Ölkə 09:26 24.11.2023

Stalin nə üçün Sumqayıt şəhərini yaratdı? - GİZLİ TARİX

Bu günə qədər Sumqayıtın adı ilə bağlı bir neçə uydurma izahlar verilib. Guya Hindistandan gəlib Yaxın Şərqə doğru hərəkət edən dəvə karvanında olan Sum adlı gənc və Ceyran adlı qızın "sevgi rəvayət”ində "Sum qayıt, Sum qayıt!” çağrışı edib və bundan sonra bu ərazi belə adlanıb. Birinci "Hindistandan gələn” dəvə karvanının Sumqayıtdan keçməsi nəinki məntiqlə, heç coğrafi yolla da mümkün deyil. İkinci, Hindistandan gələn karvanda olan səyyahlar Azərbaycan türkcəsində "Sum, qayıt” sözü deyə bilməzdi.

Sumqayıtın adında süni şəkildə zorla hind kökü axtaranlar da yanlış olaraq bunu həmin dildə müvafiq olaraq dəvə və iz mənasını bildirən "sumq upt” ifadəsi ilə bağlamağa çalışırlar. Bu da uydurma faktdan başqa bir şey deyil. Hindistandan gələnlər Suraxanı ərazisinə gediblər, Hövsan kəndində o zaman mümkün olan limana gəlirdilər, dizin-dizin ordan Suraxanı Atəşgahına qədər sürünürdülər.

"Sumqayıt şəhərinin tarixi” mövzusunda ilk doktorluq dissertasiyasının müəllifi olmuş Həmid Alıyev yazır: "Yerli toponimlərə zorla "uyğunlaşdırılmış” "Sum və Ceyran” əfsanəsi əslində həqiqətdən çox-çox uzaq bir erməni uydurmasıdır. Söhbət Sumqayıtın adının özgələşdirilməsindən getdiyindən, bu termin barədə bir neçə əsaslandırılmış söz demək məcburiyyətindəyik və bildiririk ki, burada işlədilən sözlərin hamısı türk mənşəlidir və onlar yalnız yerli-milli köklərə bağlıdır”.

A.V.Tverdi "Qafqazın toponimik lüğəti”də yazır: "Sumqayıt — Azərbaycanda şəhər; eyniadlı çayın mənsəbində, Azərbaycanın paytaxtı Bakı şəhərinin şimalında yerləşir. Hidronim XIII əsrdə Azərbaycanın monqollar tərəfindən işğalında iştirak etmiş türk tayfası sukaytın adı ilə bağlıdır”.

Tarixçilərin fikrincə, burada Midiya tayfaları yaşayıb. Tikinti bumu zamanı, icra binasının bünövrəsi qazılarkən ərazidən qədim karvansaranın qalıqları, habelə şəxsi əşyalar və qab-qacaq aşkar edilib.

Tarixçilərin digər bir versiyası da var. Şəhərin adı qədim türk tayfası olan "suqa” və ya "sunqa”ların adından gəlmişdir. "-it" şəkilçisi isə qədim türk dillərində cəm şəkilçisi olub. "Sumqait” – "Sunqa-lar”, yəni "sunqaların yerləşdiyi ərazi” mənasını daşıyır.

Şəhərin adının mənşəyi ilə bağlı başqa bir fikir, şəhərdən bir az şımalda axan Sumqayıt çayı ilə əlaqədardır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay quraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar "su qayıdan çay” demişlər. Çayın adı və sonradan salınmış şəhərin adı da məhz bu ifadədən gəlir.

Eyni fikri alman səyyahı İ.Lerx də yazır: XVIII əsrin 30-cu illərində Sumqayıtın yerləşdiyi hazırkı ərazidə axan çayın olduğunu və onun üzrərində daş körpünün mövcudluğunu bildirmişdir.

Semyon Bronevski 1823-cü ildə nəşr edilmiş "Qafqaz haqqında ən yeni coğrafi və tarixi xəbərlər” adlı kitabında yazır: "Bakı xanlığı demək olar ki, Abşeron yarımadasında yerləşir, şimalda Quba mülkü ilə sərhəddir ki, ondan Suqaytı çayı ilə ayrılır”.

Bu versiya daha ağlabatandır. Çünki tarixi sənədlərdə Sumqayıtın adı ilk dəfə 1580-ci ildə ingilis səyyahı X.Berou tərəfindən çəkilir. 1858-ci ildə fransız yazıçısı A.Dümanın "Qafqaz səyahəti” adlı kitabında Sumqayıt adlı poçt stansiyasından bəhs edilir. Rus səyyahı İ.Berezin öz yol qeydlərində yazırdı: "Şəhərin yaxınlığında Suqayıt adlı bir çay axır. Bu ad onunla bağlıdır ki, havalar isti keçəndə çayda su quruyur, yağışlar mövsümündə isə çay yenidən canlanır”. İ.Berezinin fikrincə, ola bilsin ki, bu ad "su” və "qayıt” sözlərindən yaranmışdır. Qafqazın 1808-ci ildə Almaniyada Veymarda nəşr olunmuş xəritəsində Sumqayıt çayının adı "Suqayıt” kimi verilmişdir.

Bu ərazidə hələ eramızdan əvvəl 7-ci əsrdə qədim yaşayış məskənləri var idi.

Sumqayıt şəhərinin salınması ideyası necə yarandı?

Bolşeviklər Azərbaycanı işğal edəndən sonra onlara verilən məlumata görə, bəylər və xanlar öz varidatlarını Beşbarmaq, Xızı, Sumqayıt, Corat kimi ərazilərdə gizlədiblər. Bunun üçün Moskvadan xüsusi bir arxeoloqlar qrupu gəlir. Tozlu-torpaqlı, dənizin ləpələrinin iri dalğalarla sahilə çırpıldığı ərazidə qazıntılar zamanı burda ilk insan yaşayış məskənləri olduğunu sübut edəcək qədim artefaktlar, əşyalar, qəbirlər, kurqanlar, qədimdə mövcud olmuş şəhər-dövlətin qalıqları tapılır. Sumqayıtda yerləşən qədim tunc dövrünün yadigarı – nekropolun tapılması isə bu yerlərdə həqiqətən də qədim insanların məskən saldığını sübut edirdi. Sumqayıtın Yaşma bağları ərazisində yerləşən qədim ovdanın tapılması dediklərimizi təsdiq edir. Mədəniyyət Nazirliyinin Şabran Regional İdarəsinin rəisi Sabit Qurbanov bu ovdanı belə təsvir edir: "Qobustan, Səngəçal, Hacıqabul, Siyəzən və Şamaxı ərazilərində tapılan bəzi türk tayfa damğaları həkk olunub. Bu ovdanın üzərində Salur damğasına rast gəlinir. Burada 24 Oğuz boyundan biri olan Salur tayfasının damğası var. Bununla yanaşı, ovdanın üzərində insan fiquruna oxşayan damğa da aşkarlanıb. Bu damğalar noğayların istifadə etdiyi tayfa damğasıdır. Ümumiyyətlə abidənin üzərində altıyadək damğa mövcuddur”.

Burada tapılan qədim əşyalar paralel olaraq Mingəçevir ərazisində tapılanlarla oxşarlıq təşkil edirdi. Türk tayfalarına məxsus elementlər, petroqliflər, damğalar barədə dərhal Moskvaya xəbər verilir. Yaşı minilliklərə gedib çıxan bu tapıntı Azərbaycan türklərinə qarşı əks-planı olan Stalini narahat etməyə başlayır. Çünki qədim abidələr burda minillər öncə türk xalqlarının yaşadığını sübut edirdi. Qədim artefaktlar üzərində türk yazılarının olması ərazinin türk kimliyini məhv etməkdə onun qarşısında sədlər çəkirdi.

O, ÜİK(b)P MK-nın və SSRİ XKS-nin rəhbərliyinə tapşırır ki, dərhal Bakı ətrafında olan Abşeron, Sumqayıtla yanaşı, Mingəçevir ərazisində yeni şəhər salınması məsələsini gündəliyə salsın. Nəticədə Sumqayıt şəhərinin ilk layihəsi və tikintisi 1932-ci il 16 may tarixli qərarına əsasən SSRİ Xalq Ağır Sənaye Komissarlığına həvalə olunur.

Sənaye obyektlərinin yerləşdirilməsi üçün yeni şəhər salmaq zərurəti yarananda Sumqayıt kiçik bir kənd idi.

İlk tikinti işlərinə 1938-ci ildə başlanır, lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansaranın qalıqlarına rast gəlinirdi. Sumqayıtda məskunlaşan alman, avstriyalı və macarlar ilk növbədə taxta baraklar, yataqxanalar, işləmək üçün emalatxanalar tikiblər. İlk Boru Prokat Zavodunun sexləri də bu xarici məhbuslar tərəfindən tikilib. Bu zavodda 2600 əsir işləyib. Sumqayıtda ilk yolun çəkilişi isə alman məhbusu Rixart Fukkert tərəfindən həyata keçirilib. Bu tikintilər zamanı yüzlərlə arxeolji abidələr tapıldıqca Stalinin əmri ilə Moskvaya aparılıb.

Beləliklə, yaşı minniliklərə çatan ərazidə noyabrın 22-də 74 yaşı tamam olan Sumqayıt şəhəri yarandı.

Zaur Əliyev
Dosent