Siyəzənə 3, Qəbələyə 2, Kürdəmirə 1 raket atılıb  (RƏSMİ)

Siyəzənə 3, Qəbələyə 2, Kürdəmirə 1 raket atılıb (RƏSMİ)

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan ərazisindən Siyəzən, Qəbələ və Kürdəmirin atəşə tutulması barədə açıqlama yayıb.

Qaynarinfo xəbər verir ki, məlumatda deyilir:

Ermənistanın silahlı qüvvələri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq, əhalinin sıx yaşadığı azərbaycanlı yaşayış məntəqələrini qəsdən atəşə tutmağa davam edir.

Oktyabrın 22-də səhər saatlarında Azərbaycan ərazisi Ermənistan ərazisindən əməliyyat-taktiki raket kompleksindən atılan ballistik raketlərin atəşinə məruz qalıb. Ermənistan silahlı qüvvələri münaqişə zonasından yüzlərlə kilometr məsafədə yerləşən Siyəzən rayonu istiqamətində 3, Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket atıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Gəncə və Mingəçevir şəhərlərindən sonra Azərbaycanın işğal olunmuş ərazilərindən xeyli kənarda yerləşən Siyəzən, Kürdəmir və Qəbələ rayonlarına doğru raketlərin atılması Ermənistanın Azərbaycan dinc əhalisinə qarşı yeni dəhşətli cinayətlər törətmək üçün növbəti cəhdidir.

Bu hücumlar bir daha Ermənistanın münaqişə zonasının coğrafiyasını genişləndirmək cəhdlərindən xəbər verir və onun vəziyyəti daha da gərginləşdirməyə xidmət etdiyini göstərir.

Ermənistanın bu təcavüz aktlarını qətiyyətlə pisləyirik və beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün lazımi addımlar atmağa çağırırıq.

Münaqişənin diplomatik həll yolunun olmadığını bildirən və Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini atəşə tutmaq əmrini verən Ermənistan rəhbərliyi bölgədə gərginliyin artmasına, habelə Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü zamanı törədilən müharibə cinayətlərinə görə tam məsuliyyət daşıyır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR