Savaş zamanı ermənilərin dinc əhalini vurmaqda 3 məqsədi vardı... - Deputat

Savaş zamanı ermənilərin dinc əhalini vurmaqda 3 məqsədi vardı... - Deputat

"Bir il əvvəl tariximizə Zəfər Savaşı kimi daxil olan haqq davasında xain düşmən qədim Bərdə şəhərinə zərbə vurmaqla məğlubiyyətdən xilas olmaq üçün Azərbaycan ordusu ilə deyil, silahsız xalqı ilə vuruşmaq yolunu tutdu”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc deyib. Deputat 44 günlük müharibənin 32-ci günündə belə qəddar cinayət əməlinin ən azı üç səbəbi olduğunu vurğulayıb:

1. Ermənistan Gəncə, Bərdə və Tərtər şəhərlərinə raket hücumu ilə müharibənin coğrafiyasını genişləndirərək onu ölkəmizin içərilərinə qədər yayacağını düşünürdü. Lakin dövlətimizin və ordumuzun qətiyyəti müharibəni Qarabağ və onun ətraf ərazilərdən kənara çıxmağa qoymadı.

2. İrəvanda düşünürdülər ki, azərbaycanlıları çoxsaylı qətl etmək yolu ilə xalqı dövlətin və Ordunun üzərinə qaldıraraq müharibəni dayandırmaq üçün bu yolla millətdə parçalanma yaradacaqlar. Lakin əksinə, hər belə zərbədən sonra qan və itkilər içərisində əyilməyən Azərbaycan xalqı düşmənə nifrətini artıraraq "yalnız İrəli-yalnız Qələbə” deyərək ermənilərin planlarını alt-üst etdi.

3. Düşmənin 3-cü məqsədi belə zərbələrdən sonra Azərbaycan ordusunun güclü silahlarla cavab tədbirləri görüb Ermənistana, onun sərhədlərindən içərilərə doğru eyni atəşi açmağa təhrik edirdi. Bu müharibəyə başqa dövlətləri cəlb etmək planı idi. Lakin Ali Baş Komandan və şanlı Ordumuz Bərdəyə vurulan xain zərbələrin qisasını üstündən bir gün keçməmiş döyüş meydanlarında qəhrəmanlıqla və artıqlaması ilə aldı”.
 
 

Deputat bildirib ki, 28 oktyabrda müqəddəs Şuşaya Zəfər yolunda olan ordumuzu belə atəşlər dayandırmadı:

"Qədim və qürurlu Bərdə, onun əzəmətli əhalisi o zərbələrdən mətinliklə, qəhrəmanlıqla çıxdı. Ona görə də müqəddəs şəhidlərimizin xatirəsi qarşısında bütün xalqımız kimi bərdəlilər də düşmən üzərində qələbəyə verdikləri misilsiz töhfə ilə qürur duyurlar. Çünki özünün min illər keçmişində Bərdə qalası belə hücumları və yaraları öz dəyanəti,yenilməzliyi ilə dəf edib. İndi Bərdə azad Ağdama və tarixi şəhərimiz olan Xankəndiyə gedən yolların, Böyük qayıdışın əsas ünvanıdır. 100 mindən artıq köçkünlə 30 il ərzində isti ocaqlarını, halal süfrələrini bölüşən Bərdə camaatı ən yüksək ada - qəhrəman şəhər, qəhrəman əhali adına layiqdir. 26 oktyabr 2021-ci il tarixində azad Zəngilan torpağında iki qalib lider - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın tarixi qərarları Böyük Zəfər Bayramımız qarşısında bütün xalqımıza və bərdəlilərə dərin bir inamı aşılayır - Zəngəzura açılacaq yol, Şuşaya aparan Zəfər yolunun davamıdır. Biz Xankəndidən İrəvana və oradan Naxçıvana, daha sonra İstanbula gedən böyük Qələbə yolunun təməlləri iki liderin, iki dövlətin iradəsi ilə gerçək olacaqdır. Bir daha 44 günlük müqəddəs savaşda, qürurlu tariximizdə və milli yaddaşlarda qalacaq bu gün həyatını Şərəf və Ləyaqət savaşı üçün qurban verən hər kəsi ehtiramla anır, Qələbəmizi əbədi və dönməz edən millətimizə, onun bir parçası olan bərdəlilərə sonsuz ehtiramımızı ifadə edirik”.

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X