Ekonomiks 21.01.2022

Sahibkarlıq fəaliyyəti yoxlanılmalıdır? – Ekspertdən dəyərləndirmə və təkliflər

"Əslində sahibkarlıq fəaliyyətinin yoxlanılması xeyli müddətdir dayandırılıb və bu, Azərbaycan iqtisadiyyatında problem yaratmırsa, daha yaxşı olar ki, yoxlamaların ümumi fəlsəfəsi dəyişdirilsin”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”qanuna dəyişiklik edilməsilə bağlı layihədə sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2023-cü ilin yanvarın 1-nə qədər uzadılmasının nəzərdə tutulmasına münasibət bildirərkən deyib:

"Kütləvi şəkildə yoxlamalara ehtiyac qalmır. Çünki getdikcə elektronlaşma həyata keçirilirsə, iş adamları ağ mühasibatlıqdan istifadə edirsə, deməli, yoxlamalarla bağlı yanaşmada da dəyişikliyə ehtiyac var. Yoxlamaların dayandırılması ciddi fəsad törətmirsə, deməli, onsuz da biznesi idarə etmək mümkündür. Yalnız hansısa müəssisə ilə bağlı şübhə yaranarsa, bu halda yoxlamalara getmək olar. Ona görə də Nazirlər Kabineti yoxlamalara münasibətin dəyişdirilməsilə bağlı Milli Məclis qarşısında məsələ qaldırmalıdır”.

Həmsöhbətimiz düşünür ki, yoxlama funksiyası olan dövlət orqanlarının sayı da azaldılmalıdır:

"Biznesə kömək üçün addımlar atılmalıdır. Ona görə vaxtın uzadılması yaxşıdır. Bu müddətdə isə yoxlamalarla bağlı əsasnamə və qanunvericilik aktlarına da bəzi dəyişikliklər edilməlidir ki, bu, birdəfəlik qalıcı hala gəlsin. Yoxlamalar yalnız ən son, şübhə doğuracaq hallarda həyata keçirilməlidir”.  

Rüfət Sultan