Hüseynbala Səlimov
Siyasət 10:43 08.04.2019

Sanki Paşinyan bizi sözümüzdən tutub...

Hüseynbala Səlimov

Düşünmək olar ki, daha nə demək olar? Bəli, burada toxunmaq istədiyimiz Vyana görüşü haqda artıq hər şey deilib və yazılıbdır. 

Həqiqətən maraq böyük idi, özü də təkcə Azərbaycanda yox. Hamı bilmək istəyirdi ki, Ermənistanın "yeni siyasət adamları” Qarabağ diplomatik teatrında özlərini necə təqdim edəcəklər,- hərçənd, Paşinyan həzrətlərinin bu ana qədərki bəyanatları artıq onun Dağlıq Qarabağla bağlı təsəvvürlərinin güzgüsü ola bilərdi...           

Odur, təsadüfi deyil ki, Avstriyanın siyasi, Dünyanın isə musiqi paytaxtlarının birində baş tutan birinci Dağlıq Qarabağ danışıqlarının böyük hissəsini Ermənistanın baş naziri N.Paşinyan həzrətləri danışıqların formatının dəyişdirilməsi kimi cəfəng xülyaya həsr elədi. 

Baxmayaraq ki, bu adam söhbətin guya "danışıqların formatının dəyişdirilməsindən yox, genişləndirilməsindən” getdiyini iddia edir. 

Özü də çox qəribə "məntiq”i var. Paşinyan iddia edir ki, onun siyasi sələfləri – R.Koçaryan və S.Sarqsyan "Dağlıq Qarabağ hərəkatı”nın liderləri olduqlarından Dağlıq Qarabağ ermənilərinin adından danışa bilərdilər. Amma o, özü  Qarabağ ermənilərinin lideri olmadığından bu missiyanı üzərinə götürə bilməz.

Həqiqətən də çox maraqlı və maraqlı olduqca da həyasız bir "məntiqdir”. Belə çıxır ki, Ermənistanda hər dəfə hakimiyyət dəyişəndə Dağlıq Qarabağ danışıqlarının da formatı dəyişməlidir; ölkədə qarabağlı erməni hakimiyyətə gələndə danışıqlar Bakı ilə İrəvan, Ermənistan ermənisi gələndə isə artıq Bakı ilə qondarma "DQR” arasında getməlidi!

Bu məsələdə Azərbaycanın mövqeyi yetərincə bəllidi. İllərdir, danışıqlar Bakı ilə İrəvan arasında gedir və belə vəziyyət həm də Bakının münaqişəyə baxışını əks etdirir. 

Belə ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıdır, müharibə Ermənistan tərəfindən aparılır, burada iştirak edən hərbiçilər və hərbi silah- sursat da tamamilə ona aiddir (hazırda hətta N.Paşinyanın öz oğulu da Dağlıq Qarabağda hərbi xidmət keçir). 

Ermənistan parlamentinin Dağlıq Qarabağla bağlı məlum qərarları var və nəhayət, Dağlıq Qarabağdakı qondarma rejimə rəhbərlik etmiş R.Koçaryan və S.Sarqsyan həm də Ermənistanın prezidentləri olublar. Bu isə o deməkdir ki, İrəvan Dağlıq Qarabağı çoxdan ilhaq edib və onu faktiki olaraq ərazisinin bir hissəsinə çeviribdir.

Məsələ digər ölkələr tərəfindən də məhz bu cür qəbul olunur, onlar de-yure və de-fakto olaraq Ermənsitanı təcavüzkar dövlət kimi tanımasalar da indiyədək mövcud danışıqlar formatına hər hansı irad bildirməyiblər.   

Elə indi də Paşinyanın israrlı sərsəmləmələrindən cana yığılan həmsədrlər "format hər iki tərəfin razılığı ilə dəyişə bilər” demək məcburiyyətidə qalsalar da hiss olunur ki, heç kim bunun marağında deyil, çünki belə hal damışıqları elə bir dalana dirəyərdi ki, buradan illərlə çıxmaq olmazdı və həmsədrlər də hesabatlarında yazmağa bir şey tapmazdılar.  

Amma biz də gərək bəyanatlarımıza diqqət edək. Azərbaycanda münaqişə "Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi” kimi adlandırılanda bir neçə dəfə yazdıq ki, belə formul yanlış şəkildə yozula bilər, necə ki, indi Paşinyan buna cəhd edir,- daha bir tərəf kimi də DQR adlı qondarma qurumu təzədən prosesə qoşmaq etmək istəyir. 

Əlbəttə, rəsmi Bakı "Azərbaycan -Ermənistan –Dağlıq Qarabağ” münaqişəsi deyəndə problemin Azərbaycanla Ermənistan arasında məhz Dağlıq Qarabağa görə yarandığını diqqətə çatdırmağa çalışır. Bu, belədir və bununla bağlı irad yoxdur. Hərçənd ki, Ermənistanın işğalçılıq siyasəti bizim daha böyük coğrafiyamızı əhatə edir. 

Amma burada başqa məqam var. Bir vaxt bizim siyasətçilər və diplomatlar fərqinə varmadan hər yerdə "Laçın humanitar dəhlizi” yazır və deyirdilər. Vaxt keçdi, elə belə də qəbul olundu; indi hamı Laçına elə bu prizmadan – "humanitar dəhliz” kimi yanaşır. 

Odur, gəlin çıxışlarımızda Dağlıq Qarabağı xüsusi vahid kimi qabartmayaq və diqqəti daim ona yönəldək ki, münaqişə birmənalı şəkildə Ermənistanın Azərbaycana qarşı təcavüzüdür, yoxsa formatın dəyişdirilməsilə bağlı erməni sayıqlamaları belə təsəvvür yaradır ki, sanki N.Paşinyan bizi öz sözümüzdən tutubdur... 

O ki qaldı bilavasitə bizim Vyana görüşündən sonrakı qayğılarımıza, əlbəttə ki, hələ son nöqtə qoyulmayıbdır – nə Azərbaycan prezidenti, nə də Ermənistanın baş naziri danışıqlar prosesinin üstündən xətt çəkməyə tələsmirlər. Demək, hələ ümid yeri var.
 
Bütövlükdə götürdükdəsə, gəlin "Paşinyan nəyi bacarar, nəyi bacarmaz?” sualı ilə özümüzü yormayaq, qəbul edək ki, təcavüzkarı sülhə məcbur etmək lazımdır. Düşünürük ki, görüşdən azacıq sonra Azərbayncan prezidentinin "Müharibə hələ bitməyibdir” bəyanatı ilə çıxış etməsi də bir daha göstərir ki, rəsmi Bakı da bunun fərqindədir. 

Əlbəttə, münaqişənin nizamlanmasının hərbi müstəviyə keçməsi, ümumiyyətlə, Ermənistana qarşı hərbi təzyiq məsələsi "Rusiya amilinə” dirənir– bunu hamımız bilirik. Amma belə bir məsəl də var ki, prinsipcə, hər şeyə örkən bulmaq mümkündür, hətta Kremlin özünə də; əsas odur ki, bunu məqsəd kimi qarşına qoyasan və yollarını aramağa başlayasan...

Hərbi ritorika da siyasətdə effektiv üsullardan biridir. Bundan adətən diplomatik görüşlərə təsir etmək, düşməni yaxşı-yaxşı düşünməyə vadar etmək üçün istifadə edirlər. 

Amma bizim xoşumuza daha çox mərhum prezident Heydər Əliyevin bir cümləsi gəlir: "Siyasətçi etdiyini demir, dediyini etmir”...

Bu baxımdan hərbi ritorikdan konkret hərbi addımlara keçidin yollarını aramağa keçmək lazımdır. 

Bir daha deyirik ki, bəli, Kremlin ən azı neytrallığını təmin etmədən buna nail olmaq və Dağlıq Qarabağda geniş miqyaslı hərbi əməliyyatlar aparmaq çətin məsələdir. Bunu biz də etiraf edirik. 

Bəs onda nə etməli? Məsəl var, deyirlər ki, pazı paz çıxarar. Kreml Azərbaycanın siyasi –hərbi seçimini hələ yetərincə dəyərləndirməyib – biz neytral siyasət yürüdür, Gürcüstandan fərqli olaraq NATO-ya can atmırıq, Moskvanın bölgədəki geosiyasi maraqlarını nəzərə alırıq və bu səbəbdən də Rusiya bunu qiymətləndirməyi bacarmalıdır. Əks təqdirdə biz də başqa istiqamətə üz tuta bilərik – bunun üçün qətiyyətimiz də var, zəruri resurslarımız da...