Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə..." (VİDEO)
Sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.
Sentyabrın 19-da "Humanitar məsələlər və öhdəliklər: insan alverinə qarşı mübarizə, qaçqın və məcburi köçkünlər” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov çıxış edərək Ermənistanın Azərbaycana qarşı əsassız iddialarına görə yüzlərlə insanın həlak olduğunu, onlarla kənd, şəhər və qəsəbələrin viran qaldığını dedi: "Artıq 30 ilə yaxındır ki, Azərbaycanda minlərlə insan vətən həsrəti ilə yaşayır. Qaçqın ailələrində doğulan uşaqların isə bu gün 25-30 yaşı var. Onlar bu gün öz vətənlərini ancaq internet üzərindən görə bilirlər. Bu onlar üçün ən böyük psixoloji zərbədir. Məsələnin digər tərəfi isə iqtisadi amillərlə bağlıdır. Bugün Azərbaycan höküməti hər il milyonlarla vəsait ayıraraq qaçqın və məcburi köçkünlərin sosial şəraitlərinin yaxşılaşdırılmasına sərf edir. Digər bir məqam isə onların doğma torpaqlarında olan mülklərinin darmadağın edilməsidir. Bugün BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, işğalı pisləyib və müvafiq qətnamələr, müxtəlif sənədlər qəbul ediblər. Təəssüf ki, bu gün bunların heç biri Ermənistan tərəfindən icra edilmir. Sonda bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. Mən 1988-ci ildə tarixi Azərbaycanın bölgələrdindən biri olan Göyçə mahalı, Basarkeçər rayonundan məcburi şəkildə ailəmlə birlikdə köçürülmüşəm. Bu dəhşətli prosesdə mən öz qohumlarımı, yaxınlarımı itirdim. Evimiz, mülklərimiz, yaxınlarımızın məzarları, tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən darmadağın edilib. Amma bugün biz yenə də bütün hisslərimizi cilovlayaraq sülhün bərqərar olmasını istəyirik. Ümumiyyətlə dünyada yeganə xilas yolu sülhdür. Sülhdən başqa digər bütün metodlar münaqişədə insan itkisi ilə nəticələnir. Mənim kimi yüzlərlə azərbaycanlı gənci sadəcə doğma evinə qayıtmağı arzulayırlar.
Məlumat üçün qeyd edək ki, ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər