Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan Təhsil Nazirliyi və Azərbaycanın Türkiyədəki səfirliyi ilə birlikdə koronavirus pandemiyasına görə öz ölkəsinə dönə bilməyən 10 mindən çox Azərbaycan vətəndaşı və tələbəsinin sığınacaq və yaşayış ehtiyaclarını ödəmək məqsədi ilə dəstək fondu yaradıb.
Qaynarinfo xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, SOCAR Azərbaycan dövlətinin koronavirusa (COVID-19) qarşı ölkə daxilində apardığı bütün tədbirlərdə, eləcə də iqtisadi dayanıqlığının təmin olunmasında yaxından iştirak etməklə yanaşı, həm də Türkiyədə çətinliklərlə üzləşmiş Azərbaycan vətəndaşlarına yardım əlini uzadır:
"Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR pandemiyaya qarşı mübarizədə sosial məsuliyyətini dərk edərək bu istiqamətdə dəstək tədbirlərini davam etdirir. Türkiyə və Azərbaycan iqtisadiyyatlarının inkişafı naminə investisiya layihələrini uğurla davam etdirən SOCAR Türkiyədəki əsas aktivimiz olan "SOCAR Türkiye” vasitəsilə "Biz Bize Yeteriz, Türkiyem” kampaniyasına töhfə verir. İzmirin Əliağa bölgəsində tibbi ehtiyacların təmin olunması sahəsində xəstəxanalara və yerli Səhiyyə İdarəsinə köməklik göstərən SOCAR, pandemiyaya görə Vətənimizə qayıda bilməyən Azərbaycan vətandaşları və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə də dəstək verir".
Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti-nin göstərişinə uyğun olaraq SOCAR, ölkəmizin Ankaradakı səfirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi dəstək layihəsi çərçivəsində Türkiyədə 10 mindən çox Azərbaycan vətəndaşının sığınacaq, əsas qida vasitələri, nəqliyyat kimi ehtiyacları öz həllini tapacaq. Bu layihənin birbaşa vətəndaşların və tələbələrin ehtiyaclarına yönəldiyini bildirən SOCAR prezidenti Rövnəq Abdullayev deyib: "Bu çətin günlərdə biz, Azərbaycan neftçiləri dövlətimizin koronavirusa qarşı apardığı mübarizəni bütün sahələrdə dəstəkləməyi özümüzə borc bilirik. Möhtərəm Prezidentimizin ölkə daxilində həyata keçirdiyi təşəbbüslərə var gücümüzlə dəstək veririk. Bu gün həm də Türkiyədə minlərlə Azərbaycan vətandaşı COVID-19 pandemiyası səbəbindən çətin vəziyyətə düşüb və Azərbaycana qayıda bilmir.
Bir çoxu hazırda qaldığı yataqxana və başqa müvəqqəti yerləri tərk etmək məcburiyyətindədir. Prezidentimizin tapşırıqlarını nəzərə alaraq, biz bu vətəndaşlarımıza da sahib çıxmalı, onlara yardım əli uzatmalıyıq. Onların əsas ehtiyaclarının ödənilməsi məqsədilə SOCAR-ın maliyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ölkəmizin Ankaradakı səfirliyinin təşkilatçılığı ilə dəstək fondu yaradılıb”.
"Azərbaycan və Türkiyədə aparılan yardım kampaniyalarına da dəstək veririk"
Rövnəq Abdullayev daha sonra qeyd edib: "Bildiyiniz kimi, koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlar təxirə salınmışdır. Türkiyədəki azərbaycanlılar digər ölkələrdəki soydaşlarından daha şanslıdır; çünki Türkiyə bizim ikinci vətənimizdir. Əsas aktivlərimizin - Petkim, STAR neft emalı zavodu, Petkim Külək Elektrik Stansiyası, "SOCAR Depolama” və "SOCAR Terminal”ın yerləşdiyi Əliağa bölgəsində tibbi ehtiyacların təminatı üçün genişmiqyaslı yardım kampaniyası təşkil etmişik. İndiyə qədər kampaniya çərçivəsində yüzlərlə azərbaycanlı tələbənin Vətənə qayıtması üçün maddi yardım ayırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırda ölkəsinə qayıda bilməyən Azərbaycan vətandaşlarına yardım etmək üçün faəliyyət göstəririk. Sərmayələrimiz, təsislərimiz, fasiləsiz istehsalımızla Türkiyə və Azərbaycanın rifahı üçün çalışır, sosial məsuliyyətimizi dərk edərək hər iki ölkə vətəndaşlarına dəstək verməyə davam edirik”.
Şərhlər