Hüseynbala SəlimovADAM LAP ÇAŞIB QALIR...Vallah, ha çalışıram, gəl, bir şey anlaya bilmirəm ki, bilmirəm. Bu yaxınlarda ABŞ-la bağlı eşitdiyim bir xəbər məni əməlli-başlı çaşdırdı.
Nə qədər cəhd etdimsə bir nəticə hasil edə bilmədim. Nə qədər çalışdımsa cənab D.Trampın növbəti şaşırdıcı qərarına bir bəraət tapa bilmədim ki, bilmədim...
Düşünürəm ki, əgər bir adamın rəsmi dövlət qulluqçusu statusu yoxdursa, o, zəruri prosedurlardan keçməyibsə və dövlət qulluqçusu üçün vacib öhdəlik daşımırsa onun dövlət sirlərinə necə çıxışı ola bilər?
Belə adam necə dövlət və hökumət başçıları ilə görüşlərdə və danışıqlarda iştirak edər? Məgər bu həmin ABŞ deyilmi ki, cəmi bir neçə ay öncə müəyyən yazışma qaydalarını pozduğuna görə keçmiş dövlət katibi H.Klintonu az qala məhkəməyə çəkmək istəyirdilər?..
BU QƏDƏR “MARAQLI” OLACAĞINI ZƏNN ETMƏZDİK...Bax, beləcə sualları davam etdirmək olardı. Amma buna lüzum yoxdur. Bunsuz da hər şey aydındır.
Yaxınlarda bəlli oldu ki, ABŞ prezidenti qızını özünün qeyri-rəsmi, necə deyərlər, “ştatdankənar” müşaviri təyin etmək istəyir...
Tramp prezident seçilərkən yazmışdıq ki, il çox “maraqlı” olmağı vəd edir. Amma səmimi şəkildə etiraf edirəm ki, onun bu qədər “maraqlı” olacağını zənn etməzdim. Deyə bilərlər “Axı burada nə var ki? Kişi yalnız yaxınlarına etibar edir də!..”.
Amma belə deyil. Bəli, Trampın qızı müəyyən məsələlərdə atasına yardımçı ola bilər. Amma onun heç bir statusu olmadan dövlət işlərinə bu qədər yaxından cəlb edilməsi hər halda o qədər də yaxşı hal deyildir. Həm də ABŞ-da başqa adamlar yoxdurmu ki, Tramp durub öz kürəkənini müşavir təyin edir, üstəlik, qızına da qeyri – rəsmi şəkildə belə bir status verir?..
Yenə də kimsə etiraz edər ki, bunu amerikalılar özləri bilər, qoy, istədikərini etsinlər, bizə nə var?!. Amma yenə də belə deyildir. İki ölkə vardır ki, onlar bizim üçün xüsusi önəm kəsb edir, onlara həmişə bir növ örnək, nümunə kimi baxmışıq. Biri müsəlman dövlətləri arasında hələki seçilən Türkiyədir. Digəri isə ABŞ-dır.
Bir daha deyirəm ki, onları həmişə örnək kimi görməyə alışmışıq və başqa yerlərdə hansısa əcaib, eybəcər, 21-ci əsrə yaraşmayan hadisə baş verəndə “Heç ABŞ-da belə bir şey ola bilərmi?” deyə soruşmuşuq. Fəqət, belə məlum olur ki, hətta ABŞ-da da çox əcaib proseslər baş verə bilər. Ümumiyyətlə, son vaxtlar dünyada sanki bir avtoritarlaşma dalğası müşahidə olunur. Dövlət başçıları özlərini qəbilə başçıları kimi aparır və dövlət instutlarına şəxsi mülkiyyət kimi baxırlar.
Bunun özü çox anormal haldır. Belə məlum olur ki, biz növbəti demokratiya dalğasının intizarında bulunduğumuz halda hər yerdə prezidentlər və yaxud dövlət, hökumət başçıları özlərini lap şahlar kimi aparırlar...
SEZARI NİYƏ ÖLDÜRDÜLƏR?..Burada bilirsinizmi yadıma nə düşür? Böyük Sezar özünün sevimli atını Senata üzv “seçdirmişdi”! Amma bu, nə vaxt olubdur? Nə vaxt baş verib və ən əsası da Y.Sezarın belə ərköyünlüyü axırda nə ilə qurtarıbdır?
Bunları hamı olmasa da, böyük əksəriyyət çox yaxşıca bilir. Romanın məhz Y.Sezarın vaxtında özünün ən qüdrətli çağına çatmasına baxmayaraq onu respublika üçün təhlükə yaratdığına görə öldürdürlər...
Mən bilmirəm ki, D.Trampın ərköyünlüyü necə bitəcəkdir və amerikalılar axırda ona nə deyəcəklər? Amma indi belə alınır ki, min illər bundan əvvəl respublikaçılıq idealları qərblilər üçün daha önəmli olub, nəinki indi...
Elə bu səbəbdən Qərbdə, xüsusən də ABŞ-da hər hansı bir eybəcərlik baş verəndə adam buna münasibət bildirməkdən özünü heç cür saxlaya bilmir...
Bir daha deyirik ki, Trampın ABŞ və dünya siyasətinə çox “yenilik”lər gətirəcəyini bilirdik. Düzdür, indi o, bir qədər “pərişan” görünür, çünki seçki vaxtı dediklərini reallaşdıra bilmir. Amma bu adamın “orijinal”lıq sarıdan heç analoqu yoxdur!
BALIQ BAŞINDAN...Bilirsinizmi, adam amerikalıların yerinə utanır. Kiçik ölkələr aydın məsələdir, amma gəl, ABŞ-dakı seçkilərə də Rusiya müdaxilə edə bilirsə, hətta ABŞ-da da prezident Ağ Evə malikanəsi, hakimiyyətə isə az qala öz şəxsi mülkiyyəti kimi baxırsa, onda nəyəsə ümid yeri qalırmı?..
Qərəz, biz azərbaycanlıların məşhur məsəli var. Deyərlər ki, balıq başından iylənər. Dünyanın da “başı”, örnək bildiyi ünvan ABŞ-dır. Bir daha düşünürsən ki, əgər ABŞ prezidenti də özünü kral kimi aparırsa, o halda, başqalarını qınamağa dəyərmi?..
Düzdür, hələ bilmirik ki, D.Trampın qızı nə dərəcədə və hansı bir həddədək prezidentliyə “ortaq” olacaqdır. Amma lap Sezar edən kimi, bir gün eşitsək ki, elə D.Trampın da sevimli atı, iti və yaxud da pişiyi Konqresə “seçilib”, bundan təəccüblənmərik...
Çünki bu dünyada nələr olmur? Nələr baş vermir? Ən qorxulusu isə budur ki, bu dünya həm də bir gör-götür dünyasıdır
Qaynar.Az
Şərhlər