Rahid Ulusel
Bu gün diplomatları Qərb dünyasından qovulan Rusiyaya və onun Avropa ilə münasibətlərinə, bu nəhəng dövlətin ümumdünya taleyinə klassik fransız maarifçisi Jan Jak Russo 250 il, XX əsrin ən böyük dövlət xadimlərindən biri, ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt 80 il öncə görün necə baxıb.
Jan Jak Russonun (1712-1778) Pyotrdansonrakı-inqilabaqədərki Rusiyaya digər fransız mütəfəkkirlərindən daha güclü və xüsusi təsirinin kökündə – onun rus cəmiyyətini köhnə-yırtıq qınından çıxarmağa çalışan intellektualların – Radişşev, Karamzin, Puşkin, Gertsen, Dostoyevski və başqalarının düşüncəsində fırtına yaratması dayanır. Fransız filosofunu "ilahiləşdirənlərin” içərisində Lev Tolstoy da vardı ki, onun miniatür portreti olan medalyonu on beş yaşından sinəsində gəzdirməyi, iyirmi cildliyini birər-birər oxumağı ilə fəxr edirdi. Çünki Böyük Fransa İnqilabının müjdəçisi Russo "Avropanın nüsxəsi” olmağa can atan Rusiyanın cəhdlərindəki metamorfozanın əbəsliyini onlardan öncə sezmiş, kilidlənmiş Rusiyanın tənqidinə çöldən açar salmışdı.
Rusiya imperiyasının qurucusu Birinci Pyotru ideallaşdıran Volterdən (1694-1778) fərqli olaraq, Russo hələ XVIII yüzilliyin ortalarında həm də Volterlə şəxsi ədavəti (dolayı tənqidinə görə Volterin Cenevrədən qovdurduğu, onun yaxınlığındakı Motye kəndində də daşlatdığı Russo İngiltərəyə qaçıb böyük şotland filosof-empiriki Devid Yuma sığınır) və konseptual fikir ayrılığı məcrasında Pyotrtəməlli Rusiyanın təkamülündəki qeyri-təbiilik və ziddiyyətliliyə kəskincə və uzaqgörənliklə münasibətini bildirmişdi: "Ruslar heç zaman gerçəkdən sivilizasiyalı xalq olmayacaqlar, çünki sivilizasiyanın təsirinə olduqca erkən məruz qalmışlar. Pyotr təqlidçilik istedadına malik idi, ancaq onda əsl dahilik yox idi ki, hər şeyi heç nədən qurub-yaratsın. Onun etdiklərindən nələrsə yaxşı idi, əksəriyyəti isə yerində deyildi. O başa düşürdü ki, xalqı – vəhşidir, amma qətiyyən anlamırdı ki, bu xalq vətəndaş cəmiyyəti qaydaları üçün hələ yetişməyib. O istəyirdi ki, öz xalqını dərhal maarifləndirsin və firavanlaşdırsın, halbuki onu bu çətinliklərə alışdırmaq gərəkdi. O istəyirdi ki, əvvəlcə xalqından alman, ingilis yetişdirsin, halbuki onları elə rus yaratmaqdan başlamaq lazım idi. O öz təbəələrini olmadıqları kimi olmağın zəruriliyinə inandıraraq, onları olduğu kimi qalmağa qoymadı. Tərbiyəçi-fransızın etdiyi tək: öz şagirdlərini elə tərbiyələndirirsən ki, uşaqlığında işıq saçır, sonra isə birdəfəlik puç olub gedirlər. Rusiya imperiyası Avropanı fəth etmək istəyir, – ancaq özü fəth olunacaq. Tatarlar (türklər – R.U.), onun təbəələri, ya da qonşuları Rusiyanın fatehi, elə bizim də fatehimiz olacaqlar. Belə bir dönüş mənə labüd görünür. Avropanın bütün kralları onun yaxınlaşmasına birgə kömək edirlər” (Руссо Ж.Ж. Трактаты. М.: Наука, 1969, с.183). Ruslardan da sərt fransızların, bütün Avropanın çatışmazlıqlarını qamçılayan, "İctimai Müqavilə haqqında, yaxud Siyasi Hüququn Prinsipləri” (1762) traktat-layihəsi ilə siyasi fəlsəfə tarixində ilk dəfə sosial bərabərsizliyin səbəblərini və formalarını açan Jan Jak Russonun Avrasiya kontinuumu perspektivinə baxışları həm də ona görə dəyərlidir ki, burada kal sivilizasiyaların həmişə təsadüflərin qurbanı olması gerçəyinə varılır. Hər bir sivilizasiya öz dərin kökləri üzərində bitməli, gövdələnməli, budaqlanmalıdır ki, tarixin tufanları onu aşırmasın.
ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt (1882-1945) XX əsrin ortalarına yaxın Rusiyaya yüksək etimadla ümid bəsləyirdi: "Mən Rusiyanın böyük gələcəyini görürəm. Əlbəttə, bunun üçün ona zəruri silkələnmələrdən, bəlkə də ağır sarsıntılardan keçmək lazım gələcək, ancaq o hər cür çətinlikləri dəf edəcək və yalnız bundan sonra Rusiya, olsun ki, dünyanın ən qüdrətli dövləti kimi, bütün Avropanın dayağı olacaq və belə bir statusda qəbul ediləcək.” Fəqət bu baş vermədi. Çünki Ruzveltin üstüörtülü şəkildə eyham vurduğu kimi, Rusiya öz inkişafının demokratiya fazasına adlamadı, yeni dünyada da köhnə inad və iddialarla Pyotr və Bolşevik ənənələrini davam etdirdi. Bu səbəbdən də görkəmli fransız tarixçisi, dünya sistemi nəzəriyyəsinin yaradıcılarından biri Fernan Brodelin ifadəsincə, – "bütün Rusiya tarixi öz alovunda yanmışdır.” Bu gün isə Rusiya daha amansız şəkildə müasir tarixinin əsas dilemması qarşısındadır: Ya İmperiya, ya Demokratiya. Birincini seçsə, o yenə yanacaq. İkincini seçsə, nəinki Ruzveltin, bütün mütərəqqi bəşəriyyətin ona bəslədiyi ümidi doğruldacaq: gerçəkdən dünyanın qüdrətli və aparıcı dövləti olacaq. Rusiyanın ətrafındakı peyk-dövlətlərin eyni siyasi dalğada avtokratiyadan qurtuluşu da bu gözlənilən pozitiv prosesdən bilavasitə asılıdır.
Şərhlər