Eduard Səid

Blogger
Yazılar
2
Şərqi kim yaratdı: tanrılar, yoxsa Avropa? – Orientalizm

Şərqi kim yaratdı: tanrılar, yoxsa Avropa? – Orientalizm

Eduard Səid – 1935-ci ildə xristian ailəsində Yerusəlimdə doğulan ərəb əsilli intellektual. 1951-ci ildə Misirdə ingilis müstəmləkə məktəbindən qovulan Səid oxumaq üçün ABŞ-a gedib. Harvard məzunudur. 1963-cü ildən ABŞ-ın Kolumbiya universitetində dərs verməyə başlayıb.

Ərəblərin "xain”, xristianların "faşist” adlandırdığı Eduard Səid 1978-ci ildə bu gün dünyanın bir çox dillərinə çevrilmiş "Orieantalizm” (Şərqşünaslıq) kitabını nəşr etdirib. Daha sonra "Fələstin problemi”, "Qış ruhu”, "Xəbər torunda islam” "Mədəniyyət və imperializm”, "İntellektual; Sürgün, Marginal, Əcnəbi” kimi bir çox kitabları yayımlanıb.

25 sentyabr 2003-cü ildə 67 yaşında vəfat edib.

Qaynarinfo.az Aqşin Yeniseyin tərcüməsindəEduard Səidin "Orieantalizm” (Şərqşünaslıq) kitabının yayımını davam etdirir.

Kitab ardıcıllıqla bu Bloqda dərc olunacaq.


Eduard Səid
Orientalizm

Orientalizm antisemitizmin davamı kimi

II

Vurğulamaq istədiyim ilk məqam Şərqin təbiətin, sadəcə, bir parçası olmadığıdır. Necə ki Qərb, sadəcə, var olmaqdan ibarət deyilsə, Şərq də, sadəcə, var olmaqdan ibarət deyil. Vikonun bu məsələdəki vacib fikrini ciddi qəbul etməliyik: İnsanlar öz tarixlərini özləri yaradırlar və bu tarix coğrafiyaya köçürülür. Tarixi bir kənara qoysaq belə coğrafî və mədəni təməllər torpağa, bölgəyə və coğrafî ərazilərə hoparaq "Şərq” və "Qərb” kimi insan əli ilə yaradılan anlayışlar ortaya çıxarır. Buna görə də eynən Qərb kimi Şərq də bir tarix, bir düşüncə ənənəsi, bir xəyal dünyası və bir söz xəsinəsinə sahib ideal vəhdətdir. Şərqin mövcudluğu və Avropa qarşısında bir reallıq olaraq duruşu bu səbəblərə söykənir. Bu iki coğrafî reallıq bir-birini bu şəkildə tamamlayır və necə deyərlər, bir-birinə söykənir.

Bununla belə, bəzi izahlara ehtiyac var... İlk növbədə, Şərqə, sadəcə, bir fikir və ya heç bir reallığa əsaslanmayan düşüncə sistemi olaraq baxmaq yersiz olar. Dizrayeli "Tancred” adlı romanında Şərqin bir karyera və ya bir məslək işi olduğunu irəli sürərək gənc qərblilərin Şərqlə maraqlandıqları zaman işıqlı bir dünayaya girəcəklərini deyir. Ancaq Dizrayeli Şərqin qərblilər tərəfindən, sadəcə, bir"məslək” kimi görülməsini də istəmirdi. Şübhəsiz ki, Şərqdə müxtəlif mədəniyyətlər, cəmiyyətlər, fərqli həyat tərzləri, başqa-başqa tarix və ənənələr, Qərbdə danışılacaq hər şeyi üstələyəcək qədər həyat həqiqətləri vardır və var olmağa da davam edir. Bu əsər bütün bunları göstərməkdən daha çox, onları təqdim edəcək. Bu kitabda məni maraqlandıran ən vacib məsələ Şərq-Qərb münasibətləri deyil. Orientalizmin dərin daxili harmoniyası və Şərqə aid fikirləridir. Bütün bu düşüncələr əsas etibarilə həqiqi "Şərq”dən kənarda formalaşmış, ona qarşı və onunla əlaqəsi olmayan fərziyyələrdir. Dizrayelinin Şərqə aid fikirləri əsas istiqamətləri ilə bu cür icad edilmiş fərziyyələrə söykənir. Sözügedən düşüncələr Stivens Uollesin nümunəsində olduğu kimi, bəsit və sadəlövh bir yaradılışdan deyil, keçmiş mühakimələrdən güc alır.

İkinci məqam: Fikirləri, mədəniyyətləri və tarixləri, gücləri və təsir zonaları, eyni zamanda daha açıq bir mətnlə və dinamik varlıqları ilə birlikdə düşünmədən dərindən araşdırmaq mümkün deyil. Şərqin, sadəcə, təsis edildiyini düşünmək və ya mənim seçdiyim ifadə ilə "oryantalize” olduğunu düşünmək və eyni zamanda bu tip hadisələrin, sadəcə, fantaziya ehtiyacından doğulduğuna inanmaq qeyri-səmimilikdir. Şərq və Qərb arasındakı əlaqə hər şeydən əvvəl bir güc və hegemonluq arasındakı əlaqədir. Qərb burada müxtəlif vaxtlarda K.M. Pannikarın "Asiya və Qərb hakimiyyəti” adlı əsərində qeyd etdiyi kimi əsl hegemonluq qurub. Şərq, sadəcə, on doqquzuncu əsr Avropa zehninin aşina olduğu xüsusiyyətləri ilə "şərq” olduğu üçün "şərqliləşdirilməyib”, eyni zamanda "şərqliləşdirilməsi mümkün olduğu” üçün şərqliləşdirilib. Məsələn, Floberin misirli əsilzadə bir qadınla görüşünə nəzər yetirək: bütün Şərq qadınlarını maraqlandıran bir hadisə idi bu. Qadın əsla özü haqqında danışmır, duyğularını və fikirlərini əsla büruzə vermir, yaşadığı həyatı və keçmişini heç bir halda dilinə gətirmir… Qadının adından, sadəcə, Flober danışır və onu təqdim edir. Halbuki Flober bir əcnəbidir. Zəngin bir adamdır, bir kişidir. Bütün bu tarixi üstünlükləri yazıcıya "gənc xanımı”, sadəcə, cismani olaraq əldə etmək deyil, eyni zamanda onun haqqında danışmaq və onu oxucularına "tipik bir şəqrli” kimi təqdim etmək haqqını verir. Flober ilə gənc xanım arasındaki güc fərqi müstəsna bir hadisə deyil. Bu hadisə Şərq və Qərb arasındaki bütün münasibətlər üçün mükəmməl bir nümunə sayıla bilər. Qərbin Şərq haqqında bəslədiyi bütün düşüncələr bu nümunənin altında gizlənib.

Bu yerdə üçüncü bir məqam ortaya çıxır. Zənn edilməsin ki, orientalizm həqiqətlər ortaya çıxdıqda bir həmlədə silinib yox olacaq yalanlar və uydurmalar kələfidir. Mən öz adıma orientalizmin bitib-tükənməyən elmi müzakirələrdən daha böyük miqyasda Avropa və Atlantik güclərinin Şərq üzərindəki hakimiyyət təcrübələrinin olduğunu düşünürəm. Bu səbəbdən ən çox hörmət edəcəyimiz və diqqətli davranaraq araşdırmağa çalışacağımız məqam Şərq haqqındakı çıxışların düzgün məğzi, bu çıxıçların güçlü sosio-ekonomik nəzəriyyələrlə olan yaxın əlaqələri və heyrətamiz canlılığı olacaq. Bütün bunlardan başqa Ernest Renandan bu yana, yəni 1840-cı illərin sonlarından başlayaraq ABŞ-ın səhnəyə çıxdığı günümüzə qədər keçən müddətdə akademiyaların, kitabların, konqreslərin, universitetlərin, xarici işlər nazirliklərinin bir hökumət nəzəriyyəsi kimi çatdırmağa çalışdığı bu düşüncə sisteminin, əslində, qorxunc olduğu qədər bəsit və mənasızlaşması asan bir silsilə yalan kolleksiyası olduğu bilinməlidir. Orientalizm Avropanın havadan uydurduğu bir şey deyil. O, bir neçə nəslin birlikdə çalışaraq uzun zamanların sərmayələri ilə ərsəyə gətirdiyi önəmli doktrinalar və proqramlar paketidir. Ardı-arası kəsilməyən bu sərmayələrin nəticəsində Şərq Qərblinin vicdanında yer tuta bilmək üçün bir məlumat sistemi olaraq orientalizmin süzgəcindən keçməyə məcburdur. Diğər tərəfdən, eyni sistem və eyni sərmayələr orientalizmin başlangıç nöqtəsində formalaşdırdığı düşüncələrin ardıcıllığını qorudu və məhsuldarlığını artırdı, bunları bütün dünya mədəniyyəti üçün faydalı etdi.

Qramşi mədəni cəmiyyətlə siyasi cəmiyyəti bir-birindən ayıran faydalı bir bölgü aparır: bunlardan birincisi məktəbləri, ailələri və kooperativləri ilə könüllü, yaxud, ən azı, rasional və məcburi olmayan bir bərabərlikdir. İkincisi isə, ordusu, polisi və mərkəzi bürokrat sistemi ilə özünü qoruyub saxlayan bir dövlət sistemidir. İşinin adı siyasət və buna görə də birbaşa hökm etməkdir. Asanca göründüyü kimi, mədəniyyət birincinin işidir. Bu cəmiyyətdə fikirlər təsir gücünə sahib olurlar, təşkilatlar və fərdlər bu cəmiyyətdə hakimiyyət yolu ilə deyil, Qramşinin (consensus): "çoxluq” adını verdiyi bir prinsiplə mövcudluqlarını qoruyurlar. Totalitar olmayan bir cəmiyyətdə bəzi mədəni formalar digərlərinin yanında üstün mövqeyə sahibdirlər. Bəzi fikirlərin digərlərindən daha çox yayıldığı kimi... Bu mədəni üstünlük formasına Qramşi "Hegemoniya” deyir. Bu anlayış "sənayeləşmiş Qərb cəmiyyətinin yaşadığı mədəni çağı anlamaq üçün” böyük əhəmiyyət daşıyır.Orientalizmə, tərifini verməkdə çətinlik çəkdiyim davamlılığı və gücü bəxş edən Qərbin bu hegemonluğu və ya mədəni hegemonluğunun kənar təsirləridir. Orientalizm Denis Hayın "Avropa məfhumu”dediyi şeydən əsla fərqli bir şey deyil. "Biz avropalılar” və "avropalı olmayanlar” şəklində şərh olunan bu fikir bir bərabərlik duyğusu yaratmaqla yanaşı, Avropanın öz içində və Avropa xaricində qurduğu hegemonluğun ifadəsi, eyni zamanda öz mədəniyyətinin bünövrəsidir. Bu bünövrə Avropanın, avropalı olmayan bütün digər mədəniyyətlərdən və xalqlardan daha uca olduğu əsasına söykənir. Bir də avropalıların Şərq haqqındakı fikirlərinin hegemonluğundan danışılır ki, şərqlilərin özləri də, Şərqin geriliyini, Avropanın üstünlüyünü etiraf edirlər və daha müstəqil (və ya daha skeptik) birinin mövzu ilə bağlı fikirlərinin fərqli ola biləcəyi ehtimalını görməzdən gəlirlər.

Orieantalizmin strategiyası keçmiş dövrlərdən üzü bəri Qərbin bu üstün "mövqeyini” yumşaldaraq onu Şərqə hiss etdirmədən qorumaq olub. Qərb Şərqlə qurduğu bütün münasibətlərin içində Şərqdən əl çəkməmək üçün həddindən artıq səy göstərir. Buna görə də avropalı, xüsusilə Avropanın ən möhtəşəm çağlarını yaşadığı Renessansdan bu günə qədər keçən müddətdə Şərqdə elm adamı, ziyalı, missioner, tacir, hərbçi sifəti ilə peyda oldu, yaxud Şərq üzərində nüfuza yiyələndi, ancaq bu torpağın heç bir yerində müqavimətlə qarşılaşmadı. Qərb XVIII əsrin sonlarından etibarən "Şərqi öyrənmək” məqsədilə yola çıxaraq və hegemonluğunun ümumi çətiri altında bütün güclərini səfərbər edərək Şərqə soxuldu. Bu ərəfədə akademik araşdırmalar uğurlu cəhdlərlə Şərqin reallıqlarına uyğunlaşdırılmış muzeylərdə sərgilər təşkil etdi; koloniyalardakı idarəetmə formalarını yenidən qurdu; yeni və modern ofislər yaradıldı; antopoloji, bioloji, linqivistik nəzəriyyələr yeni fikirlərlə bəzədildi; bəşəriyyətə və kainata aid irqlərə və tarixə əsaslanan təlimlər irəli sürüldü, yeni iqtisadi və sosial fikirlər, inqilab, mədəni kimlik, milli xarakter və dinə aid yepyeni düşüncələr doğuldu. Üstəlik, bütün bunlar Qərbin Şərq üzərində düzüb-qoşduğu xəyallar dünyasının sərhədləri içində yaşamaq haqqı qazandı. O xəyallar dünyası ki, təməlində, sadəcə, Qərbin hökmranlıq ehtirası yer alır...Qərbin mübahisəsiz üstünlüyündən yaranan Şərq öncə bir şərqlinin ümumi görünüşü deməkdir. Daha sonra ortaya çıxan əhatəli məntiq isə bütünlüklə Qərbin öz həqiqətlərinə, xüsusi istəklərinə, problemlərinə, sərmayə və layihələrinə əsaslanır. Bu mövzuda əsl elmilik nümunəsi irəli sürən Silvestr de Sasinin "Ərəb ədəbiyyatında seçmələr” adlı əsərini, yaxud Eduard Vilyamın "Müasir misirlinin adət və ənənələri” kimi böyük orieantalist əsərləri yada sala bilərik. Bunu da əlavə edək ki, Renan, yaxud Qobinonun irqçilik mövzsundakı fikirləri də eyni çərçivənin içində yer alır. Həmçinin Viktoriya dövrünün pornoqrafik romanlarının çoxunu da unutmamaq lazımdır (bax, Steven Markus, "Şəhvət Dəlisi Türk” analizinə).

Bununla yanaşı, "Orieantalizmin içində vacib olan nədir?” sualını verməyə davam edəcəyik... Avropalınm üstünlüyünə əsaslanan müxtəlif irçi fikirlərmi, imperializm və bənzər cəhdlərmi, şərqlinin üzərində yaradılan doqmalar və onu insan olmayan bir varlıq hesab edən düşüncələrmi? Yoxsa sayısız-hesabsız müəlliflər tərəfindən vaxtaşırı ortaya atılan xüsusi və şəxsi əsərlərlə onların müəlliflərimi? Əslində, ümumi və xüsusi olmaqla iki yerə ayırdığımız alternativlər bu fəaliyyətin yeganə mövzu ətrafında iki ayrı perspektividir. Hər iki perspektivdə də Uilyam Cons kimi qabaqcıllar, Nerval və Flober kimi böyük sənət adamları nəzərə çarpır. Nə üçün hər iki yol yan-yana və ya birlikdə araşdırılmasın? İstər ümumi, istər xüsusi ifadə formaları içində sistemli bir müstəvi yaratmaq cəhdi xeyli sayda təhlükələri də özüylə gətirir. Akademik orienatlizmdə olduğu kimi, bu iki yol hər an bir-birinə dolaşacaq şəkildə uzanır.

Düşünürəm ki, qorxulu olan iki xətalı davranış var: Dolaşdırmaq və məhdud şərhetmə... Daha açıq bir ifadə ilə desəm, çox doqmatik bir ümumiləşdirmə və həddindən artıq mərkəzləşdirilmiş pozitivist bir davranışa əsaslanan məhdud şərhetmə. Öz həqiqətlərimi üç əsas nöqtə ətrafında cəmləməyə cəhd etdim. Elə bilirəm ki, bu sıralama metod və perspektivləri təsbit etməkdə yaranan çətinlikləri müəyyən ölçüdə azalda biləcək. Haqqında danışdığımız çətinliklər birinci halda müəllifi yorucu polemikaya sürükləyəcək bir mətn yazmağa məcbur edəcək və ya zəhmətinə dəyməyəcək ümumi izahlara doğru çəkəcək. İkinci halda bir silsilə incə detallar əvvəlcədən sadalanacaq, beləliklə, mövzunun ümumi gücünü üzə çıxaracaq bütün izlər oxucunun gözü önündə silinəcək. Bu halda xüsusi və şəxsi olanı tanıyaraq onları necə ümumiləşdirəcəyik, digər tərəfdən, onları intellektual olan, ancaq passiv və ya diktatorca olmayan "ümumi və hegemonluğa söykənən” mövqeyə necə oturacağıq?

III

İndi bəhs etdiyim öz həqiqətlərimin üç əsas cəbhəsindən danışacağam və bu araşdırmalara niyə başladığımı, bu kitabı niyə yazdığımı izah edəcəyəm.

1. Xalis bilgi ilə siyasi bilgi arasındaki fərq: Şekspir və Vordsvordun sahib olduqları bilgiləri Çin və SSRİ-nin (keçmiş)sahib olduqları bilgilərlə müqayisə etmək və birincilərin siyasi olmadıqlarını, ikincilərin isə tamamilə siyasi münasibətlər olduğunu irəli sürmək çox asandır. Rəsmi və peşəkar etiketimə görə mən bir "hümanistəm”, yəni "insanlıq” məsələləri ilə məşgulam. İnsanı maraqlandıran bilgilər mənim çalıştığım sahədir. Buna görə də peşəkar fəaliyyətimin heç bir halda siyasətlə bağlı ola bilməyəcəyi bir həqiqətdir. İstifadə etdiyim deyimlərin və əsaslandığım etiketin hər kəsə açıq olmadığını bilirəm, ancaq burada izah etməyə çalışdığım umumi reallığı hər kəs çox yaxşı bilir. Vordsvoddan yazı yazmağın, yaxud Kits haqqında fikir bildirməyin siyasətlə yaxından-uzaqdan bir əlaqəsinin olmayacağını deyirlər, belə qəbul olunur ki, bu fəaliyyətlərin gündəlik həqiqətlərə bir o qədər təsiri yoxdur. Məsələn, sovet iqtisadiyyatı (keçmiş) sərhədləri aydın olan bir araşdırma mövzusudur və sadəcə, hökuməti maraqlandırır. Tədqiqatçının işləri və fikirləri siyasətçilər və hökumət idarələri tərəfindən gözdən keçirilir, müxtəlif təşkilatlarda vəzifə daşıyan iqtisadçılar tərəfindən yararlı hala salınır, faydalanmaq üçün peşəkarlara və təhlükəsizlik orqanlarına təklif olunur. Humanistlərlə, işi və ya fəaliyyət sahəsi siyasətlə bağlı şəxslər arasındakı detalların siyahısını daha da uzatmaq mümkündür. Bundan ötrü, məsələn, birincilərin siyasi rəngi ikincilər üçün heç bir dəyər daşımaya bilər. Tədqiqatçının stalinçiliyə, faşizmə, yaxud həddən artıq liberallığa bağlılığı öz əhatəsi və dostları üzərindəki təsir imkanları üçün vacib olmaya bilər. Halbuki ikinci şəxslər ideologiyalarını məslək seçmiş adamlardır. Amerika universitetlərində iqtisadiyyat, siyasət və sosiologiya ideoloji elmlər kimi tədris olunur, buna görə də, bu sahələr tamamilə "siyasi” olaraq xarakterizə olunur.

Günümüzdə Qərbdə istehsal olunan məlumatın çoxu (xüsusilə ABŞ-ı nəzərdə tuturam) bərk-bərk sərhədləndirilib. Bu məlumatların qeyri-siyasi, elmi, akademik xarakterli, tərəfsiz olması və hər cür dar düşüncədən, tərəf saxlayan doktrinar fikirlərdən uzaq olduğunu göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Bəlkə də, bu davranışı ifadə edən nəzəriyyədə bu barədə heç bir kəlmə yoxdur, amma praktikadakı həqiqət heç də bu cür deyil. Heç kim elm adamının həyatın reallıqlarından necə uzaqda qalacağını müəyyən etməyib. Şübhəsiz ki, o, fərqində oldu-olmadı hansısa bir zümrənin insanıdır. Hansısa inanc küliyyatının içində, sosial bir həyatın tən ortasında, yaxud, ən azından, yaşadığı cəmiyyətin üzvləri arasındadır. Bütün bunlar tam ağırlığı ilə onun peşəkar fəaliyyəti üzərinə çökür. Elm adamının araşdırmaları gündəlik həyatın çətinliklərini aşaraq görünən azad bir müstəvi əldə etsə belə bu araşdırmaların tam bir müstəqilliyə nail olduğunu demək düzgün olmaz. Bilgi hər tərəfdən həyat şərtləri ilə əhatələnir. Bilgiyə sahib olan, yaxud onu istifadə etmək istəyən heç bir insan bu şərtləri dəyişdirə bilməz. Bununla belə, haqqında danışdığımız bilgi zənn olunduğu qədər siyasətdən kənar da deyil.

Ədəbiyyat və klassik filologiyaya aid polemikalar siyasi işarələrə sahibdirlərmi? Yaxud bu polemikalar yaşanan siyasi şərtlərdən tələm-tələsik təsirləniblərmi? Bu geniş suala başqa bir əsərimdə cavab verməyə çalışdım. Məni burada maraqlandıran həqiqi bilginin təməldə siyasi olmadığını (bunun əksi olaraq siyasi bilginin də həqiqi bilgi olmadığını) iddia edən və bu cür mütəşəkkil şəkildə hazırlanmış siyasi şərtləri pərdələyərək, hətta qaranlığa qərq edərək həqiqi bilginin yaranmasının qarşısını alan ortaq anlayışı üzə çıxarmaqdır. Bu gün siyasətin fövqünə qalxa bilən obyektiv bir işin hər cür fəaliyyətə kölgə sala biləcək hər hansı "siyasət” etiketi ilə damğalandığını anlamaq çətindir. Yaşadığımız mədəni cəmiyyətdə bilginin müxtəlif siyasi sahələrdə getdikcə daha çox qiymətləndirildiyini iddia edə bilərik. İqtisadi ifadələrlə asanlıqla işıqlandırıla bilən bir sahəyə xüsusi siyasi diqqət göstərilir. Eyni sahə siyasi cəmiyyətin güc mənbələri ilə əlaqəlidirsə, aktuallıq daha da artır. Məsələn, Sovet Sosialist Respublikaları İttifaqının (keşmiş) enerji potensialının gələcəyi və bu potensialın ölkənin hərbi gücünə təsirləri barədə bir araşdırma ABŞ-da hökumət tərəfindən maliyyələşdirilir və nəticədə bu iş real siyasi güc qazanır. Aydındır ki, Tolstoyun ilk romanları ilə bağlı bir araşdırma heç vaxt belə bir maliyyə mənbəyinə sahib olmayacaqdır. Tolstoy yalnız müstəqil bir təşkilatdan yardım ala bilər. Buna baxmayaraq, birinci tədqiqatçı mühafizəkar iqtisadçı, digəri isə ədəbiyyat tarixinin mütərəqqi bir mütəxəssisi olduğu halda, sivil cəmiyyət hər iki əsəri vahid bir müstəvidə görür və bu müstəvini rusşünaslıq kimi dəyərləndirir. Demək istədiyim odur ki, ümumiyyətlə, mövzu "Rusiya” "iqtisadiyyat” və ya "tarix” olduqdadaha incə detallarla siyasi prioritet qazanır, çünki Qramşinin anladığı mənada "siyasi cəmiyyət” sivil cəmiyyətin mövzularına yalnız bu mövzular onun maraq dairəsinə birbaşa aid olduqda diqqət göstərir.

Nəzəriyyəçilik müstəvisində daha çox dirənərək bu məsələlərə daha çox vaxt ayırmaq istəmirəm. Naom Xomski kimi orijinal və qətiyyətli davranaraq ifadə etmək istədiyim fikirlərimin dəyər və etibarlılığını ortaya qoya biləcəyimi düşünürəm. Xomski öz əsərində Vyetnam müharibəsi zamanı Amerika hökumətinin silah araşdırmaları üçün ayırdığı vəsaitlərin mənbəyini axtararkən bu müharibə ilə obyektiv elm arasındakı maddi əlaqəni tam aydınlığı ilə izah edə bildi. Çünki Böyük Britaniya, Fransa və indi də Amerika Birləşmiş Ştatları imperialist güclərdir. Onların içlərindəki siyasi və mədəni cəmiyyətlər hər zaman bir-biriylə təmasda olmalıdır. Siyasi olan mədəni olanla siyasi bir həyat yaşamağa məcburdur. Bu ikili oyun zamanı siyasi cəmiyyətin imperialist mənafeyini maraqlandıran hər məsələnin, xüsusən xarici ölkələrdə təhlükəli nəticələrə səbəb olduğu söylənilə bilər. Yalançılıqda ittiham olunacağımı düşünmədən XIX əsrin sonlarında yaşayan və Hindistan, yaxud Misirlə maraqlanan bir ingilis vətəndaşının bu ölkələrin ingilis müstəmləkələri olduğunu bir an belə unutmadığını iddia edə bilərəm.

Bunları söyləmək Hindistan və Misir haqqında bilinənlərin az və ya çox dərəcədə kobud siyasi reallıqlara məruz qaldığını, təsir altına salındığını və təhrif olunduğunu söyləməklə eyni şey olmaya bilər, amma mən bu kitabın sətirlərində məhz bu həqiqəti ifadə etmək istəyirəm. Çünki ictimai elmlərdə ərsəyə gətirilən hər hansı bir əsərin yaradıcısı, yaşadığı cəmiyyətin insanlarından biri olmağa məhkumdur və bunu gözardı etmək mümkün deyil. Müəllif həyat şərtləri ilə məhdudlaşır. Şərqi araşdıran şəxslər, istər avropalı olsun, istərsə amerikalı, "öz” gerçəklərinin qoyduğu əsas qaydalardan kənara çıxa bilməzlər. Onlar Şərqlə əvvəlcə avropalı və ya amerikalı kimi qarşı-qarşıya gəldiklərini, sonra onu təkbaşına araşdırdıqlarını unutmamalıdır. Bu şərtlər altında avropalı və ya amerikalı olmaq da tamamilə əhəmiyyətsiz deyil. Bu vəziyyət şəxsin dumanlı da olsa vaxtilə Şərqdə mühüm maraqları olan bir cəmiyyətin üzvü olduğu düşüncəsinə sahib olması deməkdir və bu, indi də belədir. Bəlkə, bundan da vacib olan digər məqam isə qərbli tədqiqatçının, Homer dövründən üzü bəri Şərqlə əlaqələrini qoruyan bir torpaq parçasının insanı olduğunu bilməsidir.

Beləliklə, ifadə olunan siyasi həqiqətlər maraqlı olmaq üçün, doğrudan da, hələ də yetərincə izah edilməyib və ümumi anlayışlar səviyyəsində qalıb. Biz bu həqiqətləri qəbul edə bilərik, amma onların "Salambo”nu yazarkən Flober və ya "İslamda Müasir Təmayüllər” kitabını yazarkən H.A.R. Qibb üçün çox əhəmiyyətli olduğu inandırıcı deyil. Çətinlik budur ki, təsvir etdiyim mütləq reallıqla gündəlik həyatın diqqətlə araşdırılıması lazım olan detalları arasındakı fərq olduqca böyükdür. Bir roman və ya bir elmi əsər yazarkən müəllif hər zaman bu təfərrüatlı həqiqətlərin içində itib-batmaq təhlükəsi ilə üzləşir. Bununla yanaşı, imperialist üstünlüyün mədəniyyət və fikir dünyası kimi qarışıq bir mövzu üzərində mexaniki və qəti təsirləri lap siftədən kənara atılacağı təqdirdə, qarşımızda əhəmiyyətli bir tədqiqat mətninin ortaya çıxmağa başladığını görəcəyik. Mən öz payıma bəzi bilinən tarixi həqiqətlərə söykənərək burada göstərməyə çalışdığım kimi, əvvəlcə Avropanın, sonra Amerikanın Şərqdəki maraqlarının siyasi olduğunu düşünürəm. Ancaq bu mənafe əlaqələrinin yaratdığı mədəniyyət həlqəsi dinamikdir. Sərt siyasi, iqtisadi və hərbi səbəblərə söykənir. Bu həlqə Şərq adlanan dəyişkən və kompleks bir varlığı yaratdı. Mənim "Şərqşünaslıq” dediyim budur.

Şərqşünaslıq, göründüyü kimi, mədəniyyət, elm və qurumlar tərəfindən səssizcə ortaya atılan sadə bir mövzu, yaxud siyasi bir məsələ deyil. Şərqə aid yazılmış əsərlərin geniş yayılmış kolleksiyası da deyil… Qərbin "Şərq”dünyasını əzmək üçün təşkil etdiyi xain bir "imperialist sui-qəsd” də deyil və bu düşüncəni da təmsil etmir. Şərqşünaslıq estetik, elmi, iqtisadi, sosioloji, tarixi və filoloji mətnlər vasitəsilə "ötürülməyə” çalışılan, bir növ, geoiqtisadi baxışlar sistemidir. Şərqşünaslıq coğrafi bölgü deyil - dünya Şərq və Qərb olmaqla qeyri-bərabər iki hissəyə bölünüb – bir silsilə "maraqlar” məcmusudur. Bu maraqlar yaradılmaqla yanaşı, eyni zamanda, elmi kəşflər, filoloji tədqiqatlar, psixoloji təhlillər, coğrafi təsvirlər və sosioloji izahlarla varlığı qorunan təsisatlardır. Bu sistem ayrı bir dünyanı idarə, istifadə etmək və hətta əritmək üçün göstərilən bütün cəhdləri açıq şəkildə əhatə edir. Orientalizm ümumilikdə siyasi güclə əlaqəli görünməyən bir xitabdır, lakin müxtəlif güclərin güc fərqliliyindən irəli gələn və bu şəkildə mövcudluğunu qoruyan qeyri-bərabər bir mübadilə platformasıdır. Bu mübadilə müəyyən dərəcədə müstəmləkəçi və imperilist idarələrdə olduğu kimi siyasi güclə; dil, müqayisəli anatomiya və ya müasir siyasi elmlərdən hər hansı biri kimi dəqiq elmlər sahəsində intellektual güclə; din, qanunlar, dəyərlər, milli zövq və ədəbiyyat sahəsində mədəni güclə; "Biz” və "onlar” prinsipinə əsaslanan fikirlərin əhatəsində əxlaqi güclə davam edir. Nəticə olaraq, mənim Şərqşünaslığa dair tezisim, mədəniyyət, siyasət və dəbdə olan modern intellektual fikirlər çərçivəsində çox geniş yayılmış, ancaq "bizim” dünyamızla həqiqi "Şərq” arasında çox az əlaqəsi olan bir nöqtədə cəmlənib. Şərqşünaslıq mədəni və siyasi bir varlıq olduğu üçün arxivlərdən məhrum boş bir yer deyil. Əksinə, Şərq haqqında düşünülən, söylənilən və ya icra olunan hər şey intellektual bir yanaşma əsasında konkret qəliblərə yerləşdirilib. Bu nöqtədə müxtəlif incəliklər və nüanslar gözə çarpır. Sözügedən nüanslar, bütövlüyü təmin edən hissələr üzərində ağır bir intellektual təzyiq elementidirlər. Güman edirəm ki, əksər humanistlər mətnlərin üzə çıxardığı ümumi göstəricilərdən çox məmnundurlar. Qaydaların ağırlığı, keçmiş nəsillərin yaratdığı əsərlər, ifadə formaları şəklində meydana gələn fərqli üslublar tədqiqatçını müsbət istiqamətdə yığcamlaşdırır. Valter Benjamin bu hadisəni "Yaradıcılıq prinsipi adına yaradıcının həddən artıq xərclənməsi” adlandırır... Bu prinsip həm də şairin öz əsərini başqa bir əsərə müraciət etmədən yaratdığı və bu əsərin onun saf təxəyyülündən qopub gəldiyi mənasına gəlir. Ümumi fikrə görə, siyasi, təşkilati və ideoloji problemlər hər kəsə olduğu kimi, yazıçı dünyasına da mənfi təsirlər göstərir. Balzakı yaxşı anlamaq üçün bir humanist "Bəşəri Komediya” əsərində Joffrua Sent-İler və Kyuve arasındakı ziddiyyətdən təsirləndiyini deyə bilər, ancaq eyni humanist Balzakla bağlı araşdırmalarına davam edərkən kökü dərində olan irticaçı monarxist baxışların onun dühasını kölgədə qoyacağını düşünüb bu məsələni araşdırmağa ehtiyac hiss etməz. Eyni şəkildə - Harri Bricenin də göstərdiyi kimi - Lokk, Hyum kimi müəlliflərin və emprizmin müzakirəsində iştirak edən filosoflar, onlarınfəlsəfi təlimləri ilə irqçi nəzəriyyələr, köləliyin müdafiəsi və müstəmləkəçilik maraqları arasında paralellik olduğunu, sanki, unudublar. Bütün bunlar müasir elmin öz saflığını qorumasına aid nümunələrdir.

Mədəniyyətin burnunu siyasət palçığına soxmaq cəhdləri bəzən ağrılı nəticələrə gətirib çıxarıb. Üzərində işlədiyim mövzuya aid ədəbiyyatın sosial baxımdan şərhi bəzi hallarda qabaqcıl texniki analizlərlə birlikdə işlənməyib. Ancaq qeyd edə bilərəm ki, ümumiyyətlə, ədəbi tədqiqatlar və xüsusən Amerika Marksistləri kitabların və tarixin təhlilinə əsaslanan elmi işlərdə üst quruluşlar və təməl səviyyələr arasındakı boşluğu ciddi şəkildə doldurmaq zəhmətindən yayınıblar. Başqa bir əsərimdə mədəni və ədəbi əsərlərin, ümumiyyətlə, imperializm və mədəni əlaqələri bir tədqiqatda araşdırlımasından imtina etdiklərini də iddia etmişdim. Şərqşünaslıq bizi birbaşa bu məsələyə cəlb edir. Siyasi imperializm tədqiqatlarda, təsəvvürlərdə və elmi təşkilatların mövzularında o qədər güclü bir idarəetmə çarxından istifadə edir ki, nə tarixi, nə də elmi baxımından bunun qarşısını almaq mümkün deyil. Bunu bu şəkildə də bilməliyik. Ancaq bütün bunlardan qurtulmaq üçün ədəbi bir çarə də var... Bir ədəbiyyat mütəxəssisinin və ya bir filosofun siyasi və ideoloji təhlil üçün deyil, yalnız ədəbiyyat və fəlsəfə üçün yetişdirildiyini unutmamalıyıq. Əks təqdirdə, mütəxəssis tərəfindən irəli sürülən dəlillər çox geniş və mənim üçün çox ciddi olan intellektual perspektivin sərhədlərini xeyli daraldacaqdır.

Düşünürəm ki, burada iki hissəli sadə cavab hazırlamalıyıq. Heç olmasa, imperializm, yaxud mədəniyyət və ya şərqşünaslıq baxımından. Hər şeydən əvvəl XIX əsrin yazıçılarının (əvvəlki dövrləri də aid edə bilərik...), ən azından, çoxunun imperiya anlayışı içərisində yaşadığını bilməliyik. Bu dərindən öyrənilmiş bir mövzu deyil. Halbuki Viktoriya dövrünün hər hansı müasir mütəxəssisi, Con Stüart Mill, Metyu Arnold, Carleyl, Nyuman, Makoley, Ruskin, Corc Eliot və hətta Dikkens kimi böyük liberal mədəniyyət ustalarının düşüncələrində irqlər və imperializm haqqında köklü fikirlərə sahib olduğunu etiraf edəcəkdir. Əsərlər göz qabağındadır. Bunun üçün bir mütəxəssis, məsələn, Millin "Azadlıq və Təmsilçi Hökumət” adlı əsərlərində hindlilərin mədəniyyətinin geridə qaldığı və irqlərinin inkişaf etmədiyi üçün öz fikirlərinin Hindistanda tətbiq edilə bilməyəcəyini açıq şəkildə yazdığını söyləyə bilər. (Üstəlik, Mill ömrünün əhəmiyyətli bir hissəsini məmur olaraq Hindistanda keçirmişdi...) Bu kitabda göstərməyə çalışdığım kimi eyni ziddiyyətləri Marksda da görmək mümkündür. Digər bir məqam: imperializmin timsalında siyasətin ədəbi yaradıcılığa, elmi araşdırmalara, ictimai nəzəriyyələrə və tarixşünaslığa kobud təzyiq göstərdiyinə inanmaq, mədəniyyətin getdikcə korlandığını iddia etməklə eyni şey deyil. Əksinə: demək istədiyim budur ki, mədəniyyət ağır təzyiq altında olsa da, yazıçılar və düşünürlər yaradıcılıqlarına davam edə bilirlər. Bu həqiqəti dərk etdikdə hegemonluğun niyə inadkar və davamlı olduğunu da başa düşərik. Bu fikri Qramşi açıq-aşkar, Fuko və Reymond Uilyams isə hər biri özünəməxsus şəkildə şərh edirdilər. Uilyams "Uzunmüddətli İnqilab”ın "İmperatorluğun İstifadəsi” bölümündə, sadəcə, bir və ya iki səhifədə on doqquzuncu əsrin bütün mədəni zənginliklərini, uzun-uzadı veriləcək bütün məlumatlardan daha çox faydalı bir şəkildə aydınlaşdırmağı bacardı. Bütün bu səbəblərdən mən şərqşünaslığı, ayrı-ayrı müəlliflər və İngiltərə, Fransa,Amerika imperatorluqlarının yaratdığı geniş siyasi məkan arasında dinamik bir mübadilə şəbəkəsi kimi nəzərdən keçirirəm. Bir alim kimi məni ən çox maraqlandıran quru siyasi faktlar deyil. Daha çox detallara diqqət yetirirəm. Məsələn, Leyn, Flober və ya Renan kimi müəlliflərdə maraq doğuran məqamlar Şərqin və ya Qərbin üstünlüyü kimi mübahisəsiz reallıqlar (onlara görə) deyil, əsərlərini yazarkən detallar üzərində tərəddüd etmədən yol verdikləri təhriflərdir. Bu şəkildə yaradılan saxta reallıq bəzən bütün əsəri əhatə edən ölçülərə çatır... Bir nümunə: Eduard Uilyam Leynenin "Müasir Misirlilərin adət və ənənələri” adlı əsəri tarix və antropoloji tədqiqatların klassikləri arasında qeyd olunursa, bunun səbəbi əsərin üslubu və çox müdrik, parlaq detallarla zəngin olmasıdır, müəllifinin irqi üstünlüyünün nəticəsi deyil...

Orientalizmin siyasi sferada ortaya qoyduğu suallar bunlardır: Orientalizm ənənəsi kimi imperialist bir ənənənin formalaşmasına səbəb olan digər intellektual, estetik, elmi və mədəni enerji mənbələri hansılardır? Filologiya, leksikologiya, tarix, biologiya və iqtisadi nəzəriyyələr, romanlar və lirik şeirlər orientalizmin açıq-aşkar imperialist dünyasının fikirlərinə necə kömək etdi? Orientalizmdə baş verən dəyişikliklər, qaydalar, tədqiqatlar və hətta inqilablar necə meydana gəldi? Orientalizmdə orijinallığın, davamlılığın və hətta fərdiliyin yeri nədir? Orientalizm bir dövrdən digər dövrə necə keçir və ya necə bir yaradıcılıq yoluna sahibdir? Nəhayət, tarixi və mədəni bir fenomen olan orientalizmi "Bəşərin" həvəsli bir əsəri olaraq necə təhlil edə bilərik? Şübhəsiz ki, bu təhlil onun bütün tarixi mürəkkəbliyini, təfərrüatlarını və qərarlarını nəzərə alacaq, eyni zamanda mədəni araşdırmalar, siyasi meyillər, dövlət və suverenliyin xüsusi reallıqları diqqətdən kənarda qalmayacaqdır. Bu cür baxışları əhatə edən bəşəri bir əsər siyasi və mədəni məsuliyyət şüuru ilə ərsəyə gələ bilər. Lakin bu, o demək deyil ki, bu əsər elmlə siyasət arasındakı münasibətlərə dair dəyişməz bir qayda ortaya qoysun ... Xeyr, bununla demək istəyirəm ki, bütün bəşəri tədqiqatlarda insani münasibətlərin tələbləri elmi baxımdan nəzərdən keçirilməli, mövzu və tarixi şərtlər unudulmamalıdır.

2. Metodologiya problemi: Əvvəlki əsərlərimin birində humanitar elmlərdə bir giriş nöqtəsi tapmaq və formalaşdırmaq, bir başlanğıc prinsipi əldə etmək üçün metodun nə dərəcədə dəyərli olduğuna işarə etmişdim. Öyrəndim ki, asan ötürülən və sadə sözlərlə başa düşülən girişdən daha vacib bir şey yoxdur. Bütün tədqiqat layihələrində başlanğıcda ortaya çıxacaq çətinlikləri asanlıqla həzm etdirməyin yollarını axtarmaq lazımdır. Əlinizdə tutduğunuz "Orientalizm”də olduğu qədər heç bir əsərimdə bu qaydanın vacibliyini bu dərəcədə aşkar görmədim. (uğurlu və ya uğursuz olduğumu həqiqətən deyə bilmərəm ...) Başlanğıc fikri və ya giriş hadisəsi, ilk növbədə, bir yığcamlaşdırma, lakoniklik tələb edir. Bu lakoniklik böyük bir həcmin içindən bir şeyi ayırmaq və həmin ayrılanı göstərməkdir. Bu ayrılmış parça başlanğıc nöqtəsidir, ilk həmlədir. Lyu Altyusser mətnşünasların girişdə tətbiq etdiyi bu yığcamlaşdırmanı "Problematika" adlandırır. Bu məfhum, bir mətnin və ya bir qrup mətnin müəyyən, spesifik bir hissəsi, eyni zamanda təhlilin doğurduğu girişdir. Bununla yanaşı, orientalizm nümunəsində (Altyusserin araşdırdığı Marksın mətnlərinin əksinə), sadəcə, giriş nöqtəsini və ya "problematika"nı tapmaq deyil, eyni zamanda araşdırmaya uyğun bir şəkildə mətnləri, müəllifləri və dövrləri müəyyən etmək lazım idi.
 


Məncə, ilk növbədə: Orientalizmə aid tarixi ensiklopedik bir mətn yazmağın heç bir mənası yoxdur. Çünki düşündüyüm ilk mövzu "Avropanın Şərq fikri"dir. Bu mövzuda lazım olan material hüdudsuzdur. İkinci bir məqam isə təhkiyyə üslubunun yaratmağa çalışdığım siyasi meyillərə uyğun gəlməməsidir. Üçüncü bir məqam isə budur: Reymond Şvabın "Şərqin İntibahı", İohann Fükün "XX əsrin əvvəllərində Avropada Ərəbşünaslıq", daha yaxınlarda Dorote Metlitskiyin yazdığı "Orta əsrlərdə İngiltərədə Ərəb dilinin dəyəri" adlı kitabları, onsuz da, ensiklopedik əsərlərdir. Bu əsərlər Avropa və Şərq arasındakı bəzi münasibətlərə toxunaraq, siyasi və intellektual zəmində mənim kimi tənqid vəzifəsini yerinə yetirirlər.

Geriyə qalın və tozlu arxivlərin istifadəyə yararlı hissələrinin yenidən gözdən keçirilməsi problemi qalır. Aşkar olunacaq şey müəyyən bir intellektual ardıcıllığa tabe etdirilməlidir. Bildirmək istəyirəm ki, kor-koranə xronoloji bir ardıcıllığın heç bir faydası olmayacaq. Mənim başlanğıc nöqtəm ingilis, fransız və amerikalıların geniş mənada işlətdikləri "Orientalizm" sözü ilə nə deməyə çalışdıqlarıdır. Orientalizmin xarakterini ortaya qoyan tarixi və intellektual faktlardır. Yuxarıda izah etməyə çalışdığım səbəblərə görə bütün bu problemləri ingilis, fransız və amerikanların Şərq haqqındakı düşüncələri ilə əhatə etməyi düşündüm. Bu ölkələr uzun müddət ərəb və islam dünyasında yaşadılar və ən azı, min ilə yaxın bir zaman ərzində bu coğrafiyada təmsil olundular. Ərəb və islam dünyası ortaya atılan kimi Hindistan, Yaponiya, Çin və Uzaq Şərqin bir çox ölkələri də daxil olmaqla böyük bir şərq mövzudan kənarda qalır. Qərbin bu ölkələrə baxışı onun Yaxın Şərqə və islama baxışı ilə uyğun deyil: bu, ayrı bir məsələdir. Ancaq Avropanın Şərqdəki maraqlarının ümumi tarixini araşdırarkən, bəzən Misir, Suriya və Ərəbistan kimi bölgələr Avropanın İran və Hindistan kimi uzaq ölkələrdəki davranışları nəzərə alınmadan araşdırıla bilməz. Misir və Hindistan arasındakı münasibətlər XVIII-XIX əsrlər İngiltərəsi haqqında mükəmməl bir nümunədir. Eynilə "Zend-Avesta" sirlərinin açılmasında Fransanın rolunu dərk etmək də yuxarıda göstərilən diqqətə bağlıdır. XIX əsrin ilk onilliyində Paris, Sanskrit dilində aparılan bütün növ araşdırmaların yeganə mərkəzi idi. Unutmayaq ki, Napoleon orientalizmə ingilislərin Hindistanda oynadığı rolu bildiyi üçün dəyər verirdi. Uzaq Şərqlə bağlı bütün bu mənfəət münasibətləri Fransanın Yaxın Şərq, islam və ərəb ölkələrindəki maraqlarına birbaşa təsir etdi.

Böyük Britaniya və Fransa XVII əsrin sonlarından etibarən Aralıq dənizində liderlik etməyə başladı. Ancaq bu məqamda inkişaf etdirməyə çalışdığım fikirlərim iki məsələni kölgədə qoymalıdır: a) Almaniya, İtaliya, Rusiya, İspaniya və Portuqaliyanın orientalizmə böyük töhfə verdiyini unutmamalıyıq, b) rahib Lövt, Ayhorn, Herder və Mixaylis kimi sələflərin, xüsusilə dini mətnlər üzərində inqilabi tədqiqatları diqqətdən qaçırılmamalıdır. Bu əsərlər XIX əsr orientalizmini xeyli gücləndirdi. Əvvəlcə kitabımın vacib bir hissəsini ingilis və fransızların, daha sonra amerikalıların gətirdiyi material üzərində cəmlədim. Çünki mənə elə gəlir ki, bu iki ölkə təkcə Şərqin və Şərqşünaslığın sələfləri deyil, həm də heç bir mübahisə doğurmayacaq dərəcədə öz qabaqcıl mövqelərini uzun müddər qoruyan ölkələrdir. Çünki hər iki ölkə XX əsrdən əvvəl tarixdə iki böyük müstəmləkə ərazisinə sahib idi. Güman edirəm ki, İkinci Dünya müharibəsindən sonra amerikalılar səssizcə bu iki böyük Avropa gücünün diqqətindən yayınan nöqtələrə yerləşdilər. Yenə də düşünürəm ki, həqiqi üstünlükləri, sanballı tərtibatları və elmi çəkiləri ilə ingilislərin, fransızların və amerikalıların Şərq haqqında əsərləri Almaniya, İtaliya, Rusiya və digər ölkələrdə nəşr olunan əhəmiyyətli əsərləri üstələyir. Ancaq orientalizmdə ad çıxarmış bəzi əsərlərin əvvəlcə İngiltərə və ya Fransada yaradıldığı, lakin sonradan almanlar tərəfindən inkişaf etdirildiyi də məlumdur. Məsələn, Silvestr de Sasi, sadəcə, islamı, Ərəb ədəbiyyatını, Dürzi təriqətini və Sasani İranını öyrənən Avropanın ilk müasir peşəkar şərqşünası olmaqla yanaşı, eyni zamanda, Şampolon və Frans Boppun sələfi və alman müqayisəli dilçiliyinin banisidir. Uilyams Cons və Eduard Uilyam Leyn də eyni sələflik və üstünlük haqqına sahibdir. Digər bir məqam: - kibu sahə mənim orientalist tədqiqatımın əhəmiyyətli boşluqlarını doldurur - son illərdə müasir orientalizm adlandırdığım dövrə qədər olan zaman ərzində erkən dövr İncil tədqiqatlarına aid mühüm əsərlərin yazılmasıdır. Bu əsərlərdən ən yaxşısı və bizə ən parlaq işıq saçan E.S Şafferin "Kubla Xan və Qüdsün süqutu" adlı əsəridir. Bu kitab Kolridc, Brauninq və Corc Eliotun əsərlərindəki romantizmin və intellektual başlanğıcın mənbələri haqqında dəyərli məlumatlar verir. Şafferin əsəri müəyyən dərəcədə Şvabın müəyyən etdiyi əsas istiqamətlərin inkişaf etdirilməsidir. Şaffer kitabını müqəddəs kitabın alman mütəxəssislərinə xas olan elementlərinin köməyi ilə yazıb və bunları qiymətləndirmək üçün üç böyük ingilis müəllifindən ağıllı və ecazkar şəkildə yararlanıb. Ancaq bu kitab orientalizmə material verən fransız və ingilis yazıçılarının siyasi və ideoloji təsirlənmələrindən məhrum görünür. Bundan əlavə, Şafferdən fərqli olaraq mən orientalizmin son dövrlərini akademik olduğu qədər ədəbi baxımından da nəzərdən keçirdim. Bir tərəfdən ingilis şərqşünaslığı ilə fransız şərqşünaslığı arasındakı münasibətləri araşdırarkən, digər tərəfdən açıq-aşkar müstəmləkəçi meyilləri olan orientalizm diqqətimi çəkdi. Bütün bu qədim tezislərin İkinci Dünya müharibəsindən sonra Amerika şərqşünaslığında necə formalaşdığını göstərmək istərdim. Amma kitabım oxucunu yanıldan bir araşdırma kimi görünə bilər; vaxtaşırı verdiyim bəzi istinadların xaricində, Silvestr de Sasidən sonra alman alimlərinin liderlik etdiyi şərqşünaslıq haqqında çox məlumat vermədim. Şərqşünaslığı akademik baxımdan araşdıran tədqiqatlar Stendal, Maks Müller, Beker, Qoldsier, Brokelman və Nöldeke kimi adlara diqqət yetirmirlərsə, yarımçıq sayılmalıdırlar. - Yalnız bir neçə ad çəkdim... - Adını çəkdiyim alimlərin XIX əsrin ortalarında alman elm həyatına gətirdikləri böyük dəyərlərə kifayət qədər diqqət göstərmədiyim üçün məyusam. Corc Eliot bu diqqətsizliyi göstərən ingilis alimlərinə dəyər vermirdi. Bu an beynimdə Eliotun "Martın ortasında" adlı əsərindəki unudulmaz cənab Kazobonun portreti var. Kazobonun "Mifologiyanın açarı" əsərini bitirə bilməməsinin səbəblərindən biri də gənc qardaşı oğlu Uill Ladislavın dediyinə görə, almanca əsərlərdən xəbərsiz olmasıdır. Çünki Kazobon, sadəcə, "kimya qədər dəyişkən: yeni kəşflər davamlı olaraq yeni fikirlərə yol açır" kimi bir mövzu seçməyib, Paraselsdən "şərqşünas olmadığı üçün" imtina edilməsinə bənzər bir işə girişmişdi. Corc Eliot romanın bəhs etdiyi 1830-cu illərdə alman müdrikliyinin Avropada zirvəyə çatdığını iddia etməkdə haqsız deyildi. Lakin XIX əsrin ilk illərində bu müdriklik heç vaxt "şərqşünaslarla" və "milli" maraqlarla yaxın əlaqələrdə deyildi. İngiltərə və Fransanın Hindistanda, Şərqdə və Şimali Afrikada olduğunu xatırladan bir şey yox idi. Almaniyada Şərq həmişə almanlar üçün klassika sayılıb. Alman lirik poeziyası Şərqdən ilham aldı, Şərq haqqında böyük xəyallar quruldu, romanlar yazıldı, lakin Şərq heç vaxt Şotabrian, Leyn, Lamartin, Burton, Dizraeli və ya Nervalın Suriya və Misiri qədər real olmadı. Bu səbəbdən Getenin "Şərq-Qərb" Divanı və Fridrix Şlegelin "Hindlilərin Dilləri və Fəlsəfələri haqqında" əsərləri kimi Şərq haqqında yazılmış iki məşhur əsər, əslində, Reyn çayı üzərində bir neçə gəzinti və Paris kitabxanalarında keçirilmiş uzun saatlardan ibarət oldu. Alman müdrikliyinin yaratdığı əsərlər, ümumiyyətlə, imperialist İngiltərə və Fransasının Şərqdən gətirdiyi mətnlər üzərindəki səylər, fikirlər, hekayələr və ideologiyaların çərçivəsini aşa bilməyən bu materialın inkişafına kömək etdi. Buna baxmayaraq, alman şərqşünaslığının əvvəlcə ingilis-fransız, daha sonra Amerika şərqşünaslığı ilə bölüşdüyü ortaq nöqtə, "Qərb mədəniyyəti daxilində” Şərqdə qurulmuş intellektual bir "avtoritarizm"dir. Bu avtoritarizm hər cür şərqşünaslıq təsvirinin böyük bir hissəsini əhatələyir və hazırda bizim bütün mövzumuzu əhatə edir. "Orientalizm" adı belə ciddi bir peşəkarlıq üslubundan irəli gəlir. Orientalizmi müasir Amerika Sosial Elmlərinə tətbiq edərkən (onlar özlərinə şərqünas demirlər, bu ifadəni burada işlətməyim doğru deyil), diqqət yetirdiyim yeganə məqsəd Orta Şərq məsələləri üzrə mütəxəssislərin diqqətini XIX əsr Avropa şərqşünaslarının hələ də yaşayan intellektual izlərinə yönəltmək idi.

Avtoritarizm nə sirli, nə də təbii bir şeydir. Qurulur, populyarlaşdırılır, kök salır. Bu, bir vasitədir. İnandırıcıdır. Bir statusu var. Zövqləri və dəyərləri inkişaf etdirir. Doğru və ənənəvi olduğunu iddia edərək yaratdığı, ötürdüyü və formalaşdırdığı düşüncə və inanclardan asanlıqla seçilməz... Avtoritarizm hər şeyə hakim mövqedə təhlil edilə bilər və edilməlidir... Avtoritarizmin bütün bu xüsusiyyətləri orientalizmə tətbiq edilə bilər. Bu əsərdə hədəflədiyim məqsədlərdən biri də orientalizmin tarixi avtoritarizmini ortaya qoymaq və orientalizmdə avtoritarizm yaratmış insanları tanıtmaqdır. Bu avtoritarizmi araşdırmaq üçün vacib metodoloji vasitələrimdən biri də Mövqe Strategiyasıdır. Bu metod bir mətn müəllifinin istifadə etdiyi şərq materialı ilə öz arasındakı qarşılıqlı vəziyyəti nəzərdən keçirir. Digər metodoloji vasitə isə Forma Strategiyasıdır. Bu metod mətnlərin öz aralarındakı əlaqəsinin öyrənilməsidir. Bir mətnin və ya mətn qrupunun tipi, növü, kütləyə təsir forması, sanballılığı və istinad gücü bu metodun vacib detallarıdır. Mövzusu Şərq olan bütün müəlliflərin üzləşdiyi problemləri bilmək üçün ancaq bu strategiya konsepsiyasından istifadə etmək istəyirəm. Göz qamaşdıran ölçülərdən, ənginlik və hərdəmxəyallıqdan qurtulmaq, bunların içində boğulmamaq və ya bunlara uymamaq üçün necə bir yol seçmək, nə etmək lazımdır? Şərq haqqında yazı yazanlar aşağıdakılara diqqət yetirməlidirlər: Mətndə əks olunan mövqe metodu; qəbul edilmiş tədqiqat formasıdan, yaradılan strukturun növündən, çəkilmiş şəkillərdən, temalardan, mətndə yer alan motivlərdən ibarətdir. Bütün bu elementlər oxucuya Şərqi görmək imkanını verəcək və bu zaman Şərq öz ağzı ilə danışmağa başlayacaq. Buna baxmayaraq, mövzunun heç bir tərəfi qaranlıqda qalmayacaq. Şərqdən bəhs edən bütün müəlliflər (hətta Homer də...) qərəzli fikirlərlə yola çıxdılar, hər zaman etibar etdikləri və istinadlarına mənbə saydıqları yeganə meyar öz xəyalları oldu. Bundan əlavə, Şərqə aid bütün əsərlər; digər əsərlərə, xalq kütlələrinə, institutlara və hətta Şərqin özünə "sədaqətlidir”. Bu əsərlər oxucular və Şərqin bəzi xüsusi hallarının əlaqələri kimi analiz ediləcək bir xarakter daşıyır. Məsələn, filoloji tədqiqatlar, antologiyalar, Şərq ədəbiyyatından götürülmüş mətnlər, səyahət qeydləri, təxəyyül hesabına yaradılan mətnlər hər an maraqlı nəticələrə gətirib çıxaracaq tədqiqatlara mövzu ola bilər. Bu yazıların zamandakı yeri, qurumlara, məktəblərə, kitabxanalara və xarici işlər nazirliklərinə mühakimə üslubunda verdikləri faydaları ilə birlikdə böyük bir güc mənbəyi təşkil edir.

Ümid edirəm ki, avtoritarizm mövzusunda göstərdiyim diqqət orientalist mətnlərin gizli sirlərini açmaqda çətinlik yaratmayacaq. Ancaq vacib olan yenə də bu mətnlərdə təqdimat üsulu və mətnin "xarici görünüşü”dür. Bu fikrə yetərincə diqqət yetirildiyini düşünmürəm. Orientalizm, əslində, xarici dünyaya daha çox xitab edir, daha doğrusu, şair və ya alim kimi bir şərqşünas Şərqdən bəhs edərkən onun sirlərini Qərbə fayda verən bir şəklə salır və onu Qərb üçün danışdırır. Şərq heç vaxt önə çıxmır, heç vaxt ilk səbəb kimi görünmür. Sanki, onun bütün hekayələri və yazıları, sadəcə, danışılmaq və yazılmaq üçün düşünülüb. Müəllif həmişə Şərqin xaricindədir, nə forma, nə də məzmun baxımından təsvir etdiyi dünyanın adamı deyil. Bu "yad olmanın" əsas yaradıcılığı təbiəti etibarilə "təqdimat" dır. Esxilin yazdığı "Perslilər" pyesindən üzü bəri Şərq uzaq bir təhlükə olmaqdan çıxıb, hər an ailəvi yaxınlıqlarla ortaya çıxa biləcək öyrəşdiyimiz şəklini alıb. (Esxilin pyesində yas tutan asiyalı qadınlar...) "Perslilər"in dramatik təqdimatı bütün çəkisi ilə "Şərq”li olmayan bir müəllifin Şərqə aid yaratdığı bir rəmzdir. Orientalist mətnlər üzərində apardığım araşdırmanın amacı bu cür "təqdimat" şəkillərində gizli qalan gözəgörünməz fərziyələrə işıq tutmaqdır. Bu cür "təqdimat" formalarının Şərqin uzaqdan təbii görünüşü ilə heç bir əlaqəsi yoxdur. Mətnlərdə nəzərə çarpan bu əsas xarakter, xüsusilə tarixi mətnlərdə, filoloji analizlərdə, siyasi araşdırmalarda bütün aydınlığı ilə görünür. Sənət əsəri olan mətnlər isə bundan az təsirlənirlər. Vacib olan təqdimatın həqiqiliyi və ya həqiqətə yaxınlığı deyil, müəllifin tərzi, haqqında bəhs olunanların şəxsiyyəti, motivasiya üsulu, tədqiqat metodları, tarixi və sosial şərtlərdir. "Təqdimatı" təşkil edən hərəkətverici qüvvə hər zaman sadə reallığın bu və ya digər şəklidir. Şərq özünü təqdim edə bilsəydi, hər halda, nəticə fərqli olardı. Amma edə bilmir. Bu işi Qərblilər həyata keçirir. Beləliklə, "təqdimat" qərblilər üçün işləyir və Şərq hər zaman zərər görür. Marks "Lüdviq Bonapartın 18 Oktyabr günü"ndə deyir: "Sie können sicb nicht vertreten, sie mussen vertreten inerden". Bu o deməkdir ki: "Onlar özlərini təqdim edə bilmirlər, onları təqdim etmək lazımdır".

"Xarici görünüş” üzərində israr etməyimin daha bir səbəbi var. Düşünürəm ki, aşağıdakı məqam aydınlaşdırılmalıdır: Mədəni əlaqələrdə və bir mədəniyyətin daxili münasibətlərində əsas məsələ "həqiqətdən" daha çox bu həqiqətin "təqdimatı"dır. Bir daha təkarlamaqda fayda var ki, danışıq dilinin özü də təqdimat üsulları arasında müxtəlif ifadə formalarından istifadə edən, hədəf göstərən, mesaj və xəbər mübadiləsi aparan, mütəşəkkil şəkildə təşkil edilmiş və müəyyən qəliblərə yerləşdirilmiş bir sistemdir. Yazılı dilin bir cümləsi, ən azından, sadəcə, bir varlıq deyil, bir baza, ehtiyat həlqəsi, canlı bir mövcudluq, kəsəsi, bir təqdimatdır. Şərqə aid yazılan bir yazının dəyəri, təsiri, gücü və reallığı əks etdirmə şəkli çox kiçik bir miqyasda Şərqin həqiqi üzünə əsaslanır. Bu tip mətnlər Şərqdən daha çox bir vasitə kimi istifadə etməyi üstün tutur... Əksinə, mətnlər oxucunu həqiqətlərdən yayındırmaq, hadisədən uzaqlaşdırmaq və dumanlı bir "Şərq" tablosunu onun başına yerləşdirmək məqsədi daşıyır. Buna görə də bütün Şərqşünaslıq fəaliyyətləri, ümumilikdə Şərqdən ilham alsalar da, Şərqi müəyyən bir məsafədə saxlamağı məqsədəuyğun hesab edirlər. Ən bəsit mənası ilə Şərqşünaslıq Şərqdən daha çox Qərbə bağlıdır. Bu bağlılığı Qərbin müxtəlif üslubları yaradır. Beləliklə, Şərq açıq-aşkar halda çıxışlardakı şəkli və Qərbin təqdimatı ilə ortaya çıxır. Bu təqdimat nəticə etibarilə institutlara, ənənələrə, qaydalara, müqavilələrə bağlı və daha əlverişli görünür.

Şərqin təqdimat şəkli XVIII əsrin son illərindən sonra dəyişdi. (Bu məqamda mənim modern orientalizm adlandırdığım məsələni nəzərdən qaçırmamaq lazım gələcək.) Şərqşünaslıq sahəsi son dövrdə xeyli genişlənib. Uilyam Cons və Anketil-Düperrona görə, Napoleonun Misir səfərindən sonra Avropanın Şərq haqqında düşüncələri daha böyük miqyasda elmə yönəldi və bu fəaliyyət yeni bir avtoritet və nizam-intizam qazanaraq o anadək çatmadığı bir nöqtəyə çatdı. Bununla birlikdə, yenə də vacib olan Şərqi anlayış qəlibinə soxmaq üçün inkişaf etdirilən yeni metodlar və son dərəcə müasir meyarlarla hesablanan yeni üsullardır. XVIII əsrin sonunda Şərq danışdığı mütləq dilləri ilə gündəmə gəlməyə başladı. Bu dillər tarixin ən qədim çağlarına qədər gedib çıxır (İbranicə kimi...) Bu mövzunu da yenə bir qrup avropalı kəşf edərək digər alimlərə ötürdülər və bu məlumatlara yeni bir elm sahəsi olaraq sahib çıxdılar. Hind-Avropa filologiyası adı ilə ortaya çıxan yeni və zəngin elm, bu dəfə Şərqi dil baxımından araşdırmağa meyil etdi və Fukonun "Kəlmələr və nəsnələr" əsərində qeyd etdiyi kimi, bu elm bir sıra elmi əlaqələr zəncirinin ilk həlqəsi oldu. Uilyam Bekford, Bayron, Gete və Huqo öz sənətləri ilə Şərqi yenidən qurdular, yaratdıqları şəkillər, ritm və motivlərlə Şərqin rənglərini, işıqlarını və xalqlarını yenidən göz önünə gətirdilər. Qərbin məhsulu olan orientalizm bəzən daha qabarıq bir şəkildə onu yaradan mədəniyyətin ehtiyaclarına cavab verdi. Beləliklə, orientalizm tarixində bir tərəfdən güclü daxili harmoniya, digər tərəfdən ətrafını saran hakim bir mədəniyyətlə əsaslı bir tərəfdaşlıq əlaqələri mövcuddur. Təhlillərimdə bu sahənin formalarını, daxili mütəşəkkilliyini, qabaqcıllarını, əsas avtoritetlərini, klassik mətnlərini, inanclarına bağlı düşüncələrini, əsas simalarını, tərəfdarlarını, şərhçilərini və yeni nəsillərini göstərməyə çalışdım. Eyni zamanda orientalizmin "güclü fikirləri", doktrina və mədəni cərəyanları necə qəbul etdiyini və çox vaxt özünün ilham verdiyi bu ideyaları necə qarşıladığını izah etmək istədim. Beləliklə, orientalizm keçmişi və indisi ilə ortaya çıxdı. Dil orientalizmi, Freyd orientalizmi, Şpenqler orientalizmi, Darvin orientalizmi və İrqçi orientalizm artıq bizim üçün yad deyillər. Bununla yanaşı, xalis, saf Şərqin heç vaxt mövcud olmadığına və ya ən azından, şərtsiz bir Şərqin varlığına şahid olmadıq. Orientalizmin maddi olmayan heç bir formasına rast gəlinməyib. Şərqdə kiçik bir məsum "fikir"ə belə heç vaxt yer olmayıb. Şərqdə fikirlər əməllərdən ayrılmazdır. Fikir tarixi yazarları ilə yolumun ayrıldığı məqam israrla müdafiə etdiyim düşüncələrim və onların metodoloji nəticələridir. Əslində, orientalist çıxışların ətrafında döndüyü bünövrə, onun inkişaf formaları və xüsusilə maddi təsirləri düşüncə tarixi ilə məşğul olan şəxslərin heç vaxt maraqlanmadığı məsələlərdir. Bu bünövrə və bu maddi təsir araşdırılmadan orientalizm digərləri kimi bir fikir olmaqdan o tərəfə keçə bilməz. Halbuki orientalizm belə bir obrazdan çox uzaqdır və uzaq olmağa da davam edir. Bu səbəbdən yalnız elmi əsərlərin deyil, həm də bədii mətnlərin, siyasi yazıların, qəzet məqalələrinin, səyahət qeydlərinin, dini və filoloji tədqiqatların analiz olunmasını istəyirəm. Başqa sözlə, özümü tarixi və "antropoloji" işə həsr etmişəm. Və bilirəm ki, dünyadakı bütün mətnlər tarixdən qidalanan zaman və məkan müxtəlifliyi daxilində fərqli vəziyyətlərin və fərqli şərtlərin məhsuludur. Ancaq əsərlərindən çox faydalandığım Mişel Fuko ilə bir nöqtədə yolumuz ayrılır: hesab edirəm ki, orientalizmin əsasını təşkil edən kollektiv və anonim əsərlərə müstəqil müəlliflərin daha çox təsiri olur. Araşdırdığım bir çox mətn məndə bu qənaəti yaratdı ki, müəlliflərin əksəriyyəti bir-birlərindən mütəmadi sitat gətirirlər. Beləliklə, orientalizm çox geniş bir miqyasda müəlliflərdən və əsərlərdən ibarət bir vəhdət olaraq qəbul edilməlidir. Leynin "Müasir Misirlilərin Adət və Ənənələri" əsərini Nerval, Flober və Riçard Berton kimi bir çox fərqli müəlliflər oxudu və mənbə olaraq göstərdi. Bu kitab bir avtoritet sayılır. Yalnız Misir deyil, Şərq haqqında yazan və düşünən hər kəs üçün istifadəsi mütləq sayılan bir əsərdir. Nevral "Müasir Misir"i sözbəsöz təkrarlayarkən Leynin qüdrətinə və biliyinə istinad edir, ancaq bir Misir kəndindən deyil, Suriyanın bir kəndindən danışır. Leyn bu qüdrətə sahib idi. Əslində, gücün mənbəyi orientalizmdir. Şərqşünaslıq hər an yeni bir istinad əsərinə səbəb ola biləcək bir xüsusiyyətə malikdir. Lakin əsərinin əsas istiqamətlərini anlamadan Leynin güclü xarakterini üzə çıxarmaq mümkün deyil. Bu həqiqət Renan, Silvestr de Sasi, Lamartin, Şlegel və əhəmiyyətli bir qrup müəllifə aiddir. Fuko, ümumilikdə, bir mətnin və ya müstəqil bir müəllifin daha az əhəmiyyətli olduğunu düşünür. Təcrübə mənə göstərdi ki, orientalizmdə bu, belə deyil. (Bəlkə də, başqa heç yerdə belə deyil...) Bu səbəbdən araşdırdığım mətnlərdə müəlliflə mətn arasındakı əlaqələri tapıb üzə çıxarmaq və sonradan mətnin ümumi görünüşünü daha sonra nəzərdən keçirmək məqsədi güdürəm.

Bununla yanaşı, bu kitab çox geniş bir müəlliflər dünyasını əhatə etsə də, orientalizmin bütün tarixi və ya geniş bir mühasibatı olmaqdan uzaqdır. Bu çatışmazlığın fərqindəyəm. Orientalizm çox sıx toxunmuş ipəyi ilə mövcudluğunu qoruyur və Qərb dünyasına xidmət edir. Mənim gördüyüm iş bu ipəyin müxtəlif vaxtlarda aldığı fərqli formaları göstərmək və fərqli simaları, detalları, yazıları və maraqlı hadisələri üzə çıxarmaqdır. Düşündükcə bu kitabın bir başlanğıc olduğu qənaətinə gəlirəm, şübhəsiz ki, alimlər və müəlliflər başqa şeylər də yazmağa həvəs göstərəcəklər. İmperializm və mədəniyyətə aid ümumi bir araşdırma gün üzünə çıxacağı zamanı gözləyir. Orientalizm və pedaqogika arasındakı əlaqələr dərindən öyrənilməlidir. Həm də italyan, holland, alman və isveçrə şərqşünaslığı müqayisəli araşdırmalıdır... Elmlə elmi təxəyyül arasındakı əlaqə bağı nəzərdən keçirməlidir... İdarəetmə anlayışlarının intellektual həyatla necə birləşdiyinə diqqət yetirilməlidir. Bəlkə də, hazırda aparılacaq ən vacib araşdırma orientalizmi nəyin əvəz edə biləcəyini düşünməkdir. Digər mədəniyyətlər və digər xalqlar təzyiq və müdaxilə olmadan azad və müstəqil bir yanaşma ilə necə öyrənilə bilər? Ancaq bütün bunlardan əvvəl "bilmək" və "bacarmaq" arasındakı bütün mürəkkəb problemləri yenidən düşünmək lazım gələcəkdir. Bu kitabda yerinə yetirə bilmədiyim üçün təəssüflənəcəyiniz vəzifələr bunlardır.

Metod məsələsində demək istədiyim son və bəlkə də, qürurumu oxşayacaq şey budur: Bu əsəri bir neçə oxucu kateqoriyası üçün düşündüm. Ədəbiyyat və ədəbi tənqidçilər üçün orientalizm xalqlararası münasibətlərin, tarixin və mətnlərin mükəmməl bir xəzinəsidir. Üstəlik, Şərqin Qərb mədəniyyətində oynadığı rol şərqşünaslığı ideologiya, siyasət və idarəetmə məntiqi kimi müxtəlif mövzulara yönəldir. Düşünürəm ki, bu mövzular ədəbiyyat dünyasında olduqca diqqətçəkici bölmələr sayıla bilər. Bu gün Şərqi araşdıranları, universitet mühitlərini və siyasi təsirləri düşünəndə iki məqsəd güdürəm. Əvvəlcə onların hansı intellektual köklərə söykəndiklərini göstərmək istəyirəm. Sonrakı məqsədim əsərlərimin böyük bir hissəsini təşkil edən məsələlərə diqqətləri çəkərək indiyə qədər heç müzakirə olunmayan və sadəcə, qəbul edilən bəzi məqamları üzə çıxarmaqdır. Buna görə də mübahisələrə səbəb ola biləcəyimə ümid edirəm... Bu kitabı oxuyan bir şəxs mütəxəssis olmasa da diqqətini çəkəcək müxtəlif mövzulara rast gələcək. Bu kitab Qərbin Şərqə necə baxdığını öyrənməklə yanaşı, Vikonun "Millətlər Dünyası" adlandırdığı digər bölgədə də Qərb mədəniyyətinin nə kimi bir dəyəri olduğunu göstərəcək. Nəhayət, bu araşdırma üçüncü dünya oxucusunu həqiqətlərə bir addım daha da yaxınlaşdıracaq. Oxucu kitabda təkcə Qərb siyasətini və bu siyasətin içində yer aldığı halda qərbli olmayan dünyanı deyil, həm də Qərbin mədəni cazibəsini fərq edəcək. Bu güc bu günə qədər yalnız dekorasiya və ya xarici görünüş gücü kimi səhv başa düşülüb. Düşünürəm ki, burada mədəni üstünlüyün dağıdıcı mahiyyətini kifayət qədər göstərə bildim. Xüsusilə uzun müddət müstəmləkə hakimiyyəti altında yaşayan xalqlara bu bünövrənin təhlükələrini göstərməyə çalışıram və bu təhlükənin nə özləri, nə də başqaları üçün hələ də sovuşmadığını qeyd etmək istəyirəm. Bu kitabı üç hissəyə və on bir fəsilə ayırdım. Mövzunu mümkün qədər asan başa düşülən hala salmağa çalışdım. "Orientalizmin əhatə dairəsi” adlanan birinci hissə zaman və tarixi təcrübə baxımından şərqşünaslığın geniş mənzərəsini əks etdirərək, eyni zamanda onun fəlsəfi və siyasi motivlərindən bəhs edir. "Keçmiş və Yeni orientalizm" adlanan ikinci hissə isə mordern şərqşünaslığın inkişaf istiqamətini araşdırmağı hədəfləyir. Bu hissədə xronoloji ardıcıllığa əsasən şairlərin, sənət və elm adamlarının əsərlərində yer alan ortaq nöqtələr araşdırılır. "Orientalizm bu gün" adlanan üçüncü hissə əvvəlki orientalizmin sona çatdığı yerdən, yəni 1870-ci illərdən başlayır. Bu dövr İkinci Dünya müharibəsi ilə özünün ən pik həddinə çatan Şərqin böyük müstəmləkəçilik dövrüdür. Üçüncü hissənin son fəsli hegemonluğun ingilislərin və fransızların əlindən amerikalıların əlinə necə keçdiyini izah edir. Bu məqamda günümüzün intellektual və sosial həqiqətlərinə nəzərən Amerika şərqşünaslığının mənzərəsini göstərməyə çalışacağam.

3. Şəxsi prinsip: Qramşi "Həbsxana dəftərləri"ndə yazır: "Böyük tənqidin başlanğıc nöqtəsi, bir növ, tənqidçinin həqiqət axtarışı zamanı " özünü tanıması”dır. Keçmiş günlər insan həyatında saysız-hesabsız izlər qoyar, amma hadisələrin siyahısını verməz”. Bizdə olan ingiliscə tərcüməsi Qramşinin sözünü anlaşılmaz bir şəkildə burada kəsir. Halbuki italyanca orijinal mətndə aşağıdakı əlavə də var: "Bir əsərə başlamazdan əvvəl bu sərmayənin inventarını aparmalı". Bu araşdırmanın içində şəxsi hisslərim belə yer aldı: ingilislərin iki müstəmləkəsində böyüdüm və "şərqli" olduğumu öyrəndim. Fələstin və Misir olan bu mütəmləkələrdə və daha sonra ABŞ-da yiyələndiyim mədəniyyət tamamilə Qərb mədəniyyəti oldu. Buna baxmayaraq, keçmiş hissləri ürəyimin dərinliklərində gizləyib qorudum. Orientalizmi öyrənərkən bir az da keçmişdə qalan bu izləri xatırlamağa çalışıram. Hər bir şərqli bu mədəni təzyiqi öz üzərində ağır bir yük kimi daşıyır. Buna görə də bütün diqqətimi islam Şərqinə yönəltdim. Qramşinin bəhs etdiyi inventar işini yerinə yetirib-yetirmədiyimi deyə bilmərəm. Amma bu inventarın nə qədər vacib olduğunun fərqindəyəm. Bütün əsər boyuca var gücümlə bacardığım qədər "tənqid" ruhunu diri saxlamağa çalışdım. Təhsil səviyyəmin xoş bir nəticə ilə mənə bəxş etdiyi imkanları səfərbər edərək bütün tarixi, bəşəri və mədəni biliklərimdən yararlandım. Şərqliliyin mədəni gerçəkliyini və bunun mənimlə olan bağlılığını heç vaxt unutmadım. Belə bir araşdırmanın reallaşmasına səbəb olan tarixi şərtlər olduqca mürəkkəbdir. Onları semantik qaydaya uyğunlaşdırdım. 1950-ci ildən sonra Qərbdə, xüsusən də ABŞ-da yaşayan hər bir insan Şərq-Qərb münasibətlərinin ən gərgin bir dövrünə şahid olub. Bu ərəfədə "Şərq" Qərb üçün böyük bir təhlükə mənbəyi idi. Xüsusilə ənənəvi Şərq və Rusiya əsas təhdid və təhlükə ocaqları sayılırdı. Bu məqsədlə universitetlərdə təhsil proqramları hazırlanır və Şərq mədəniyyətləri tələbə təşkilatlarında milli siyasətin bir hissəsi olaraq araşdırılırdı. ABŞ Şərqə xüsusi diqqət yetirirdi. Amerikalılar Şərqi ənənəvi və ekzotik baxımdan deyil, strateji və iqtisadi dəyəri ilə ölçürdülər. Elektron çağın astanasında yaşayan Qərb vətəndaşı üçün dünya artıq bilinməyən bir planet olmaqdan çıxacaqdısa, bu işdə Şərqin böyük bir payı olacaqdı. Şərq mifoloji bir varlıq olmaqdan getdikcə uzaqlaşırdı. Bu varlığın içində qərblilərin və xüsusən amerikalıların əvəzolunmaz maraqları yer alırdı. "Modernizm"dən sonrakı elektron dövrün xüsusiyyətlərindən biri də Şərqlə bağlı qərəzli fikirlərin şiddətlənməsidir. Televiziya, kino və bütün kütləvi informasiya vasitələri xəbərləri getdikcə daha kiçik qəliblərə zorla pərçim edirlər. Şərqi maraqlandıran hər bir xəbər bu kiçik qəliblərin və qərəzli münasibətin daha da möhkəmlənməsinə səbəb olur və on doqquzuncu əsrdə universitetləri məşğul edən uydurma cin-şeytan hekayələri, "Sirli Şərq" tablosu hələ də bütün gücü ilə yaşayır. Bu hadisə Şərqin heç bir yerində Yaxın Şərqdə olduğu qədər açıq və aydın deyildir. Ərəbləri və islamı demoqogiyaya yaxınlaşdıracaq qədər güclü şəkildə siyasiləşdirmək üçün üç sadə element bəs etdi: a) Şərqşünaslığın tarixində dərhal əks olunacaq şəkildə Qərbdə anti-Ərəb və anti-islam qərəzliliyinin ümumi tarixi, b) ərəblər və İsrail sionizmi arasındakı mücadilə; bu mücadilənin Amerika yəhudiləri arasında və daha ümumi halda liberal kult və xalq kütlələri üzərindəki təsirləri, c) nə ərəbləri və islamı tanıyacaq, nə də onlar haqqında sərbəst müzakirələrə imkan verəcək kiçicik də olsun mədəni bir davranış niyyətinin olmaması. Bunu da əlavə etmək lazımdır ki, artıq Yaxın Şərq məsələləri böyük dövlətlərin mənafeləri, neft ticarəti, azadlıq və demokratiyaya möhtac İsrail ilə totalitar və terrorist zehniyyətli ərəb milləti arasındakı fərqlərlə elə bir mürəkkəb hal alıb ki, Yaxın Şərqə gəldikdə söhbətin nədən getdiyini anlamaq şans məsələsidir. Bütün xaos bu mənbədən qaynaqlanır.

Məni bu kitabı yazmağa məcbur edən başqa bir səbəb də şəxsi təcrübələrimdir. Fələstinli bir ərəb üçün Qərbdə, xüsusən Amerikada yaşamaq heç də asan məsələ deyil, cəsarət istər. Hər şeydən əvvəl bu şəxs sərt bir reallıqla üz-üzə qalacaq. O, siyasi cəhətdən orada mövcud deyil. Əgər varlığı qəbul ediləsi olsa belə, o, cansıxıcı bir insan və bir şərqlidir. İrqçiliyin, mədəni şərtiliyin, siyasi imperializmin, qeyri-insani ideologiyaların hədəfidir. Bütün bunlar Qərbdəki bir ərəbi və müsəlmanı bərk-bərk sıxar və hərəkət etməyə qoymaz... Üstəlik, bu şəxs bir fələstinlidirsə, cəzası daha da ağır olacaq. Hələ bu harasıdır... Amerikada Şərq məsələləri ilə məşğul olanlar arasında heç kimin nə ərəblərə, nə də Şərqə qarşı səmimi hisslər bəsləmədiyi, nə mədəni, nə də siyasi cəhətdən müsbət bir davranış niyyətində olmadığı məlum olanda vəziyyət daha da acınacaqlı hala gəlir. Şübhəsiz ki, bu mövzuda bəzi dairələrin müxtəlif imtiyazları var, lakin Amerika liberallarının sionizmin təsirindən kənara çıxaraq siyasi və iqtisadi şərtlərə boyun əymədən müstəqil fikir sahibi ola biləcəklərini düşünmək sadəlövhlük olardı. Neft şirkətlərinin rəsmiləri və ya dövlət məmurları şərtilikləri görməzdən gəlsələr də, öz dinlərinin təsiri altına düşəcəklər. Mənim üçün Şərqilini yaradan və müəyyən mənada onu insan kimi qəbul edən məlumat-güc şəbəkəsi "sırf akademik” problem deyil. Ancaq açıq-aydın həlli vacib olan intellektual problemidir. Burada bəşəri və siyasi cəhdlərimi bir məqsəd ətrafında toplayaraq, bunu Şərqşünaslığın yaranması, inkişafı və kök atması kimi çox spesifik bir məsələnin hərtərəfli öyrənilməsinə həsr edə bildim. Ədəbiyyat və mədəniyyətin siyasi, hətta tarixi baxımından günahsız olduğunu söyləmək artıq ənənə halını alıb. Bu, mənə həmişə yanlış görünüb. Orientalizmi öyrənməyim mənə göstərdi ki, - eyni şeyi dostlarıma da göstərəcəyinə ümid edirəm - cəmiyyət və ədəbiyyat bir-birini tamamlayır və ayrılmazdır. Bu kitabı yazarkən fərqinə vardım ki, sirli və gizli bir bağ məni qarşısıalınmaz bir şəkildə Qərb antisemitizminə bağlayır. Antisemitizm - Nuhun oğlu Şamın övladları olduqlarına inanılan Assuriya, Xaldey, İbrani, Finikiya, Karfagen və Ərəb kimi tanınan bütün xalqlara qarşı doktrin - ilə orientalizm arasında, göstərdiyim kimi, çox sıx əlaqələr var. Bu tarixi, mədəni və siyasi bir reallıqdır. Fələstinli bir ərəbin bütün varlığı bu həqiqətlərlə doludur. Düşünürəm ki, mədəni üstünlüyün bu insana tətbiq etdiyi təsiri kifayət qədər izah edə bildim. Bütün bunlar "Şərq" və "Qərb"i tamamilə yox edib, iki dünya arasında yeni əlaqələr zənciri yaradacaqsa, o zaman Reymond Uilyamsın üstünlük anlayışına işarə edən "mütləq bir qalibin və məğlubun tapılması vəziyyətini unutmaq" dediyi şeyə daha bir addım daha yaxınlaşmış olacağıq.

(ardı var)

OXŞAR XƏBƏRLƏR