Ölkə 19:00 17.05.2021

Sabah Müşfiq Abbasova hökm oxunacaq: Sabiq müstəntiqi kim müdafiə edir?

Bu gün dələduzluqda ittiham olunan Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasovla bağlı məhkəmə iclası keçirilib.

Bu barədə Qaynarinfo-ya açıqlamasında zərərçəkən Vüqar Əsədov məlumat verib. O bildirib ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə məhkəmə prosesində prokuror Müşfiq Abbasova 7 il iş istəyib:

"Vəkilləri isə Müşfiq Abbasovun bəraətini istədilər. Sabaha məhkəmə iclası təyin edilib və Müşfiq Abbasova hökm oxunacaq. Mən bu qərarla razı deyiləm. Onun mənə vurduğu 57 min manat ziyan sübuta yetirilib. Prokurorluq orqanları ilə məhkəmə Müşfiq Abbasovu müdafiə edir".    

Vüqar Əsədov bundan başqa, Müşfiq Abbasovun daha bir cinayət işinin də olduğunu xatırladıb. 

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.3, 32.4 və 312.2 ci maddələri ilə ittiham olunur. M. Abbasov öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik edib.

Bahar Rüstəmli