Xəbər lenti

«Seçkilərdəki pozuntular bəlkə də bizim xeyrimizədir» (MÜSAHİBƏ)
Sənət 16:49 06.10.2017

«Seçkilərdəki pozuntular bəlkə də bizim xeyrimizədir» (MÜSAHİBƏ)

Sabir Yusifoğlunun oğlu olsa da, onu atasına görə yox, Emin Piri olduğuna görə tanımışıq. Bu günlərdə söhbət etdiyimiz məqamda "Hardasan, gəlim səndən müsahibə alım" dedim, o da yerini dedi. Və beləcə bu söhbətin əsası qoyuldu.

"Qaynarinfo" gənc şair Emin Piri ilə müsahibəni təqdim edir:

- Emin Pirini şair kimi hamı tanıyır. Özünü bizə tarix müəllimi kimi təqdim edə bilərsənmi?

- Artıq iki ildir ki, müəllimlik edirəm. Düzünü desəm, müəllim peşəsini heç sevmirdim. Ağlıma gəlməzdi ki, bir gün bu peşəylə məşğul olaram. Hətta kimsə mənə "müəllim" deyə müraciət edəndə, acığıma gəlirdi ki, müəllimlik hara, mən hara? Mediada çalışırdım. Birdən ağlıma gəldi ki, imtahan verim. Həm də özümü yoxlamaq istədim. 1 ay evdən çölə çıxmadım. Gecə-gündüz oxuyub, hazırlaşdım. Yüksək bal topladım və Siyəzəndə dağ ətəyi kəndlərdən birinə düşüdüm. Deyə bilərlər ki, niyə yüksək balla yaşadığın yerə yox, Siyəzənə düşmüsən? Çünki tarix fənninə vakansiya demək olar ki, yox səviyyəsindədir. Sumqayıtda yaşayıram və qəbul olduğum il heç orda bir dənə də olsun vakansiya yox idi. 1 il Siyəzəndə yaşadım. Bu il yenə imtahan verdim və Xızıya düşdüm. İlk ili dağ ətəyi kənddə, indi isə dənizin kənarındayam. Ümumiyyətlə kənd və şəhər uşaqları arasında fərq var. Kənd uşaqları çox saf olur. İndi başa düşürəm ki, kənddə qaldığım müddətdə yaradıclığımla daha yaxşı məşğul ola bilirəm. 

- Evdə rahat yerində oturub, "mən kənddə yaşamaq istəyirəm demək çox asandır". Bu bəzilərimizin xəyalı olsa da, gerçəkləşdirmirik. Sənə necə, şəhər həyatına öyrəşib birdən kəndə getmək necə təsir etdi, uyğunlaşa bildinmi?

- Şəhərdə yağış yağanda Hacıbala Abutalıbov haqqında demədiyimiz söz qalmır. Amma orda elə olur ki, buranın yağışlı gölməçələrinə şükr edirsən. Amma çox məmnun idim. Həm də gördüyüm işdən həzz alıram. Mən adaptasiya olmağı çox yaxşı bacarıram. Deməzdim ki, saxtakarlıq edirəm. Sadəcə olaraq, çox yaxşı obraza girirəm. Mən yalnız şeirlərimdə özüm ola bilirəm. İşıq yox idi, qaz gəlmirdi, bunlar çətinlik yaradırdı. Odun peçindən istifadə edirdik. Həm də adam uzaq düşəndə, çox darıxır. Bəzən xanımlar bu həyat tərzinə çox nostalji baxırdılar. Hətta bəziləri deyirdi ki, biz də gedib qalmaq istəyirik. Reallıq isə budur ki, bəzi xanımlar o şəraitdə iki aydan artıq qala bilmir. Kənardan göründüyü kimi rahat deyil. İşləməyə qərar verirsənsə, kəndin bütün əziyyətlərinə qatlaşmağı gözə almaq lazımdır. 

- Bir müddət öncə sosial şəbəkədə varlı xanımların gənc şairlərə sponsorluq etməsindən yazmışdın. Təsadüfən, bu statusda sətraltı mesaj yoxdur?

- Qeyd etdiyim kimi, mən çox yaxşı obraza girə bilirəm. Həm də cəmiyyətdə aktuallıq qazanmaq istədim. Əgər bizdə xanımlar mənşəyi bəlli olmayan birinə pula görə ərə gedirsə, onların uşaqları da elə o təfəkkürdə olacaq. Gələcək də o da saxlanılmaq istəyəcək. Bu çox təhlükəli haldır. Bunun sayəsində cəmiyyətin saflığı itir. Başqa vaxt sevgidən danışırıq. Qınayanların çox elə o niyyətdə olan insanlar idi. Bu statusla bir növ onların sirrini açmış oldum. 

- Hazırda "Xalq şairi" müsabiqəsi gedir. Orda bəzi tanınmış şairlərimiz də iştirak edir. Bir qrup insan tərəfindən bu xoş qarşılansa da, tənqid edənlər də az olmadı. Bu barədə sənin fikrin nədir?

- Mənə də təklif gəlmişdi. Bu layihənin yaxşı tərəfləri çoxdur. İstedadlı şairlər üzə çıxacaq. Özümə gəlincə, heç vaxt kütlə şairi olmaq istəməmişəm. Məni 99 faiz tanımasa da olar, əsas hədəflədiyim o bir faiz tanısa bəsimdir. Bəlkə də yüksək gəliri olan bir müsabiqə olsaydı, öz gəlir sahəmi yaxşılaşdırmaq və xeyriyyə məqsədi ilə istifadə etmək üçün qatılardım. Və eyni zamanda düşünürəm ki, yüksək poetik yaradıclığı əsla kütlənin ixtiyarına vermək olmaz. Heç görmüsünüz ki, yaxşı kimyaçı və ya elm adamını seçməyi xalqın ixtiyarına buraxsınlar? Şeirin elə poetik dərinlikləri var ki, o hamı üçün deyil. Lap qədimdən bura adı qalan şair və ya yazıçıların heç birini xalq saxlamayıb. Mən burda xalqı kiçiltmək istəmirəm. Demək istədiyim odur ki, o yazarların mövcud olmasında elit təbəqə daha vacibdir. 

- Emin Piri dünyaya çıxa biləcəkmi?

- Bu iddialarıma görə bəlkə məni qınaya da bilərlər. İnsan hər sahədə pik nöqtəyə getmək istəyir. Bizim ümumiyyətlə, dünyaya çıxmağımız üçün maliyyə dəstəyinə ehtiyacımız var. Məsələn, 60 şeiri ingilis dilinə çevirmək üçün 6000 manatdan çox pul vəsaiti lazımdır. 

- Tarix ixtitsasını bitirib niyə tarixçi yox, şair oldun?

- Mən uşaq vaxtından yazıram. Humanitar sahələr bir-birinə yaxındır. Həm də şair olmaq üçün bacarıq yox, istedad lazımdır. 

- Müasir yazıçı və şairlərimizdən kimləri daha çox bəyənirsiniz?

- Azərbaycan kiçik yerdi. Xüsusilə də hamı mərkəzdə yığılır deyə, bir-birmizi tanıyırıq. Bütün sahələrdə çox yaxşı saydığım Fərid Hüseyndir. Sonra Ramil Əhməd müharibə şeirlərini çox yaxşı yazır. Aqşin Evrən də həmçinin. Bu yaxınlarda Xəzər Süleymanlı ilə tanış oldu. Onun istər yazıçı, istərsə də qiraətçi kimi ədəbiyyat üçün xidmətləri çox olacaq. Qismətin esseləri çox yaxşıdır. Müxtəlif adlarını unutduğum insanlar var. Mirmehdi Ağaoğlu, Mübariz Örən nəsrdə çox yaxşıdırlar. Biz də dil qatlarını yaxşı bilən və qoruyan Cavid Zeynallıdır. Uşaq ədəbiyyatında isə Tural İsmayılov yaxşıdır. Onun yazdığı nağıllara artıq cizgi filmləri də çəkilir. Bu cür gənclərə kapital yatırmaq lazımdır. 

- Şagirdlərin sənin şair olduğunu bilir?

- Düzünü desəm, onlardan gizlədirəm. Hətta "Facebook"da dostluq atan olanda, onları blok edirəm. Çünki iş həyatı ilə yazılan statuslar uşaqlarda başqa fikir formalaşdıra bilər. Bir misal deyim. Bir dəfə Yazıçılar Birliyini tənqid etmişdim. Elə oldu ki, ədəbiyyat müəllimini əvəz edəsi oldum. Mövzu Fikrət Qoca idi. Təbii ki, mən burda müəllim kimi davrandım. Onun ədəbiyyata olan xidmətlərindən danışdım. AYB-nin fəaliyyətini də dəstəklədim. Sonda uşaqlardan biri qayıtdı ki, "Müəllim, sizin "Kulis"də olan müsahibənizi oxumuşdum. Axı orda tənqid etmişdiniz. Bizə niyə yalan danışırsınız"? Ondan sonra bütün şagirdlərimi blok etdim ki, müsahibə ilə dərs bir-birinə qarışmasın. 

- Emin, işlədiyin yerdə rüşvətlə qarşılaşmısanmı?

- Elə bu mövzu haqqında çoxdandır danışmaq istəyirəm. İndi hamı başlayıb ki, müəllimlər bülleten daşıyandı. Müəllimlər ən az gəliri olan təbəqədir. Jurnalistlərin hansısa məmura gücü çatmayanda, vurmaq üçün müəllimi hədəf seçirlər. Heç kimi məcbur seçkiyə aparan yoxdur. Mən həmin vaxtlarda sevinirəm ki, bu gün evdə olacam. Heç kimə bülleten təklif edən yoxdur. İstəyən özü götürür. Bu şərəf, ləyaqət məsləsidir. Müəllimlər halal dövlət büdcəsi ilə maliyələşirlər. Amma bəzən onları qınayan jurnalistlər oğurluq pulla maaş alırlar. Mən mətbuatda işləmişəm və bu fərqləri görürəm. 

- Emin, Məhərrəmlik ayı ilə bağlı zəncir vuranları tənqid edənlər çox oldu. Sənin bunlara yanaşman necədir? 

- Mənim dini görüşüm fərqlidir. Yəni özümü ateist də, dindar da hesab etmirəm. Bəlkə də, Qızılbaşlılığa daha yaxınam. Mənim Səfəvilərə və Şah İsmayıl Xətaiyə böyük sevgim var. Bunu şiəlik kimi qəbul etmək lazım deyil. Necə ki, bu gün Azərbaycançılıq var, o dövürdə də qızılbalılıq var idi. Cəmiyyətimiz hazırda çox oyunlara gedir. Məsələn, türkçülük adı altında gizlənmiş insanlar var ki, onlar Osmanlı təbliğatı ilə məşğul olur. Bir neçə adını çəkmək istəmədiyim deputat var ki, hamı onları tanıyır. Onlar türkçülük ideologiyası altında Osmanlı ideologiyasını yaymağa çalışırlar. Onların məqsədi Türkiyəyə işləməkdir. Onlar qardaşımızıdır, amma biz özümüz üçün çalışmalıyıq. Əgər referendum keçirilsə, onlar Azərbaycanın Türkiyəyə birləşməsinin tərəfdarı olacaq. Mən milli dinin tərfədarıyam. O ki, qaldı Məhərrəmlik ayına, məncə normal bir insan baş yarılmasına və uşaqların həmin mərasimlərdə iştirak etməsinə yaxşı yanaşa bilməz. Lakin bir şey də var ki, Azərbaycanda demokratik seçki olsa, bunu qınayan insanlar çox gülünc məğlubiyyətə uğrayacaqlar. Bilirsiniz niyə? "Pub"larda oturub Azərbaycan xalqı inkişaf edib düşünmək olmaz. Azərbaycan əhalisinin 70 faizi şiəliyə meyillidir. Onlar üçün İmam Hüseynə toxunan adam kafir sayılır. Bu cür düşünən millət demokratik seçkilərdə təbii ki, onların tərəfdarı olmayan birini heç vaxt seçməyəcək. Seçki proseslərindəki pozuntular bəlkə də bizim xeyrimizədir. Gedib Cənub zonasına, Aran bölgəsinə, Naxçıvana baxsınlar və anlayacaqlar ki, İmam Mehdiyə qarşı çıxmaqla heç bir uğur əldə edə bilməzlər. Onlar indiki hakimiyyəti pisləyirlər, amma anlamaq lazımdır ki, ölkə başçılarımız çox düzgün siyasət yürüdür. Məscidə də gedirlər. Dünyəviliyi də qoruyurlar. Biz bu kütləni milli dinə çevirmək üçün istifadə etməliyik. Qarabağ uğrunda şəhid olanların çoxsu, elə bəlkə də zəncir vuranların övladları və ya elə özləridir. Yüksək intellektə malik və ya özünü ateist hesab edən insanların çoxsu bu döyüşlərdən imtina edirlər. O kütlə çox sadiq olur. Onlara Qarabağ və Azərbaycan sevgisini öyrətmək lazımdır. Maarifçilik bu cür aparılmalıdır. Amma bizdə bu proses çox aqressiv gedir.  Ona görə də həmin kütləni özlərindən uzaqlaşdırırlar. Fikir versəniz, həmin kütlənin öz dini marketləri, audio diskləri, kitabları və sair var. Onlar özləri özlərini maarifləndirməklə məşğuldurlar. Bu isə təhlükəyə çevrilir. Bizim özünü maarifçi hesab edənlər onların sevgisinə vətən sevgisi qatmalıdır. 

- Dindən danışa-danışa gəlib çıxdıq siyasətə və deyəsən mən sual verməsəm də, sən özün danışacaqsan...

- Hə. Belə deyim də, mən mövcud hakimiyyətin siyasətini dəstəkləyirəm, çünki mənim ideyalarıma uyğundur. İsa Qəmbər və ya Əli Kərimlinin ideyaları mənə uyğun olsaydı, onları da dəstəkləyərdim. Elçibəy mənim eyni anda həm ən çox sevdiyim, həm də nifrət etdiyim şəxsiyyətdir. Əgər, o xalqın səsi ilə qalib gəlibsə, onun başına güllə sıxsalar da, hakimiyyəti təhvil verib getməli deyildi. O isə atıb getdi. Siyasətdə hardan baxırsan bax, bu xəyanət kimi qəbul olunur. 

- Emin, bu fikirlərinin sənin poeziyana təsiri olur? 

- Təbii ki. Beyinlə yazdığım şeirlərdə bu cür kodlaşmadan istifadə edirəm. "Külək" şeirimdəki obraz mənimdir. "Üstü başı tozlu" şeirimdə də öz obrazımı yaratmışam. Ümumiyyətlə, mən çox yaxşı aktyor ola bilərdim. 

- Emin xoşbəxtdir?

- Sizə bir sirr açım. Mənim bütün dərdli şeir və ya statuslarım xoşbəxt olduğum anlarda yazılır. Yox əgər, özümü bədbəxt hiss edirəmsə, o zaman daha xoşbəxt statuslar yazıram. Tərsinə işləyir hər şey.

Lalə Niftalıyeva

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->