Xəbər lenti

Siyasət 13:45 13.01.2023

Siyasi partiyalar ləğv edilir: Hansı təşkilatlar sıradan çıxacaq?

Yaxın günlərdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların qeydiyyatı ləğv ediləcək. 

Qaynarinfo xəbər verir ki, bu, "Siyasi partiyalar haqqında” yeni qanunun təsdiqlənməsi ilə əlaqədardır. Ötən ilin dekabrında "Siyasi partiyalar haqqında” yeni qanun Milli Məclis tərəfindən III oxunuşda qəbul edilib. Yanvarın 11-də isə Prezident İlham Əliyev qanunu təsdiqləyib. 

Ölkədə fəaliyyət göstərən bir çox partiya yeni qanunun tələblərinə cavab vermir. Söhbət xüsusilə çoxsaylı "cırtdan” partiyalardan gedir. Yeni qanuna görə, siyasi partiyanın qeydiyyata alınması üçün azı 5000 üzvü olmalıdır. "Cırtdan” partiyaların bu qədər üzvünün olması inandırıcı görünmür. Hər halda onların fəaliyyətində çoxsaylı üzvlərinin olması hiss olunmur. Ona görə də cırtdan partiyaların birləşməsi ideyası gündəmə gəlib. İddialara görə, həmin partiyalar ya öz aralarında ortaq məxrəcə gəlib birləşməli, yaxud da konkret olaraq hansısa partiyaya inteqrasiya olunub, həmin təşkilatda əriməlidirlər. Bəzi partiyaların bununla razılaşmadığı da gələn xəbərlər sırasındadır. 

Başqa bir məsələ isə təsisçilərlə bağlıdır. Köhnə qanunda konkret təsisçi sayı göstərilməyib. Lakin yeni qanunun 5.1-ci maddəsində qeyd edilib ki, siyasi partiya tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) tərəfindən təsis edilməlidir. Bu maddə siyasi partiyanın bir, yaxud bir neçə nəfərin monopoliyasından çıxarmaq məqsədi daşıya bilər. Məlumdur ki, Azərbaycan təcrübəsində partiyanın təsisçisi təşkilatı az qala şəxsi təsərrüfatı kimi idarə edir. Uzun müddət partiya sədri postunu tutur, sədrlikdən getdikdən sonra da təşkilata təsir imkanlarını saxlayır və s. Yeni qanunla isə bu mümkün olmaya bilər. Çünki artıq partiyanın təsisçisi bir, yaxud bir neçə nəfər deyil, 50 nəfərdir. 

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn burada etibarlılıq prinsipini önə çəkir. "Biz partiya quranda 9 nəfər idik. Yəni, təsisçilər 9 nəfər idi. Amma indi 50 nəfər olmalıdır. Təbii ki, say çoxaldıqca burada etibarlılıq məsələsi ortaya çıxr”, deyə Pənah Hüseyn Qaynarinfo-ya bildirib. 

Yeni qanun "ənənəvi müxalifət" adlandırılan təşkilatlar üçün də problemə çevrilə bilər. Müxalifətin qanuna etiraz etməsi də göstərir ki, onlar baş verənlərin fərqindədir. 

Pənah Hüseyn deyir ki, təsisçi sayından başqa, qeydiyyat üçün 5000 üzvün olması daha ciddi problemdir. Görünür, uzun illərdir müxalifətdə olan təşkilatlar da bu qədər üzvlərinin olmadığı qənaətindədir. 

Bütün bunlara baxmayaraq, hakimiyyət yeni qanunun heç korrektələr edilmədən icrasında israrlıdır. Bu isə o deməkdir ki, yaxın vaxtlarda siyasi spektrində əhəmiyyətli dəyişikliyin şahidi olacağıq. Bu dəyişikliyin ölkə üçün mənfi, yaxud müsbət nəticələr verəcəyini isə zaman göstərəck. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->