Bakıdan ezamiyyəmiz Qax rayonunadır. Sərt karantin rejiminin tətbiq olunduğu paytaxtı tərk edib, bölgələrdəki vəziyyəti öyrənməyə qərar vermişik.
Bunun üçün əvvəlcə Şamaxı istiqamətində, Müşviqabad ərazisində qurulan postdan keçmək lazım idi. Sözsüz ki, bizim respublika üzrə hərəkət sərbəstliyimiz üçün icaze.gov.az-da qeydiyyatımız və ezamiyyə vərəqəmiz var idi. Ona görə də polis postunda yoxlanışdan sonra Bakıdan çıxa bildik.
Postdakı vəziyyətə gəlincə, yoxlanış kifayət qədər ciddi, həssasdır, avtomobildə olanların sənədlərini, icazəsi olub-olmadığını incəliyinə qədər dəqiqləşdirirlər.
Kimin icazəsi yoxdursa, birmənalı olaraq geri qaytarılır, karantini pozanlar cərimələnirdilər. Amma əvvəlki dövrlə müqayisədə deyə bilərik ki, indi postlarda seyrəklikdir, rayonlara kütləvi axın müşahidə olunmur.
Biz gedəndə az sayda avtomobil var idi, uzun növbələr görmədik. Halbuki ötən həftələrdə insanlar rayonlara axışırdılar, hətta postlardan keçə bilməyənlər qanunu pozaraq torpaqdan yoldan istifadə edib əyalətlərə gedirdilər.
İndisə yoxlanış daha da sərtləşdirilib, torpaq yollara nəzarət gücləndirilib, "quş belə uça bilmir”. Ona görə postlarda ciddi yoxlanış olduğunu bilən vətəndaşlar regionlara axışmağa risk etmirlər.
Postda polislərlə yanaşı Daxili Qoşunun əsgərləri, yanğınsöndürən maşın, Çevik Polis Alayının əməkdaşları da var idi. Onlar üçün xidmət ərazisində qərargah yaradılıb.
Biz postu keçdikdən sonra Şamaxıya qədər demək olar ki, yollar bomboş, sakit, izsiz-tozsuz idi, ins-cins görmək olmurdu.
Həmişə maşınların çox olduğu, xüsusən yayda kurort yerlərə gedənlərə görə qaynayan Bakı-Şamaxı yolunda ara-sıra avtomobillər qarşımıza çıxırdı.
Amma bu sözləri Şamaxı rayonu haqda söyləmək olmaz. Şamaxıya daxil olanda adamı qəribə hisslər bürüyür - Bakıdan cəmi 1 saat yarımlıq uzaq bölgədə sanki heç nə baş verməyib, bura Azərbaycan deyil, dünyada tüğyan edən koronavirusun qədim şəhərimizə aidiyyəti yoxdur.
Şamaxıda gediş-gəliş sərbəstdir, həyat Bakıda karantindən əvvəlki axardadır, avtobuslar, maşınlar ora-bura şütüyür, kafe-restoranlar, hotellər açıqdır, nə postlar qurulub, nə SMS icazə ilə küçəyə çıxmaq məhdudiyyəti var...
Əksinə, koronavirusun çəngində olmayan, bu epidemiyadan zərər çəkməyən Şamaxı camaatı olduqca rahatdır, heç nə olmamış kimi həyata davam edir, kafelər müştəri ilə dolub-daşır, qonşu İsmayıllı, Ağsu rayonlarından Pirquluya və digər istirahət yerlərinə gələnlərin olduğunu öyrənirik. Sadəcə, istirahət mərkəzlərində hərarət ölçülür, 5 nəfərdən artıq adamın bir yerə toplaşmasına icazə verilmir.
Yolboyu gedərkən oxşar mənzərəni İsmayıllı rayonunda da müşahidə etdik. Bundan əvvəl İsmayıllı karantin zonası elan edilmişdi, amma virusla mübarizədə az itki verdilər, hazırda rəsmi məlumata görə, bu regionda yoluxma yoxdur deyə karantindən çıxıb.
Ona görə İsmayıllının da istirahət mərkəzləri açıqdır, iaşə obyektləri fəaliyyətdədir, insanlar iş başındadırlar.
Ancaq istər Şamaxı, istərsə İsmayıllı, eləcə də Qəbələ olsun, bu regionlarda ən çox eşitdiyimiz giley-güzar bu il turizmin tamamilə çökməsidir.
Kurort bölgələrin işlərinin şıdırğı getməli vaxtında Bakıdan rayonlara gediş-gəlişin dayanması, eləcə də zonanın regional mərkəzi sayılan Şəkinin də sərt karantinə alınması işləri zay edib.
İstirahət mərkəzlərinin sahibləri, restoran işlədənlər şikayətlənirdilər ki, bu yay turist üzünə həsrət qaldılar, COVİD-19 infeksiyası hamının planlarını alt-üst elədi. Eyni mənzərə Qəbələ kimi turistlərin bol olduğu bölgədə də müşahidə olunur. Karantin tətbiq edilməsə də, turizmə ciddi ziyan dəyib.
Bununla belə, obyektlərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb. Onlardan tələb olunan ümumi karantin tövsiyələrinə riayət edilməsidir, yəni hotelə daxil olan müştəri maska taxmalı, hərarəti ölçülməli, sosial məsafənin gözlənilməsi təmin edilməlidir.
Onu da öyrənirik ki, regionlarda virusa yoluxmalara əsas səbəb paytaxtdan gələnlərin olmasıdır. Bakıdan gələn insanlar arasında virus daşıyıcıları olur və yayırlar. Lakin özləri virusun inkubasiya dövründə bundan xəbərsiz olurlar.
Yeri gəlmişkən, yaranmış vəziyyət daha çox Oğuz rayonuna da ciddi təsir edib. Şəkiyə qonşu olan Oğuzda karantin elan edilməsə də, insanların hərəkəti məhdudlaşıb.
Çünki oğuzlular nə Şəkiyə, nə Zaqatalaya gedə bilirlər, nə Bakıya gələ bilirlər. Rayonda ticarət obyektləri, kafelər açıq olsalar da, koronavirus təsirini göstərib.
Onlar yalnız Şamaxıya qədər irəliləyə bilərlər. Şəkiyə getmək üçün icaze.gov.az-da qeydiyyatdan keçməlisən, əks təqdirdə, postdan geri qaytarırlar. Oğuzdan Şəkiyə girişdə post qurulub, hər kəs bir-bir yoxlanılır.
Buna səbəb regionun mərkəzi yerlərindən sayılan Şəkidə koronavirusa yoluxanların artmasıdır. Burada nə qədər insanın yoluxması, neçə nəfərin epidemiyadan dünyasını dəyişməsi, ümumi gedişat, şəhərdə sərt karantin rejiminin təşkili ilə bağlı məlumatlarla növbəti reportajlarımızda ətraflı tanış olacaqsınız...
Mənbə: "Yeni Müsavat"
Şərhlər