Fevralın 11-də ölkənin əsas gündəmi xəstəyə süni ürəyin köçürülməsi xəbəri oldu. "Azərbaycanda inanılmaz əməliyyat: xəstəyə süni ürək köçürüldü” manşeti bütün medianın dilindən düşmədi və bu elə təqdim edildi ki, sanki Hipokrat Azərbaycan səhiyyəsinin uğurunu ayaq üstə alqışlamaq üçün qəbirdən çıxaraq, ölkəmizə təşrif buyurub.
Səhiyyə Nazirliyinin rəsmi məlumatında deyilir: "Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) 2019-cu il fevralın 3-də ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstəyə yüksək ixtisaslı ürək-damar cərrahı Anar Əmrah və komandası tərəfindən süni ürək implantasiyası uğurla həyata keçirilib”.
Bu tibb elminə məlum olmayan, ilk dəfə həyata keçirilən hadisə kimi təqdim edilir, hərçənd, araşdırmalar böyük bir şou təşkil edildiyini ortaya çıxardı.
Söhbət Ventricular Assist Devices (VAD) qurğusundan gedir və bu, cihaz dünya tibb elminə çoxdan məlumdur, hətta artıq köhnəlmiş hesab olunur. Lakin bu, dünya tibbinin "süni ürək” dediyi qurğu deyil. Səhiyyə Nazirliyinin süni ürək kimi təqdim etdiyi qurğu - VAD (
https://cardiacsurgery.ucsf.edu/conditions--procedures/ventricular-assist-devices-(vad).aspx) ürəyin ucuna taxılan köməkçi funksiyanı yerinə yetirir. VAD qurğusunun funksiyası ürəyin həcmi ürəyi ata bilməyəndə onun üçün istifadə olunur. Yəni, Ventricular Assist Devices köməkçi ürək cihazıdır. Onun kimi oxşar peysmeykerlər, kardiostimulyatorlar, ürəyin müxtəlif fərqli aparatları və cihazları var.
Azərbaycanda illərdir bu qurğulardan istifadə edilir, yəni məsələ heç də Səhiyyə Nazirliyinin təqdim etdiyi kimi "inanılmaz” deyil. Bu qurğu 10 il bundan əvvəl 5 yanvar 2009-cu il tarixində Mərkəzi Neftçilər Xəstəxanasında, ikinci dəfə isə 2013-cü ildə Mərkəzi Klinik Xəstəxanada həkimlər tərəfindən ürəyə taxılıb. Üçüncü əməliyyat isə 2019-cu il fevralın 3-də keçirilən əməliyyatdır. Lakin hər üç əməliyyat "süni ürək” qoyulması yox, köməkçi ürək pompası və ya aparatının qoyulmasıdır. Səhiyyə Nazirliyi isə bu əməliyyatı "süni ürək köçürülməsi” adı ilə insanlara təqdim edir. Halbuki, 2013-cü ildə Mərkəzi Klinik Xəstəxanada baş həkim, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayevin keçirdiyi əməliyyatı rəsmi dövlət agentliyi olan AZERTAC işıqlandırmışdı. (
https://www.youtube.com/watch?v=FPEfpaUZMMI&feature=youtu.be). Səhiyyə Nazirliyi isə son əməliyyatı "İLK DƏFƏ” yalanı ilə yayır.
Bununla yanaşı, sonuncu əməliyyatı keçirən ürək-damar cərrahı Anar Əmrah da mətbuata açıqlamasında etiraf edir ki, "süni ürək” əməliyyatını ilk dəfə Kamran Musayev keçirib.
"Mən də təsdiqləyirəm ki, Azərbaycanda ilk süni ürək əməliyyatını Kamran Musayev öz komandası ilə gerçəkləşdirib. Bizim işimizdə ilk olan isə, ən kiçik süni ürəyin xəstəyə qoyulmasıdır”, - deyə o bildirib.
Lakin cərrah yenə də əməliyyatın "süni ürək” yox, köməkçi ürək pompası və ya aparatının qoyulmasını dilə gətirməyib.
Səhiyyə Nazirliyi isə ictimaiyyətə verdiyi yalan xəbərə aydınlıq gətirmir. Halbuki, belə bir xəbəri ölkənin vətəndaşlarının sağlamlağının keşiyində durması məhz vəzifə borcu olan Səhiyyə Nazirliyinin rəsmi saytında və kütləvi informasiya vasitələrində verilməsi cəmiyyəti həm çaşdırmaq, həm də aldatmaqdır. Səhiyyə Nazirliyi bu xəbəri yaymaqla həm də öz yalanını təsadüfən üzə çıxartdı.
Nazirliyin saytına yerləşdirilən əməliyyatın fotolarında görünür ki, Assist Devices köməkçi cihazını üç həkim xəstənin ürəyinə taxır və ürək-damar cərrahı Anar Əmrah və başqa bir xanım kənardan müşahidə edir. Sonra da Səhiyyə Nazirliyi bunu dünyada analoqu olmayan bir hadisə kimi cəmiyyətə çatdırır. Burada deyiblər ki, "Yalan ayaq tutar, amma yeriməz”. Hər şey göz qabağındadır. İndi nəticə çıxartmaq qaldı Səhiyyə Nazirliyindən...
Mənbə: miq.az
Şərhlər