"Son hadisələr fonunda Azərbaycan-ABŞ münasibətləri artan xətlə inkişaf edir. Öz iqtisadi maraqlarını qoruyan bu və ya digər şirkətin qərarını iki ölkə arasındakı siyasi prioritetlər və münasibətlərlə əlaqələndirmək olmaz”.
Bu sözləri "Report”a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Bakı ilə Vaşinqton arasındakı münasibətləri, bunun bütün bölgənin inkişafı üçün əhəmiyyətini şərh edərkən deyib.
"ABŞ Prezidenti Donald Trampın Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə göndərdiyi məktub bunun bariz nümunəsidir. Bundan əlavə, ABŞ Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub. Azərbaycan isə ABŞ-a qarşı məşhur terror hücumlarından sonra terrorizmlə mübarizə üçün bütün logistika imkanlarını açanlardan biri olub”, - deputat bildirib.
Səməd Seyidov qeyd edib ki, bu və ya digər məsələlərdə dövlətlərin öz mövqelərinin olmaması ya onlardan birinin vassal tabeçiliyi deməkdir, ya da hər ikisi bir-birindən o qədər uzaqdır ki, ümumi maraqlar barədə danışmaq mümkün deyil.
"Böyük güc olan ABŞ ilə münasibətlərimiz həm Azərbaycanın, həm də ABŞ-ın milli maraqları nöqteyi-nəzərindən formalaşır. Prinsipial məsələlər üzrə ABŞ Azərbaycanı dəstəkləyir: bu həm ərazi bütövlüyüdür, həm Ermənistanla apardığımız Qarabağ münaqişəsi ilə bağlı danışıqlar formatıdır, həm də iqtisadi layihələrimiz, o cümlədən ABŞ-ın Azərbaycanın Avropada həyata keçirdiyi meqalayihələrə verdiyi dəstəkdir. Bu, yalnız dəstək deyil, həm də TAP və TANAP layihələrinin həyata keçirilməsinə yardım göstərilməsidir. Bu, çox vacibdir, biz bu barədə dəfələrlə danışmışıq. Bu, terrorizmə, eləcə də koronavirus pandemiyasına qarşı mübarizədir. Təsadüfi deyil ki, Azərbaycan-ABŞ dostluq qrupu Azərbaycan parlamentindəki ən böyük qruplardan biridir”, - siyasətçi söyləyib.
Bununla yanaşı, o qeyd edib ki, konkret müzakirə edilməli olan bir sıra məsələlər də var: "Bu, vətəndaş cəmiyyəti elementlərinin inkişaf tempinə münasibət, geosiyasi mədəniyyətimizdə formalaşan adətlərə və xüsusiyyətlərə hörmətdir. Birləşmiş Ştatlar ilə əla münasibətlərimiz var və bu, bizə ən yaxın qonşularımızla, Orta Asiya ölkələri ilə, Rusiya, İran ilə yaxşı münasibətlər qurmağa mane olmur, Türkiyə ilə münasibətlərimiz lap əladı. Hərçənd yuxarıda adı çəkilən bu üç ölkənin ABŞ ilə bir sıra problemləri var. ABŞ və digər nəhəng dövlətlər Azərbaycanın mövqeyinə böyük hörmətlə yanaşırlar. Məsələn, NATO generalları ilə ABŞ və Rusiya hərbçiləri arasında danışıqlar Bakıda aparılır. Bu, dünya güc mərkəzlərinin bizə inam və hörmətidir”.
Ümumilikdə, Bakı ilə Vaşinqton arasındakı əlaqələrdən danışan S.Seyidov Azərbaycanın ABŞ-ın bölgədəki təkcə strateji deyil, eyni zamanda əsas tərəfdaşı olduğunu xüsusi vurğulayıb.
"Azərbaycan və ölkə rəhbərliyinin, o cümlədən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəni bölgənin geosiyasətinin əsas elementinə çevirib. Azərbaycan, onun birləşdirici elementləri, siyasi iradəsi olmadan bölgə ölkələri ilə hansısa əməkdaşlıq barədə danışmaq çətindir. Bu gün Azərbaycan bu baxımdan həm ən yaxın dairə, həm də əsas və dünya oyunçusu kimi ABŞ üçün olduqca dəyərli və strateji cəhətdən vacib ölkədir”, - S.Seyidov fikrini yekunlaşdırıb.
Şərhlər