Nazlı Ağayeva
Ölkə 13:05 17.05.2020

Səssizlikdən çatlayan o küçə...

Nazlı Ağayeva

Bu yazı pandemiya məfhumunun həyatımızı kabusa döndərdiyi vaxtlardan çox-çox əvvəl yazılıb. Bitirə bilmədiyim bir mövzuya uzaqdan qayıtmaq üçün arxivi eşələyəndə gözümə dəydi. Oxudum və anladım ki, üstümüzə gələn qarışıq informasiya tıxacında bundan yaxşı yazmağa gücüm çatmayacaq. 

Həm də insan üçün qəribsəmiş dilsiz-ağızsız heyvan həsrətinə də bir az su səpəcəyinə ümidləndim. Heyvanlar oxumaqdan anlamasalar da, sevgidən anlayarlar. Yaman günlər ötəndən sonra o sevgilərin tam qarşılıq alacağı günlər arzusuyla...

Biri vardı, biri yox

"Oliqarx Qəbələsinin mərkəzində balaca bir küçük çənəsini səkiyə dayayıb qəmli gözləriylə gəlib-gedənlərin ayaqlarına baxır. Bu böyük dünyada o balaca küçüyün o ayaqlardan qorxulu düşməni yoxdu. Çünki səhərdən-axşama qədər bir loxma çörək dalınca gəzən o ayaqların onun canını incitməsi an məsələsidir. Kimi toxundan, kimi acından ona bir təpik vurub keçər. Vurmayanlar da sifətlərini turşudub elə baxarlar ki, guya həyatlarındakı bütün uğursuzluqlara görə o bapbalaca varlıq günahkardı...

Ondan acsan-açıqdasanmı? – deyə soruşmuram. Körpə qabırğalarını hətta mənim eynəksiz gözlərimlə saymaq olar. Səni incidirlərmi? – deyə soruşmuram.  Sadəcə yaxınlaşan hər addıma görə yığılan titrək bədənini görməmək üçün gözlərimi yumuram. Adın nədir? – də soruşmuram. Ah, yavrum, heç çağıran olurmu ki, səni... Təpiklər var ikən topuqlar bərabərindəki canlıya kim kəlmə sərf edəcək bu ölkədə?

Çünki bura bir alman, fransız, ingilis və yaxud heç olmasa rus şəhəri deyil. Sizin də kor qismətinizə bizlər kimi elə bir yer düşüb ki, burda nə insan kimi insan olmaq olur, nə də heyvan kimi heyvan. Həm də yalnız harınlamış yuxarılar deyil, səfilləşmiş aşağılar da həvəslə bu haqqı əlimizdən almağa çalışırlar. 

İlk gördüyümdə ürəyimdən səni evə aparmaq keçdi. Ən azından qarnın ac qalmaz, başının üstündə bir damın, oynamağa təhlükəsiz həyətin olardı. Amma dərhal hansı ölkənin hansı bölgəsində, hansı bölgənin hansı məhləsində yaşadığımı xatırlayıb bu istəyi beşiyindəcə boğdum. Bilirsənmi niyə? Uşaq vaxtı məşhur bir yazıçının kitabını oxuyandan yadımda qalıb. Orda təxminən belə bir fikir vardı ki, hər kəs sahib çıxdığı canlı üçün məsuliyyət daşıyır. Yəni, bu ölkədə ən mümkünsüz öhdəlik, ödənilməyən borc... Məhz bu səbəbdən sən küçədə, mənim fikrim-xəyalım da sənin yanında qaldı. 

Əlbəttə, əgər mən yuxarıda sadaladığım ölkələrin vətəndaşı olsaydım və adım məsələn, Anjela, Culiya, Valentina olsaydı, sənin də özünə görə qəşəng bir adın olardı. Və o halda mən sakit vicdanla, sən isə rahat yerdə yaşayıb gedəcəkdik. Amma mən böyük Mirzə Cəlilin "Ölülər”indəki Nazlıdan bircə qarış qabağa getməmişəmsə, nəinki küçədəki kiçicik heyvanı, heç əlimdəki özümü də qoruya bilmərəm. Bu halda sənə ad qoymağa da ixtiyarım yoxdu. Amma ürəyimin kövrək bir guşəsində Qərib kimi yaşayacaqsan. Öz elində və evində qərib olan mənim kimi...

Səni daha da üzmək istəməzdim, amma bilməyin vacib olan məsələlər var, Qəribim... 

O günləri dükandan sənə yeməyə bir şeylər alanda "xözeyin” dedi ki, bu hərəkətlə mən səni qudurduram. Onun beyninə görə sizlərin günlərlə ac qalması təbii hal imiş. Yalnız o halda ac heyvanlar canlarına əziyyət verib özlərinə bir parça sümük tapa bilərmişlər. Deməyinə heyvanlar dedi, amma anladım ki, söhbət həm də ikinci sinif hesab etdiyi bizə aiddir. O sözlərdən sonra əli "ayfon”lu, altı "Cip”li, başı havalı "Xudayar bəyə” cavab verməyin mənasız olduğunu anladım. Yoxsa deyərdim ki, ay nadan, bu ölkədə yüzlərlə savadlı, diplomlu adam bir loxma çörək tapa bilmir, indi bu əl boyda dilsiz-ağızsız heyvan o ruzunu axtarıb kimdən, hardan tapacaq?

Dedim-demədim, sən məni boş ver, onsuz da buralarda mənsəbə çatanlar geridə buraxdıqlarını hər fürsətdə alçaltmağa çalışırlar. Bununla sümük kimi qabaqlarına atılan təminatlı həyat üçün itirdiklərinin qisasını alırlar. Və o adamda sür-sümük mövzusuna həssaslıq çox yəqin ki, bu səbəbdən qaynaqlanır. 
Həm də bizim onları dəyişdirməyə gücümüz çatmaz ki... Yaşadığımız şərtlər altında özümüz içimizdəki mənimizi qoruya bilsək qənimətdir. Qaldı ki, mənim sənə yenə bir xəbərim var. Unutma, Qəribim: 

Artıq yay mövsümü başlayır. Bir yandan canın isinəcək deyə sevinsəm də, bir yandan da ürəyimi qorxu alıb. Çünki yay gecələri təhlükəli olur buralarda. Paytaxtdan yaylaqlanmağa gələn "elit” tayfalar qiyməti özlərindən baha avtomobilləri qəfil şahə qaldırıb "göbək” oynadırlar. Amanın günüdür, şər vaxtı yoldan-irizdən uzaq ol, canım balacam...” 

İt kimi darıxmaq...

P.S. Dünyanın düz vaxtı insan təhlükəsi yaşayan heyvanlar son aylarda həmin təhlükədən ötrü darıxırlar. O adamlar lap onları incidib yerlərindən etsələr də, təki küçələr adamla dolsun deyə xiffət eləyirlər. Bir-iki təpiklə, daşla-ağacla, haray-qışırıqla dünya dağılmayacaqdı ki. Aralarından insaflılar çıxıb başlarını sığallayana qədər ac qarınlarını doydurana dözəcəkdilər. Bir azdan ağrı-acını unudub bəxtəvər, məsum canlarıyla həmin o həyat dolu küçənin qucağında mürgüləyəcəkdilər. Səksəkəli yuxu olacaqdı, amma şəfqətdən, mərhəmətdən də ümid kəsilməz. İnsanın işini bilmək olmaz, dünən hirsini onların üstünə tökən biri gecə yarısı ordan keçəndə duyğulanıb daman üstlərini nimdaş pencəyi ilə örtəcəkdi...