Bu yaxınlarda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə reportaj üçün yollanmışdıq. Şiddətə, təhqirə məruz qalan qadın və uşaqlara kömək edən sığınacaq Mehriban Zeynalovanın təşəbbüsü ilə yaradılıb. Sığınacaq 7-dən 70-ə hər kəsə qapısını açır və yardım əlini uzadır.
Otaqları gəzdik, bura sığınan qadınların yaşayış və gündəlik məşğuliyyətləri ilə tanış olduq. Buranın da öz qayda-qanunu var. Hər gün müəyyən edilmiş vaxtda yuxudan oyanır, onlar üçün ayrılmış işlərlə məşğul olurlar.
Sığnacaq sakinlərindən biri - Validə Həsənova (ad şərtidir) artıq 6 aydan çoxdur burda qalır. Dediyinə görə sığınacaqda yaşayanlar üçün yeməyi o bişirir. Validənin hekayəsini dinləyib qınamaq da olar. Amma unutmaq lazım deyil ki, onu gücsüz olduğuna inandıran məhz böyüdüyü cəmiyyətdir.
- Nə vaxtdan sığınacaqda yaşayırsınız?
- Fevralın 18-dən burdayam.
- Sığınacaq haqqında məlumatı necə almısınız?
-14 il evli olmuşam. 12 il xoşbəxt həyatımız olub. 13-cü ilimizə keçəndə ailəmizdə problemlər başladı. Yoldaşım restoranda işləyirdi. Orda bir qadın işləyirdi. Yoldaşımla onun arasında münasibət başladı. Həmin qadın analıqdan məhrum edilmişdi. Yoldaşım onunla görüşməyə başlayandan sonra evdə hər gün dava salıb məni uşaqların gözü qarşısında döyürdü. Artıq vəziyyət o yerə gəlib çıxdı ki, mən evdən çıxdım. Qaynımgilə getdim. Elə orda olduğum müddətdə boşanmaq üçün ərizə yazdım. 10 gün qaynımgildə qalandan sonra uşaqlarla birlikdə ordan da çıxdım. Parkda polis bizə yaxınlaşdı. Baş verənləri onlara danışdım və məni sığınacağa gətirdilər. Burda bizi çox gözəl qarşıladılar. Ən azından küçədə qalmadıq, pis işlərlə məşğul olmuruq. Mən bura gələndə heç nəyim yox idi. Qışın ortasında ayağımda rezin "şəpit"lə (başmaqla) gəlmişdim sığınacağa. Mehriban xanım sağ olsun, bizə geyim verdi, bir sözlə bizə qucaq açdı. Qızım hazırda 115 nömrəli məktəbdə təhsilini davam etdirir, oğlum da bu il birinci sinifə gedəcək.
"Taxta ilə başıma o qədər vurmuşdu ki, 15 gün öz övladlarımı tanıya bilmirdim"
- Yoldaşınız tərəfindən fiziki zoralığa məruz qalmışdız?
- 12 il ərzində çox mehriban və xoşbəxt ailəmiz olub. O qadınla tanış olandan sonra ərim tamamilə dəyişdi. Məni gah tövlədə, gah da zirzəmiyə salıb döyürdü ki, qonşular səsimi eşitməsin. Bir dəfə də barmaqlarımı qırmışdı. Taxta ilə başıma o qədər vurmuşdu ki, 15 gün öz övladlarımı tanıya bilmirdim. Əvvəllər polisə şikayət etmirdim, amma sonradan qonşular döyüldüyümü görüb şikayət etdilər. Amma ona heç nə təsir etmirdi. Oğlum hərdən yanıma gəlib deyir ki, "Atam üçün darıxıram, xətrinə dəyməsə, arada onunla da qalmaq istəyirəm". Təbii ki, mənim uşağımın da ata sevgisi görməyə haqqı var.
- Müəyyən müddətdən sonra sığınacağı tərk etməli olacaqsınız. Burdan çıxandan sonra nə etməyi düşünürsünüz?
- Burda qalma müddəti 3 ay müəyyənləşdirilib. Mən isə 6 aydır ki, sığınacaqdayam. Bəlkə də, bilirlər ki, heç kimim yoxdur. Ona görə hələ də burdayam. Bu gün səhərdən nə qədər ağlamışam. Burdan çıxsam, getməyə yerim yoxdur. Hazırda nə istədiyimi belə bilmirəm.
"Ataları nəyinki, onlarla maraqlanır, aliment ödəməkdən də imtina edir"
- Yoldaşınız uşaqlarla maraqlanırmı? Ümumiyyətlə burda olduğunuzdan xəbəri var?
- Yox. O qadından da ayrılıb, Tərtərdən başqa bir qız qaçırdı. Ondan sonra bura gəlib mənimlə barışmaq istədi. Gedib o qızı evdən qovub, uşaqlarla məni apardı. 12 gün birgə qaldıq. Amma qala bilmədim. Yenidən sığınacağa qayıtdım. Çox sağ olsunlar, yenə də mənə burda yer ayırdılar. Ataları nəyinki, onlarla maraqlanır, aliment ödəməkdən də imtina edir.
- Valdeyinləriniz sizə dəstək olmurmu?
- Anam mən doğulanda vəfat edib. Atamın harda olduğunu belə bilmirəm. Məni nənəm saxlayıb. Qohumlarım üçün maraqlı biri deyiləm. Yaxşı ki, bura var. Özümü güvəndə hiss etdim burda. Bütün ümidlərimin tükəndiyi vaxt əlimdən tutdular. Burda çalışan mənə sosial işçilər mənəvi dəstək olurlar. Bu cür şərait yaratdıqları üçün hər kəsə təşəkkür edirəm.
Lalə Niftaliyeva
Qaynarinfo.Az
Şərhlər