Ekonomiks 18:34 03.07.2020

“SOCAR təxirəsalınmadan xərclərini optimallaşdırmalıdır”

Koronavirus pandemiyasına qarşı həyata keçirilən məhdudiyyət tədbirləri qlobal iqtisadiyyatda cərəyan edən tənəzzülü daha da dərinləşdirdi. Bunun mənfi təsirlərini bir sıra sahələr kimi, neft-qaz sektoru da hiss etdi. Tələbat aşağı düşdü, qiymətlər kəskin ucuzlaşdı. Bu, neft-qaz bazarındakı qlobal oyunçuları xərclərini əhəmiyyətli dərəcədə optimallaşdırmağa sövq etdi. Bu istiqamətdə yeni investisiyaların məhdudlaşdırılmasından tutmuş, iş yerlərinin ixtisarına kimi bir çox tədbirlər həyata keçirildi.

Bəs Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni çağırışlara adekvat reaksiya verdimi?

Bununla bağlı açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, SOCAR-ın optimallaşdırma işləri həyata keçirməməsi, onun maliyyə vəziyyətini pisləşdirir.

"Neftin qiymətinin kəskin azalması neft hasil edən ölkələrin gəlirlərinə ciddi şəkildə təsir göstərdi. Nəticədə neft-qaz sferasında fəaliyyət göstərən şirkətlər maliyyə itkiləri ilə üzləşdi. Dünya təcrübəsində bu cür situasiyalarda xərclərin optimallaşdırılması zərurəti yaranır. İlk atılan addımlar sırasına rentabelli olmayan sahələrin fəaliyyətinin dayandırılması və məhdudlaşdırılması daxildir. Bu da iş yerlərinin ixtisar olunmasını labüd edir", - o deyib.

Onun sözlərinə görə, Azərbaycanda biz bunun tam əksini müşahidə edirik:

"SOCAR cəmiyyətdə sosial gərginlik yaratmamaq üçün iş yerlərinin ixtisarından yayınaraq bunu sosial yük kimi öz üzərinə götürüb. Bu da öz növbəsində itkilərə gətirib çıxarır və şirkətin maliyyə durumunu pisləşdirir. Ehtiyac oldu-olmadı işçiləri saxlamaq taktikası şirkətin yaxın və orta perspektivdəki strateji planlarına təhdid yaradır. Bu mənada SOCAR-ın transmilli şirkət kimi neft-qaz sektorunda cərəyan edən proseslərdən və çağırışlardan kənarda qalması yanlış qərardır”.

Mənbə: Marja.az