Dünya 11:26 17.10.2019

Şeytanı dünyaya çağırdı, lənəti yüzlərlə insanı öldürdü - “Cadugər şair”

Alister Krouli 1875-ci ildə İngiltərədə tanınmış, zəngin və dindar bir ailədə doğulub. 23 yaşında Qızıl Şəfəq Cəmiyyətinə üzv olsa da, sonralar həmcinsləri ilə əlaqələrinə görə "manyak” ittihamı ilə cəmiyyətdən qovulub. Həyatı boyu müxtəlif dini cəmiyyətlər və təriqətlərə qarşı mübarizə aparıb. Lakin sonda bu gün də bir çox məşhur simanın üzvü olduğu iddia edilən Ordo Templi Orientis (O.T.O) təriqətinin lideri olub, Böyük Ustad adını alıb.

Qaynarinfo teleqraf.com-a istinadən xəbər verir ki, müasir Satanizmin banisi sayılan Alister Krouli fəaliyyətləri və caduları ilə saysız qətliama səbəb olub.

Cəmiyyətdə narahatlıq yaratmaq və təhlükəsizliyi təhdid ittihamı ilə İtaliya və Fransa da daxil olmaqla bir çox ölkədən qovulub. Qanlı ayin və qara caduları ilə tanınan Alister Krouli yaşadığı dövrdə "XX əsrin Şeytanı” adlandırılırdı.

Şeytanın doğuluşu

Krouli paqanizm, şamanizm kimi Şərq dinlərini Qərbə gətirməsi, başqa sözlə, Şərq və Qərbi üz-üzə qoyması ilə məşhur idi. O, düşüncələri və təlimləriylə böyük bir dövrün insanlarını arxasınca aparan, sənət dünyasına böyük təsiri olan ikonik bir simadır.

Təhsilinə Trinitidə bir kollecdə psixologiya, fəlsəfə və iqtisadiyyatla başlayıb, Kembricdə ədəbiyyat oxuyaraq davam edib. Ədəbiyyat (poeziya), rəssamlıq, şahmat, astronomiya, kimya kimi bir çox sahədə özünü göstərib. Hətta alpinizmə maraq göstərdiyi gənclik illərində dünyanın ən yüksək zirvələrinə qədər dırmaşmışdı. Atasının ölümündən aldığı travmalarla yaşadığı illərdə qara caduya meyl edəcək, yavaş-yavaş insanları qorxuya salan "Canavar”a çevriləcəkdi.

14 yaşlı manyak

Anası atasının ölümündən sonra Kroulini tamamilə öz nəzarətinə götürdü və onun tərbiyəsi ilə ciddi formada məşğul olmağa başladı. Lakin Alister yola gəlməyən bir uşaq idi. Hələ 14 yaşında evin qulluqçusunu zorlamasından sonra anası ona "İncil”də adı keçən "Canavar” ləqəbini verdi. Bundan inanılmaz həzz alan Alister sonrakı illərdə bu ada uyğun yaşamağın ona həzz verdiyini və qalan ömrünü bu ada yaraşan formada – günah işləyərək keçirəcəyini deyəcəkdi.

İsa və Tanrıya nifrət

Din və elmin birləşdirilməsinin vacibliyinə inanırdı. Krouli radikal bir dindar ailədə yetişməsinə baxmayaraq, xristianlığı uşaqkən rədd etmiş, Telema dinini yenidən formalaşdırıb özünə uyğun şəklə salmışdı. Telema dininin kitabı isə özünün yazdığı "Qanun”dur. Qara caduya da yer verilən kitabda kainatın yaranmasından insana qədər bir çox məsələlərə yer verilib. Kitabın ana xəttini "Nə istəyirsənsə, onu et, bütün qanun budur” prinsipi ifadə edir.

Alister Krouli özünü peyğəmbər elan etmiş və ətrafına müridlər toplamağı bacarmışdı. Kroulinin xristianlığın peyğəmbəri haqda fikri belə idi: "İsa və Tanrıya nifrət etmirəm, sadəcə insanların İsasına və Tanrısına nifrət edirəm”.

Qızılı saçlı qadınlar

Biseksual olan Alister Krouli "İncil”də adı keçən "Qızılı saçlı qadın”a görə, həyatı boyu ancaq qızılı saçlı qadınlarla birlikdə oldu. Birlikdə olduğu ilk qadın isə hələ 14 yaşında ikən zorladığı evin qulluqçusu idi. Anasının yatağında qulluqçu ilə zorla birlikdə olarkən ələ keçdi. Bu hadisədən sonra qulluqçu evdən qovuldu və küçədə yaşamağa məcbur oldu. Rəvayətə görə, Alister Kroulinin mənfi enerjisi evdən qovulan qulluqçunun "Qarındeşən” Ceklə yollarını kəsişdirdi və qulluqçu Cekin qurbanlarından biri oldu.

Mələyin himayəsində

Krouli Ayvass adlı bir mələk tərəfindən qorunduğunu iddia edirdi. Bir başqa rəvayətdə isə bu mələyin Horus olduğu deyilir. Qahirədə olarkən həyat yoldaşı Rouzun vücuduna bürünərək üç gündə ona məşhur "Qanun” kitabını yazdırdığını iddia edən Krouliyə görə, formasız və bədənsiz olan Ayvass həyatı boyu ona rəhbərlik edib.

23 yaşında həmcinsləriylə cinsi əlaqədə olduğu üçün üzvü olduğu Qızıl Şəfəq Cəmiyyətindən qovulub. Bundan sonra cəmiyyətin bütün sirlərini 7 səhifəlik bir jurnalda bütün dünyaya açıqlamışdı. Bu hadisədən sonra Makqreqor Mazerslə böyük bir qara cadu mübarizəsinə girmişdi. Bitərəf qalanların cəmiyyətdən getməsindən sonra Qızıl Şəfəq dağıldı.

Eyni zamanda, Alister Kroulinin 33-cü dərəcəli bir mason olduğu deyilir.

Prezidentin anası ilə eşq macərası

Alister Krouli əlli yaşlarında yazdığı "Ali Sınaq” ("Supreme Ordeal”) kitabı üçün bəzi təcrübələri həyata keçirirdi. Həmin dönəmdə qonaq getdiyi evin qadını (Paulina Pyers) ilə özünün manyak seks fantaziyasını reallaşdırdı. Evli olan Paulina səkkiz ay sonra – 1925-ci ildə Barbara adlı bir qız dünyaya gətirdi. Barbara isə sonralar ABŞ prezidenti seçiləcək Corc H.W. Buşla evləndi. Əgər bu bir təsadüf deyilsə, Corc Buş Kroulinin nəvəsidir. Üstəgəl, Barbara və Krouli arasındakı inanılmaz oxşarlıq da, bu iddianı təsdiq edə biləcək xarakterdədir.

Qolemin dünyaya çağırılması

Həyatı boyu Şeytanın oğlu Qolemi dünyaya gətirmək üçün çalışıb. Bir rəvayətə görə, bu məqsədlə həyata keçirdiyi ayinlərdə Şeytana 150-yə yaxın qurban vermişdi. Heç vaxt həbs olunmamasına səbəb kimi isə ona qarşı olan və rituallarından iştirak edən hər kəsin sirli şəkildə ölməsi göstərilib.

Həkimin lənətlənməsi

Son aylarında narkotiki 13 doza artıran Alister Krouli ölüm yatağında ağrılara dözə bilmirdi və buna görə həkimindən ona morfi vurmasını istəyir, lakin bu istəyi rədd edilir. Ölümündən 24 saat sonra ona morfin verməyi rədd edən həkim sirli şəkildə ölür. Həyat yoldaşının iddiasına görə, Krouli həkimini lənətləmişdi. Rouz o gecə haqda danışarkən, lənət vaxtı qorxunc göy gurultsunun eşidildiyini və küləyin otaqdakı əşyaları döşəməyə çırpacaq səviyyədə şiddətli əsdiyini demişdi.

Sənət dünyasının başı üzərindəki "qara bulud”

Alister Kroulinin musiqi, ədəbiyyat, qısaca sənət dünyasına qarşısıalınmaz təsiri olmuşdu. Həyatı boyu bir çox insan tərəfindən təhqir olunan və ciddiyə alınmayan bu sirli adamın dillər əzbəri olan musiqilərə, daha doğrusu , rok-metal dünyasına yön verməsi də bir xeyli maraqlıdır.

"Iron Maiden” qrupunun solisti Bryus Dikinson, David Bovi, Cimmi Peyç, "The Beatles”, Merilin Manson, "The Rolling Stones”-in solisti Mik Yagger, "Red Hot Chili Peppers” və digərləri bu sirli şəxsiyyətdən təsirlənmiş və bu təsir yaradıcılıqlarına da yansımışdı.

Haqqında sayısız film çəkilən, kitab və mahnı yazılan Alister Krouli 1947-ci ildə öldükdən sonra arxasında açıqlana bilməyən bir müəmma və sirlərlə dolu 72 illik bir həyat qoydu.

Müəllif: Mənsur Rəğbətoğlu