Şagirdlərin elektron yerdəyişməsi hansı şəkildə aparılır?

Şagirdlərin elektron yerdəyişməsi hansı şəkildə aparılır?

Təhsil Nazirliyi şagirdlərin elektron yerdəyişməsi prosesi ilə bağlı suallara aydınlıq gətirib.

Belə ki, övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə), ilk növbədə, elektron sistemdə şəxsi kabinet yaradaraq övladını qeydiyyatdan keçirir. Valideyn (digər qanuni nümayəndə) övladını dəyişmək istədiyi məktəbdə tədris dili, xarici dil, təmayül istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir. Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi barədə əvvəl oxuduğu məktəbə avtomatik bildiriş göndərilir. Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir.

Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, məcburi köçkün məktəblərinə şagirdlərin elektron yerdəyişməsi prosesi avqustun 26-dan etibarən mümkün olacaq.

Məlumatda göstərilib ki, valideyn (digər qanuni nümayəndə) övladının işğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəbə (bundan sonra – məcburi köçkün məktəbi) yerdəyişməsi üçün sorğu yerləşdirərkən elektron sistem vasitəsilə onun məcburi köçkün olması yoxlanılır.

Valideynin məcburi köçkün olmasını təsdiq edən sənəd elektron sistemdə müəyyən edilməzsə, bu barədə müvafiq sənəd skan olunmuş şəkildə sistemə yerləşdirilir. Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilmir. Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün ailəsindən olmayan şagirdlər bu və ya digər səbəblərdən məktəbi dəyişmək istədikdə onlar təhsillərini yalnız yerli məktəbdə davam etdirə bilərlər.

Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yalnız həmin köçkün məktəbindən ən azı 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir.

Təhsil Nazirliyi eyni zamanda X-XI sinif şagirdlərinin yerdəyişməsi məsələsinə də aydınlıq gətirib. Nazirliyin məlumatında bildirilir ki, X-XI sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsinə I-IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi zamanı olan prosedur əsasında ailəsi ilə birlikdə yaşayış yerini (rayonu, şəhəri) dəyişdiyi halda (yerdəyişmənin məqsədəuyğunluğu müvafiq sənədlər əsasında elektron sistemdə və ya R(Ş)TŞ(İ) tərəfindən təsdiq edildikdə) yol verilir.

Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan məktəblərinə yerdəyişməsi isə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin qeydiyyatı aparılmaqla sistem vasitəsilə həyata keçirilir. Valideyn əvvəl yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşaraq övladının "Ümumi təhsil informasiya” alt sisteminə daxil edilməsi üçün müraciət etməlidir. Məktəb həmin uşağı bazaya daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir. Xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin (digər qanuni nümayəndənin) sistemdən çap olunmuş ərizəsi əsasında verilir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR