Siyasət 16:00 11.06.2013

“Rüstəm İbrahimbəyov ölkəyə dönməyə məhkumdur”

Zəfər Quliyev: “Rüstəm bəyin vahid namizəd olma ehtimalı hakimiyyəti də düşündürməlidir”

“Hazırda ona qarşı cinayət işi açılmayıb. Vergilərdən yayınmaqla bağlı Kinematoqrafçılar İttifaqına cinayət işi açılıb, yoxlamalar gedir. Lakin şəxsən Rüstəm İbrahimbəyovun özü ilə bağlı heç bir cinayət işi yoxdur”.

Bunu Qaynar.info-ya açıqlamasında Milli Şuranın üzvü Zəfər Quliyev deyib. Onun sözlərinə görə, cinayət işi onun ölkəyə gəlişini əngəlləyə bilməz: “Düzdür, Azərbaycan reallığı elədir ki, hər an hər bir insana qarşı hansısa saxta motivlərlə  cinayət işi qaldırıla bilər. Biz bunu son illər dəfələrlə görürük. Ölkədəki həbslər heç nə ilə ciddi şəkildə əsaslandırılmır. Bu baxımdan təhlükələri tam istisna etmək olmaz. Deyək ki, Rüstəm İbrahimbəyovun qayıdışı təxribatlarla, təhlükələrlə uzlaşa bilər. Hesab edirəm ki, ona cinayət işi açılacaq səbəb yoxdur. Ona görə də onun ayın sonları ölkəyə qayıtmaqla bağlı planları qüvvədədir”.

Z.Quliyev Rüstəm İbrahimbəyovun bir müddət əvvəl verdiyi müsahibəsində onun ölkəyə dönəcəyi təqdirdə həbs olunma təhlükəsinin olmasını deməsinə də münasibət bildirib: “O, müsahibəsində Azərbaycan reallığını nəzərdə tutub. Yəni hansısa təxribata sala bilərlər, ya da ki heç bir əsası olmadan saxlayıb sonradan ona qarşı cinayət aça bilərlər. Çox vaxt bizdə insanı saxlayıb sonra ona cinayət işi qaldırılır və konkret faktlar axtarılır. Yəni hər şey tərsinə olur. Ona görə də Rüstəm bəy də belə təhlükələri nəzərə alaraq həmin yazıda belə bir fikir söyləmişdi ki, ölkəyə qayıtsa, hətta onu həbs edə bilərlər.  Həmin vaxt Rüstəm bəyin ölkəyə qayıdışı öz arzusu idisə, indi bu, dəyişib. O, Milli Şuranın sədridir. Böyük ehtimalla o, demokratik qüvvələrin vahid namizədi də seçilə bilər. Bu missiya onun üzərinə çox böyük bir məsuliyyət qoyur. Buna görə də o, ölkəyə dönməyə məhkumdur, borcludur. Rüstəm bəyin vahid namizəd olma ehtimalı hakimiyyəti də düşündürməlidir. Çünki Rüstəm bəy dünyada bir kinematoqraf kimi tanınmaqdan əlavə prezidentliyə namizədliyi verilən bir şəxsdir. Onu əsas olmadan həbs etmək ciddi qalmaqala səbəb ola bilər. Hesab edirəm ki, Rüstəm bəy özü də bu məsələləri ölçüb-biçəcək və bu ayın sonu ölkəyə dönəcək”.

Z.Quliyev Rüstəm İbrahimbəyovun ölkəyə qayıtması ilə bağlı qəti qərarının olduğunu bildirib: “Rüstəm müəllim Milli Şuraya ünvanladığı məktubda və telefon danışıqlarında bildirib ki, xarici səfərləri bitirdikdən sonra ölkəyə dönəcək. Onun bu səfərləri təkcə yaradıcılıqla bağlı deyil, həm də Azərbaycandakı seçkilərlə bağlı, Milli Şura ilə bağlıdır”.

İlkin
Qaynar.info