Xəbər lenti

Ekonomiks 16:35 04.12.2019

"Son iki ildə ADY-də insan resurslarının idarə edilməsi üzrə əsaslı islahatlar aparılıb" (MÜSAHİBƏ)

EkoNews Finans.az-a istinadən "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İnsan Resursları (HR) İdarəsinin rəisi Tural Məmmədovun müsahibəsini təqdim edir:

- Rəhbərlik etdiyiniz idarənin ADY-nin yeni inkişaf strategiyasındakı rolu nədən ibarətdir və fəaliyyəti necə təşkil edilib?
- Ölkənin ən böyük insan resurslarına malik müəssisələrindən biri olan "Azərbaycan Dəmir Yolları” QSC-də cənab sədr Cavid Qurbanovun rəhbərliyi ilə aparılan struktur islahatları nəticəsində formalaşdırılan İnsan Resursları İdarəsinin, habelə struktur qurumlarda yaradılan İnsan Resursları Xidmətlərinin əsas funksiyası cəmiyyət işçilərinin öz bacarıqlarını, imkanlarını tam istifadə etmək və potensiallarını üzə çıxarmaq üçün lazımi iş şəraitinin yaradılmasında əsas rol oynamaqdan ibarətdir. İdarənin hədəfi iş yerlərinin planlaşdırılması, işə qəbul, təlim, mükafatlandırma, karyeranın idarə edilməsi kimi sahələrdə səmərəli xidmət göstərməklə yanaşı, eyni zamanda ADY-nin qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün ən uyğun insan resursları strategiyasını və siyasətini müəyyən etməkdən ibarətdir.

Cəmiyyətdə insan resurslarının idarə edilməsi fəaliyyəti İnsan resurslarının planlaşdırılması, İşə qəbul, Karyeranın idarə edilməsi, Əməkhaqqı, Kadr inzibatçılığı, Maarifləndirmə və İnkişaf Mərkəzi adlı altı şöbəni birləşdirən İnsan Resursları İdarəsində və ADY-nin strukturuna daxil olan qurumlar üzrə İnsan Resursları Xidmətlərində çalışan 208 əməkdaş tərəfindən həyata keçirilir.

- Son vaxtlar cəmiyyətdə insan resurslarının idarə olunması istiqamətində hansı işlər görülüb?
- Son iki il ərzində ADY-nin insan resurslarının idarə edilməsi üzrə əsaslı islahatlar aparılıb. Belə ki, insan resurslarının idarə edilməsi üzrə strategiya və siyasət hazırlanıb, bu sahə üzrə fəaliyyəti tənzimləyən bir sıra daxili normativ sənədlər qəbul edilib, ADY üzrə vahid ştat cədvəlləri formalaşdırlıb, struktur, vəzifə və peşə adlarının eyniləşdirilməsi, kodlaşdırılması həyata keçirilib, ştat vahidlərinin, işçilərin say tərkibinin təhlili və optimallaşdırma modeli müəyyən edilib, iş analizi üzrə proqram təminatı, insan resursları üzrə hesabatlılıq sistemi hazırlanıb, struktur vahidlərin ştat cədvəllərinin yenidən işlənməsinə başlanılıb.



Digər tərəfdən, idarənin fəaliyyətinin effektivliyinin və operativliyinin maksimallaşdırılması üçün insan resursları sahəsinə dair bütün proseslərin avtomatlaşdırılması və kadr inzibatçılığına dair vahid sənəd nümunələrinin tətbiqinə başlanıb, Oracle ERP sistemində HR modulu üzrə bir sıra əməliyyatların tətbiqi başa çatıb.

Ən mühüm addımlardan biri kimi işə qəbul prosesinin müsabiqə (test, müsahibə və yaxud peşə imtahanı) yolu ilə həyata keçirilməsinə start verilib, test sualları bazası formalaşdırılıb, elektron test mərkəzi və regionlarda testlərin təşkili məqsədilə mobil elektron test sistemi istifadəyə verilib.

Təkcə 2019-cu il üzrə 1033 ədəd vakansiya elana çıxarılıb, bu vakansiyalar üzrə 15775 nəfər müraciət edib ki, onlardan vakansiyaların tələblərinə cavab verən 2996 nəfəri ilkin seçim mərhələsindən keçib. Onlarda 2586 nəfər test imtahanlarına cəlb edilib, test imtahanından müvəfəqqiyyətlə keçən 2259 nəfər təşkil olunan müsahibələrdə iştirak edib. Nəticədə isə 990 nəfər işə qəbul edilib. ADY-nin rəsmi elektron səhifəsinin (www.ady.az) "Karyera” bölməsində işə qəbul və vakant iş yerləri barədə ətraflı məlumat əldə etmək mümkündür.

- Cəmiyyətə gənc kadrların axını təmin edilirmi?
- İnsan Resursları İdarəsi və Cəmiyyətin tərkibindəki müxtəlif müəssisələrin insan resursları üzrə struktur bölmələrinin əməkdaşlarının birgə iştirakı ilə "Azərbaycan Dəmir Yolları” QSC-də insan resurslarının idarə edilməsi üzrə 2019-cu ilin yekunlarına dair hesabat tədbiri keçirilib. ADY-nin sədri cənab Cavid Qurbanov giriş nitqində işə qəbul prosedurunun müsahibə və test mərhələsinin gənc mütəxəssislərin düzgün seçiminə imkan yaratdığını vurğuladı: "Gənc kadrlar idarənin müxtəlif şöbələrinə istiqamətləndirilir. Onlar burada əldə etdikləri praktiki və nəzəri bilikləri artırmaqla yanaşı, dəmir yollarının inkişafına töhfə verirlər. İdarədə çalışan peşəkar dəmiryolçular təcrübələrini gənclərlə bölüşür, eyni zamanda onlara innovativ ideyalarının reallaşdırılması işində yaxından dəstək göstərirlər”.



- ADY-də işçilərin maddi təminatı, mükafatlandırılması, bilik və bacarıqlarının artırılması istiqamətində hansı işlər görülür?
- Cəmiyyətin işçilərinin maddi təminatı məsələsi ilə bağlı qeyd oluna bilər ki, 2018-ci ildə ADY üzrə orta aylıq əməkhaqqı 413 manat təşkil edirdisə, 2019-cu ildə bu rəqəm 21.64% artaraq 527 manata çatıb. 2019-cu ildə dəmir yolu sənayesində səmərəli fəaliyyətinə görə ADY üzrə 51 nəfər "Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilərək pul mükafatı verilib, 49 işçi "Əmək veteranı” adına layiq görülüb, 75 nəfərə qiymətli hədiyyələr verilib.

ADY işçilərinin bilik və bacarıqlarının daim inkişaf etdirilməsi, bununla da peşəkarlıq səviyyəsinin artırılması üçün karyeranın idarə edilməsi istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, 4544 əməkdaş maarifləndirmə proqramlarına cəlb edilməklə daxili və xarici təlimlərdə iştirak edib, 5 struktur üzrə 290 əməkdaşın xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib, yeni işçilərin adaptasiya proqramı tətbiq edilməyə başlanılıb. 2019-cu ildə ADY-də 1365 tələbə istehsalat təcrübəsi proqramında iştirak edib.

Sonda demək istərdim ki, öz fəaliyyətində insan amilini əsas götürən İnsan Resursları İdarəsi gələcək fəaliyyətini daha səmərəli qurmaq üçün yeni tədbirlərin planlaşdırılması və tətbiqi üzərində çalışır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->