Xəbər lenti

Şeyx Əbdül:
Maqazin 15:02 19.03.2018

Şeyx Əbdül: "Ortalıqda meymunluq edən uşaqların hamısı - Fərda, Elməddin, Müşfiq..."

Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov aktyor Elməddin Cəfərov haqda bir müddət öncə səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
 
Qaynarinfo xəbər verir ki, kinorejissor "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində bildirib ki, E.Cəfərovu ərkyana tənqid edib:

"Elməddinin xətrini istəyirəm, o da ağsaqqal kimi mənim hörmətimi saxlayır. Nümunə gətirmək üçün onun adını dedim. Həm də Elməddinə ərkim çatır. Bu adamın potensialı var, antropologiyası da imkan yaradır ki, çox gözəl komediya aktyoru olsun. Amma özbaşına qalanda potensialından istifadə edə bilmir.  "Kəklikotu" filmindəki Elməddinə baxın. Orada mən də çəkilmişəm. Filmin rejissoru dedi ki, Elməddin deyir, Şeyx Əbdüllə çəkilsəm, sonra mənə nə deyər? Cəfərə dedim, ona denən ki, mənə zəng vursun. Danışdıq. Dedim ki, Elməddin, mən səninçün göydəndüşmə pedaqoqam. Fuad Poladov, Telman Adıgözəlov, Vaqif Mustafayev mənim kursumu bitiriblər". 

Kinorejissor bildirib ki, istənilən şəxs aktyorluq edə bilər:

"Bu gün ortalıqda üzr istəyirəm, meymunluq eləyən uşaqların hamısı - Fərda, Elməddin, Müşfiq "Kəklikotu" filminə çəkiliblər. Çünki o işdə yaxşı rejissor əli var. Deməli, bunlara yaxşı rejissor və pedaqoq əli lazımdır ki, potensiallarını açsınlar".

Qeyd edək ki, Şeyx Əbdül Mahmudbəyov bir müddət öncə aktyor Elməddin Cəfərovu tənqid edərək, Azərbaycan kinosunu ondan xilas etməyin lazım olduğunu demişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->