Bu gün Bakının müxtəlif yerlərində birmərtəbəli həyət evlərinin sökülməsi ilə bağlı işlər aparılır. Bəzi yerlərdə sakinlər aylar öncə bu barədə məlumatlandırılsalar da, bəzilərində ev sahiblərinə çıxmaları üçün konkret olaraq 15 və ya 20 gün vaxt verilir. Təbii ki, ev sahiblərinə yaşayış sahəsinin ölçülərinə uyğun olaraq müəyyən məbləğdə kompensasiya ödənilir, yaxud da onlara həmin ərazidə tikiləcək hündürmərtəbəli binadan ev verilməsi nəzərdə tutulur. Bəs sökülməsi nəzərdə tutulan yaşayış yerlərində icarəyə yer götürüb biznes və ya hər hansısa bir istehsal sahəsi ilə məşğul olan sahibkarlara icarə obyektini itirdiyi üçün kompensasiya ödənilməlidirmi?
Məsələni "Qaynarinfo"ya şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bəzi hallarda icarə sahəsinə görə kompensasiya nəzərdə tutulur, lakin bununla bağlı qanunvericilikdə konkret tələblər yoxdur:
"Əslində icarə sahəsinə görə, kompansasiya nəzərdə tutulur, amma o halda ki, sahibkar həmin ticarət sahəsində müvafiq razılıqla müəyyən xərclər çəkib və ya hansısa bir işlər görüb. Məsələn, sahibkar icarəyə götürdüyü torpaq sahəsində razılıq alaraq hər hansısa bir tikili tikibsə, qurğular quraşdırıbsa və ya həmin yer elə bir istehsal sahəsidir ki, onu köçürmək mümkün deyil, o zaman kompensasiya ödənilməlidir. Amma qeyri-yaşayış sahəsidirsə, mülki qanunvericiliyə görə icarəyə verilən obyektin boşaldılması ilə bağlı qoyulan tələblərdə də göstərilir ki, sahibkar icarəyə götürdüyü obyekti boşaltması üçün ən azından 1 əy əvvəldən məlumatlandırılmalıdır. Təbii ki, bu müddət fəaliyyət istiqamətindən, obyektin ölçülərindən asılı olaraq dəyişə bilər. Məsələn, bir var 50 kvadrat metrlik yer, bir də var 1000 kvadrat metrlik yer. Təbii ki, ərazisi böyük, avadanlıqları çox olan icarə obyektini boşalmaq daha çətindir. Hər halda bunlar nəzərə alınmalıdır. Lakin qanunvericilikdə bununla bağlı konkret bir tələb yoxdur".
Çingiz Səfərli
Qaynarinfo.Az
Şərhlər