Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.
Qaynarinfo xəbər verir ki, turun son oyununda "Sabah" klubu "Səbail"i 2:1 hesabı ilə məğlub edib.
"Bank Respublika Arena"dakı matçda komandalar meydana xüsusi pankartla çıxıblar. Pankartın üzərində Ordumuzun İkinci Qarabağ müharibəsindəki qələbəsini əks etdirən "Biz qayıtdıq, Qarabağ" şüarı yer alıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Oyunda ilk qol 11-ci dəqiqədə vurulub. "Sabah"ın kapitanı Ruslan Abışovun ötürməsindən sonra rəqib qapıçı Nikolas Hagenlə üzbəüz çıxan Amadu Diallo çətinliklə də olsa topu tora göndərib. 33-cü dəqiqədə Amin Seydiyev mükəmməl zərbə ilə komandasının üstünlüyünü 2 topa çatdırıb. Matçın əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Rauf Əliyev penaltidən fərqlənməklə fərqi azaldıb.
Bununla da sonuncu dəfə III turda "Zirə"yə qalib gələn və sonrakı 6 matçda məğlub olan "Sabah"ın uğursuz seriyası başa çatıb. Bu nəticədən sonra xallarını 9-a çatdıran "Sabah" "Səbail"i qabaqlayaraq, 6-cı pilləyə yüksəlib. Eyni xala malik "dənizçilər" isə 7-ci sıraya geriləyib.
Komandalar ölkə çempionatında 9-cu dəfə üz-üzə gəlib. Bu oyunlarda "Sabah" 4, "Səbail" 3 qələbə qazanıb. 2 görüş isə heç-heçə başa çatıb. Topların sayında meydan sahiblərinin üstünlüyü var - 12:9. "Sabah" son 6 matçdan yalnız birində qol vura bilməyib. "Səbail" son 4 səfər oyununda qalib gəlməyib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Sumqayıt"ı 3:1, "Neftçi" səfərdə "Qəbələ"ni 4:1, "Zirə" isə doğma meydanda "Keşlə"ni 3:1 hesabı ilə məğlub edib.
Şərhlər