Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Movses Akopyan xarici işlər naziri Edvard Nalbandyanın işğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına etiraz edib.
“Rusarminfo.ru”nun verdiyi məlumata görə, M. Akopyan bildirib ki, işğal olunmuş ərazilərin heç bir hissəsi Azərbaycana qaytarıla bilməz. Erməni hərbçinin sözlərinə görə, təhlükəsizliyin təmin olunması üçün işğal edilmiş bütün rayonların əldə saxlanması vacibdir:
“Dağlıq Qarabağ boyunca təhlükəsizlik sistemi yaradılıb. Bu sistemin pozulması acınacaqlı nəticələrə gətirib çıxara bilər”.
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan sentyabrın 19-da bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılması məsələsi müzakirə olunur. O əlavə edib ki, söhbət həmin ərazilərdən gedir ki, onların qaytarılması Dağlıq Qarabağa təhlükə törətməyəcək.
İrəvanda Qarabağ qarşıdurması?
Nalbandyanın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən əvvəl verdiyi bu açıqlama danışıqların növbəti mərhələsində Ermənistanın kompromisə gələcəyinə ümid yaratmışdı.Hətta həm Azərbaycan, həm də Ermənistanın müəyyən diplomatik səviyyələrində münaqişə ilə bağlı tərəflər arasında razılaşdırılmış yeni həll planından danışılırdı.Erməni KİV-lərində də bu barədə məsələlər siyasət adamları və ekspertlərin müzakirəsinə çıxarılmışdı.Lakin Ermənistanın hərbi dairələrində hökumətə edilən etirazlar prosesləri yenidən öz məcrasına qaytardı.
Ekspertlər hesab edirlər ki, son zamanlarda ətraf rayonların qaytarılması ilə bağlı Rusiyadan Ermənistana təzyiqlər artıb.Bir neçə gün əvvəl Moskvada Azərbaycan - Rusiya münasibətlərinə dair keçirilmiş konfransda və bundan sonra nüfuzlu Rusiya KİV-ləri və siyasət adamlarının ətraf rayonların Azərbaycana qaytarılması ilə bağlı İrəvana edilən çağırışlar da təsadüfi deyildi. Nalbandyanın sonuncu açıqlamasının mövzusunun da Moskvada hazırlandığına inananların sayı da az deyil. Lakin burada əsas məsələ Ermənistanın hərbi dairələrinin Sarkisyan hökumətini əraziləri Azərbaycana qaytarmaq məsələsinə loyal yanaşdığına görə “xəyanətkar” adlandırması yox, hökumətin özünün də qurduğu ikibaşlı oyun da ola bilər. Ekspertlərə görə, Sarkisyan həm Nalbandyanın dili ilə Rusiyanın ağırlaşan təzyiqlərinə adekvat cavab verdi. Prezident həm də bunun cəmiyyət və hərbi dairələrdə narazılıq yaradacağını əvvəldən bildiyindən Moskvaya göstərmək istəyirdi ki, cəmiyyət indiki məqamda hələ hazır deyil.Dolayı yolla da hərbi dairələr vasitəsilə Moskvaya o mesajı vermək istəyir ki, ilk növbədə cəmiyyəti buna hazırlaşdırmaq lazımdır və bu da müəyyən zaman tələb edir.Hesab etmək olar ki, Sarkisyan daxildə narazılığı artırmaqla Rusiyanı həll planından daşındırmaq istəyir.
Moskvadan Sarkisyana təzyiq
Rusiyanın da burada öz məqsədləri ola bilər. Məlumdur ki, Serj Sarkisyan qarşıdan gələn parlament seçkilərində parlamentli respublikanın baş naziri olmağa hazırlaşır.İndiki situasiyada isə Rusiyanın namizədi Sarkisyan yox, hazırkı baş nazir Karen Karapetyandır.Serj Sarkisyan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə onunla dil tapmağa çalışsa da görüşdən sonra İrəvanda baş verənlər sövdələşmənin baş tutmadığını göstərirdi.Sarkisyan İrəvana qayıdandan bir neçə gün sonra Ermənistanın Avrasiya İttifaqından çıxmaq məsələsi gündəmə gəldi.Düzdür, bu tələblə parlamentdəki müxalif “Yelk” fraksiyası çıxış etmişdi, amma bu layihənin müəllifinin baş nazir olmaq istəyən Sarkisyan olduğuna da şübhə yox idi.Çünki onun özü, yaxud komandasındakı ən yaxın adamlarından biri bunu açıq formada dilə gətirə bilməzdi.Lakin bunu müxalif fraksiya vasitəsilə gündəmə gətirsə, Rusiyada şübhə oyatmayacağını düşünə bilərdi.Məsələnin indi də hökumət dairələrində geniş müzakirə olması göstərir ki, bu, Sarkisyanın baş nazir postu üçün Moskvadan razılıq almaq üçün etdiyi manevrlərdir.Nə qədər qeyri-ciddi görünsə də Moskvaya edilən təzyiqdir.
Rusiyadan Sarkisyanın bu “təzyiqlərinə” cavab daha sərt oldu.Məsələ İrəvanda gündəmə gələn kimi Kreml özünün ən nüfuzlu politoloqlarını fəallaşdırdı.Rusiylı politoloqlar da Ermənistanın Avrasiya İttifaqından çıxacağı halda Azərbaycanla müharibədə Rusiyanın dəstəyindən məhrum olacağını dedilər.
Bundan sonra Rusiyada ekspertlər səviyyəsində ətraf rayonların Azərbaycana qaytarılması məsələsindən danışılmağa başlanıldı.Nəticədə Nalbandyan da belə bir açıqlama verməyə məcbur edildi.Bu nöqtədə ehtimallar başqa istiqamətə yönəlir.Rusiya da bunun Ermənistanın hərbi dairələrində Sarkisyana qarşı olan narazılığı artıracağını bilirdi.Buna görə də Nalbandyan vasitəsilə ətraf rayonların qaytarılması məsələsi gündəmə gətirildi.Rusiyanın Ermənistanın hərbi dairələrində yaratdığı narazılıq da məhz Sarkisyana edilən təzyiqlərə xidmət edirdi.Kreml bununla göstərə bilərdi ki, əgər hansısa tələblərin qarşısında mərkəzdən qaçmağa meyilli olsa, həm hərbi dairələrin, həm də Rusiyanın dəstəyindən məhrum olacaq.
Qaynarinfo.Az
Mənbə: cebhe.info
Şərhlər