Sələmə pul götürüb problemini həll etmək istədi, ancaq daha böyük problemlə qarşılaşdı.
Qaynarinfo xəbər verir ki, Kürdəmir sakini evini itirmək təhlükəsi ilə üz-üzədir. O, sələmə 1200 manat pul alsa da, sələm verənin ondan 17 min manat tələb etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, sələmçi buna müqavilə sənədində saxtakarlıq etməklə nail olub.
Çətinliklə üzləşən şəxs sələmə pul götürərək problemlərini həll etmək istəyib. Ancaq indi həmin pula görə daha böyük problemlə - evini itirmək təhlükəsi ilə üz-üzə qalıb.
Bu hadisə Kürdəmir rayonunun Qarasu kənd sakini Saleh Azayevin başına gəlib. Onun dediyinə görə, 1200 manata ehtiyacı olduğuna görə Pərviz Allahverdiyev adlı şəxsdən sələmə həmin həcmdə pul alıb və faizi ilə birlikdə 1700 manat qaytaracağına söz verib. Ancaq onun iddiasına görə, imzaladıqları kağızda Pərviz adlı şəxs 1700 yerinə, 17 min manat yazaraq onu aldadıb.
Saleh Azayev "Xəzər xəbər”ə deyir ki, indiyədək Pərviz Allahverdiyevə 3 min manat pul ödəyib. Ancaq həmin şəxs məhkəməyə şikayət edərək, 17 min manat pulunun qaytarılmasını tələb edib. Məhkəmə də onun xəbəri olmadan Pərviz Allahverdiyevin xeyrinə qərar qəbul edib və evlərinə həbs qoyulub.
Hüquqşünas Xəyal Bəşirov bildirir ki, iddiaçı ondan 1200 manat pul verib 17 min manat tələb edilməsini məhkəmə qaydasında sübut edə bilsə, Pərviz Allahverdiyevə qarşı dələduzluq maddəsi ilə cinayət işi başlana bilər. Bundan başqa, sələmə pul vermək qanunda yoxdur və həmin pulu sələmə verən şəxs vergidən yayınmağa görə inzibati qaydada məsuliyyətə cəlb oluna bilər. Vəkil onu da bildirir ki, belə sövdələşmələr zamanı kağızda pulun miqdarı rəqəmlə yanaşı, sözlə də yazılmalıdır. Əks halda həmin sənəddəki rəqəmlər sübut kimi əsas sayıla bilməz.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər