Xəbər lenti

Şanxay Bəyannaməsinə Qarabağa aid maddə salındı
Siyasət 18:30 21.05.2014

Şanxay Bəyannaməsinə Qarabağa aid maddə salındı

Mayın 21-i Çinin Şanxay şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı yekun bəyannamənin qəbulu ilə başa çatıb.

 Azərbaycan da daxil olmaqla 24 ölkənin qəbul etdiyi bəyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi maddə əks olunub.

Bəyannamədə deyilir: “Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi bizi narahat edir. Biz bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Bu məqsədlə biz ATƏT-in Minsk qrupunu münaqişənin həll olunması istiqamətində öz səylərini daha da artırmağa çağırırıq”.

Üzv ölkələr razılığa gəliblər ki, heç bir dövlət digər dövlətlərin təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcək. İştirakçı ölkələr BMT nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanaraq bir-birilərinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipini qoruduqları, o cümlədən istənilən dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı təhdid, yaxud güc tətbiq etməyəcəkləri barədə öhdəlik götürüblər.

Bəyannamədə o da qeyd olunur ki, üzv ölkələr münaqişələri sülh yolu ilə həll etmək, dövlətlərin daxili işlərinə qarışmamaq, legitim hökumətlərin devrilməsini hədəf alan hərəkətləri dəstəkləməmək, eləcə də insan hüquqlarının qorunması, iqtisadi, sosial, mədəni və humanitar xarakter daşıyan beynəlxalq problemlərin həllində birgə əməkdaşlıq barədə qərarı dəstəkləyiblər. “Biz beynəlxalq münasibətlərdə ikitərəfli standartların tətbiqindən imtina edirik” deyilən bəyannamədə separatizm və zorakı ekstremizmin dövlətin suverenliyinə, birliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyi və sabitliyinə təhlükə olduğu vurğulanıb.

 Bundan əlavə, digər üzv dövlətin ərazisində istənilən separatçı hərəkətlərin və təşkilatların dəstəkləməyəcəyi, ərazilərin hər hansı separatçı hərəkatlar və təşkilatlar tərəfindən istifadə olunmayacağı, separatçılarla istənilən növ münasibətin və ünsiyyətin yaradılmayacağı qətiyyətlə bəyan edilib /Mediaforum.az/.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->