ASGA sədrinin Leyla Əliyevaya müraciəti öz nəticəsini verdi
Xəbər verdiyimiz kimi Mingəçevir şəhərinin ən strateji hissəsi, Kür çayının avarçəkmə üzrə Beynəlxalq "Prezident Kuboku” reqatası keçirilən yer "DEKA” şirkətinə satılıb. Məsələ ilə bağlı şəhər sakinlərinin şikayəti əsasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media eksperti Səbuhi Abbasov Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyevaya müraciət etmişdi.
Bundan başqa 117 nəfər Mingəçevir sakini tərəfindən Kür çayının gəzinti zolağında, o cümlədən suyun içərisində tikilmiş qanunsuz qazanc obyektləri ilə bağlı ölkə başçısına müraciət məktubu ünvanlamışdı. Həmçinin, həmin müraciətlər əsasında 10-a yaxın məqalə dərc edilmişdi.
8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində Kür çayının içərisində qanunsuz tikinti aparan və barələrində qəbul edilmiş qərarları saymayan "DEKA” şirkətinin cəzalandırılması üçün müvafiq sənədlərin Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi ilə bağlı rəsmi qərar qəbul olunub.
Bu barədə"Kanal32”-yə açıqlamasında 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəis müavini Samir Abdullayev məlumat verib. Onun sözlərinə görə, şirkətin rəhbərliyi, o cümlədən, iş adamı Yusif Qədimbəyliyə məxsus "Ağ Saray” otelinin müdiri şöbəyə dəvət edilmiş, onlara bir daha mövcud hüquqi prosedur qaydalar haqqında məlumat verilib. Hüquqpozmaya yol verən "DEKA” şirkəti tərəfindən aparılan qanunsuz tikintinin dayandırılması üçün verilən "Məcburi göstəriş”in yerinə yetirilmədiyi, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edildiyi onların diqqətinə çatdırılıb.
8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları onu da qeyd ediblər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara Mingəçevir Şəhər İcra Hakimiyyətin tərəfindən əməl olunmayıb. Verilən sərəncamlarda ziddiyətli məqamlar və ciddi qüsurlar var.
Şərhlər