Bu gün axşam saatlarında Bakı-Qazax magistralının Şəmkir rayonunun Muxtariyə kəndindən keçən hissəsində piyadavurma hadisəsi qeydə alınıb.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, naməlum avtomobil 35-40 yaşlarında kişini vuraraq hadisə yerindən qaçıb. Kimliyi bəlli olmayan şəxs hadisə yerindəcə dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəmkir Rayonlararası Şöbəsinə aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Həmçinin, bu gün saat 20:00 radələrində Bakı-Qazax magistralının 391 kilometrliyinin Şəmkir rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, rayonun Çaparlı kənd sakini Vidadi Orucovun idarə etdiyi "QAZ 53" markalı yük maşını Dəllərcəyir kənd sakini Ülvi Mürşüdovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində VAZ-ın sürücüsü ağır bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti ağır qiymətləndirilir. "QAZ 53"-ün sürücüsü isə ambulator müayinədən sonra evə buraxılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq şöbəsinin müstəntiqi Kərim Məmmədovun bildirdiyinə görə, qəzaya ilkin səbəb hər iki avtomobilin bir-birinin yoluna çıxması olub.
Qəzanın dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.
Qaynar.info
Şərhlər