Sabah saat 10:00-dan etibarən təmir işləri başa çatanadək "Sulutəpə”, "Alatava”, "Səbail”, "Lökbatan”, "Xocasən” Qaz Paylayıcı Stansiyalarından, "Laçın qaçqınları” və "Elit Yatırım” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
"Azəriqaz” İstehsalat Birliyindən Qaynarinfo-ya verilən məlumata görə, qaz təchizatının dayandırılması "Qaz İxrac” İdarəsinin balansında olan diametri 720 mm-lik "Qaradağ-Digah” magistral qaz kəmərinin 19-cu km-də quraşdırılmış və yararsız vəziyyətə düşmüş sipərin dəyişdirilməsi, 25-27-ci km-lər arası dayaqlardan düşmüş hissəsinin qaldırılması və bir ədəd xamutun ləğv edilməsi ilə bağlıdır.
Zəruri təmir işləri ilə əlaqədar, Səbail rayonu Bayıl, Badamdar qəsəbələrinin, 20-ci sahə yaşayış massivinin, Zərifə Əliyeva, İstiqlaliyyət, R.Rza, Neftçilər prospektində, Yasamal rayonu Ə.Quliyev küçəsinin,Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami,H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin, Matadrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən təmir işlərinin Yeni yasamal yaşayış massivi Şərifzadə,Vasif Əliyev və Xıdır Musdafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.
"Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Şərhlər