CEMAL SÜREYYA
ŞƏRAB
Saat on ikidən sonra
Bütün içkilər
Şərabdır.
PARK
Elə sevdim ki, səni
Sən eləsən ki!
Quşlar kimi civildər
Daddırdığın acılar.
QALIĞI QALSIN
Ölürəm tanrım,
Bu da belə oldu.
Hər ölüm vaxtsızdır
Bilirəm, tanrım.
Amma ayrıca aldığın bu həyat
Pis deyildi
Qalığı qalsın, qaytarma...
EDİP CANSEVƏR
Yaşıl ipək köynəyinin yaxalığı
Əski zamanlara çəkər.
Hər şeyin artığı zərərlidir axı
Şeriyyətin artığından öldü Edip Cansevər.
TƏK YASAQ
Azadlığın gəldiyi gün
O gün ölmək yasaq!
ÖLÜM
Birdən ölüm gəlir ağlıma ölüm
Və bir ağacın gövdəsinə sarılıram.
YAXIN
Gözəlsən sevgilim
Amma çox yaxından!
DUEL
Bil ki hər dueldə
Acı həyat var
Ölüm qorxusundan betər.
Dünən güvəndiyin adam
Qarşı tərəfdədir
Və daha çox yandırır bu
ölümdən də,
qorxusundan da...
BU BİZİMKİ
Yıxıcı bir eşqdir bu
İzdihamın içinə tökür
Sevgi yükünü.
Bölücü bir eşqdir bu
Çörəyi suyu bölür
Gündə üç öynə.
Xain bir eşqdir bu
Sizin evə oğru girər
Onunkinə polis.
Qanunsuz eşqdir bu
Evlənmək
Ağlının ucundan da keçməz.
Soyğunçu eşqdir bu
Ən adi melodiyadan
Sevinclər bəxş edər.
Kökü çöldə bir eşq
Dante ilə Beatriçanınkinə
Çox yansıyar.
İşğalçı bir eşqdir bu
Samanlıq sevişənindir deyir
Başqa şey demir...
SAY
Ay işığında oturanda
Biləyindən öpdüm sənin
Sonra ayaq üstə öpdüm
Dodağından öpdüm sənin
Qapı arasında öpdüm
Nəfəsindən öpdüm sənin
Bağçada körpələr vardı
Körpəliyindən öpdüm sənin
Evimdə yatağıma aldım səni
Qasığından öpdüm sənin
Başqa evlərdə qarşılaşdıq
İliyindən öpdüm sənin
Ən sonda küçələrdə
Qaynağından öpdüm sənin.
Çevirdi:
Azad Qaradərəli
Şərhlər