Xəbər lenti

Şeyxin sinif yoldaşı: “Qonşu kənddən qız ona məktub yazmışdı, üstü açıldı” (FOTO)
Foto 22:53 15.03.2018

Şeyxin sinif yoldaşı: “Qonşu kənddən qız ona məktub yazmışdı, üstü açıldı” (FOTO)

Qafqaz müsəlmanlarının şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin sinif yoldaşı onunla bağlı xatirələrini bölüşüb. 

Qaynarinfo xəbər verir ki, Azedu.az saytına danışan İltifat Muğbiloğlu şeyxlə bağlı maraqlı faktlar açıqlayıb.

İ. Muğbiloğlu Paşazadə ilə sonuncu sinifləri birgə oxuduğunu bildirib:  

"Bölgələrdə o vaxtlar orta məktəblər az idi. Bizim kənddə tam orta məktəb var idi deyə onlar 8-ci sinfi bitirdikdən sonra təhsillərini davam etdirmək üçün bizim kəndə gəldilər. Allahşükür də qonşu Cil kəndində anadan olub və aşağı sinifləri orada oxuyub. Dinin əlifbasını atamın yanında öyrənib. Masallı rayonunun Ovaşer kəndində Qüdrət Abbasov adlı şeyx vardı, atamla birgə onun  yanına getdilər. Sonrakı təhsilini də həmin din xadimi ilə davam etdirdi.

Şeyx çox qətiyyətli, az danışan şagird idi. Mən onu məqsədinin ardınca gedən biri kimi xatırlayıram. Çox güclü oxumasa da, bizimlə ayaqlaşırdı. Onun dil, ədəbiyyat, xarici dil, tarix, həmçinin, təbiət fənlərinə də marağı vardı. O dövrdə ingilis-dili keçirdik. Bu fəndə siniflə tam ayaqlaşırdı. Bir məqamı sizə xatırladım: bizdən aşağı sinifdə oxuyan Rafael adlı uşaq var idi. Qonşu kənddən gəlmişdi. İndi biologiya elmləri namizədidir.  O da deyirdi ki, mən öz kəndimizdə oxuyanda sinfin ən güclü şagirdi idim. Burada isə ən zəif şagirdlə belə ayaqlaşmağa çətinlik çəkirəm. Amma şeyxdə belə deyildi. Elə bil ki, onda Allah tərəfindən verilən fitrət vardı. Tez ünsiyyət quran idi. Tez qavramağı, götürməyi bacarırdı. Onun xarici görkəmi də çox şirin idi. İstəyirdi ki, hamı ilə tərəf müqabili olsun, ünsiyyət saxlasın. Qısa müddətdə özünə çoxlu dost-tanış tapmışdı. Mehriban insan idi”.
 
Sinif yoldaşı A.Paşazadə ilə bağlı ən yadda qalan xatirəsindən də bəhs edib: 

"Şeyx xarici görkəmcə şirin uşaq idi, toppuş idi. Qonşu kənddən bir qızın ona gözü düşmüşdü. Hətta məktub da yazmışdı. Məktubun üstü açıldı. Biz də məsxərəyə qoyub zarafatlaşdıq. Şeyx də deyirdi ki, vallah mənim xəbərim yoxdu. Qorxuram şeyxin qulağına gedib çatar”.

İltifat Muğbiloğlu şeyxin bir qədər qapalı insan olduğunu söyləyib: "O, sirrini hər kəsə açmazdı. Bəzən nəğmə, rəsm dərslərində şuluqluq edərdik, amma o çox sakit, təmkinlə dayanıb tamaşa edərdi. O, bizimlə avaralıq etməzdi”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->