Bu gün həlak olan General-mayor Polad Həşimov haqda keçmiş əsgərləri öz xatirələrini bölüşürlər.
Qaynarinfo xəbər verir ki, onlardan ikisi jurnalistdir, söz adamıdır - Seymur Kazımov və Nicat Həşimov.
Seymur Kazımov bunları yazıb:
"General-mayor Polad Həşimov mənim komandirim olub. Mərd zabit idi. Cəsur zabit idi. Əminliklə deyirəm, həm cəmiyyətimiz, həm də ordumuz üçün çox böyük itkidir. Təpədən-dırnağa zabit idi, nizamnamədən kənara çıxmazdı, amma bəzi hallarda əsgərin salamatı üçün güzəştə getməyi də vardı.
Ünsiyyətimiz çox olub, amma 2 dəfə cəzasına da məruz qalmışam - bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı mənə, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də, hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim.
2006-cı ilin yay ayı idi, mənim də hərb xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdı futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.
Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyi tapşırdı. 10 dəqiqədən sonra əlində bu xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. (Foto. – red.) Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik.
Onun haqqında çox şey danışa, yaza bilərəm. Qalanları məndə qalsın.
2018-ci ildə Talışdakı "Polad postu”nda oldum. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər.
Təşəkkür edirəm, 2006-ci ildəki mayor, 2020-ci ildəki general mayor Həşimov! Allah rəhmət eləsin, qəbrin nurla dolsun, mənim generalım!
P.S Bir müddətdir buraya daxil olmuram, bunu yazandan sonra yenidən gedəcəyəm.... yazmaya, paylaşmaya bilməzdim...”
Gənc yazıçı Nicat Həşimzadə bunları qeyd edib:
"Bizim komandirimiz Polad Həşimov dövlətin şücaətə görə ona verdiyi evi şəhid ailəsinə bağışlamışdı. (Vacib bir postu azad etmişdi.)
Yatmağa
yerimiz yox idi. Daha doğrusu, bərbad halda idi. Göy palatkaları birləşdirib
özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra
gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim
üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz
hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi.
Daim əsgərinin yanında olan, əsgərinin haqqını qoruyan zabit idi. Biz dağa, maşın qalxmayan yerlərə un, qida, odun daşıyanda o da çiyinlərində yük, bizimlə bərabər dağa qalxırdı. Həmin zaman polkovnik idi. İndi Azərbaycan Sizsiz, Komandir!”
Xatıladaq ki, bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olub:
1) Mayor Əhmədov Namiq Hajan oğlu
2) Mayor Novruzov Anar Gülverdi oğlu
3) Gizir Zeynallı İlqar Ayaz oğlu
4) Gizir Babayev Yaşar Vasif oğlu
5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.
Başın sağ olsun, Vətən!
Şərhlər