi, pulsuz avtobus reysləri, şəhər bazarlarının açılması və minimum əmək haqqının 30 dollara qaldırılması daxildir.
İslamofobiyaya qarşı dirəniş
Mamdaniyə qarşı aparılan kampaniyalarda İslamofobiya və irqçilik açıq şəkildə hiss olundu. Buna baxmayaraq, o, gecələr məscidlərə və fabriklərə gedərək insanlarla urdu, hindi və ispan dillərində danışmaqla seçicilərin etimadını qazanıb.
Fələstin və Qəzza məsələsində açıq şəkildə mövqe sərgiləməsi, müsəlman dünyasında ona böyük rəğbət qazandırıb.
Gənclərin dəstəyi və gələcəyin sualları
Gənclərin və dəyişiklik arzulayan seçicilərin dəstəyi ilə Mamdani seçkilərdə səslərin yarıdan çoxunu qazanıb. Onun iqtisadi bərabərlik və sosial ədalət yönümlü siyasətləri Nyu-York üçün yeni bir səhifə açır.
Lakin Donald Trampın federal fondların kəsiləcəyi və milli qvardiyanın şəhərə göndəriləcəyi barədə təhdidləri göstərir ki, Mamdani üçün qarşıdakı dövr asan olmayacaq.
Yeni merin vədlərini reallığa çevirməsi təkcə Nyu-Yorkun deyil, bütövlükdə ABŞ siyasətinin gələcəyini də formalaşdıra bilər.
Aydın
Şərhlər