"Rusiyanın Suriyada hərbi gücünü artırmaq istəyinin arxasında bu ölkənin bütün ərazisinin tam olaraq Bəşər Əsədin nəzarətinə keçməsinə nail olmaq məqsədi dayanır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyanın Suriyadakı hərbi gücünü ikiqat artırmaq və "Kalibr” tipli raketləri bura göndərmək niyyətinin arxasında hansı məqsədlərin dayandığına aydınlıq gətirərkən deyib:
Rusiya Suriya hadisələrinə baş vurandan sonra Bəşər Əsədin mövqeyi xeyli möhkəmlənib. Vaxtilə ölkənin cəmi 20 faizinə nəzarət edən Əsəd indi 80 faiz əraziyə nəzarət edir. Digər tərəfdən, Bəşər Əsədi qəti şəkildə inkar edən siyasi oyunçular tədricən onunla danışmağa, əməkdaşlıq etməyə üstünlük verməyə başlayıb”.
Həmsöhbətimizin fikrincə, indiki mərhələdə Rusiya prezidenti Putin düşünür ki, hərbi təzyiqi gücləndirsə, Suriya ilə bağlı qarşıya qoyduğu siyasi məqsədinə tam çata bilər:
"Onun bu ölkədə siyasi məqsədindən biri də ərazinin tamamilə Bəşər Əsədin nəzarətinə keçməsinə nail olmaqdır. Çox güman ki, məhz bu baxımdan Rusiya Suriyadakı hərbi gücünü say və texnika baxımından gücləndirmək qərarına gəlib. Digər tərəfdən, Rusiyanın Suriyaya daxil olmasının əsas səbəblərindən biri də Qətərdən Suriyadan keçməklə Aralıq dənizinə qaz kəmərinin çəkilməsinə maneə olmaq idi. Belə ki, həmin layihə reallaşsaydı, Qətər qazı Suriya üzərindən Avropaya daşınacaqdı. Bu fonda isə Avropa bazarında "Qazprom” üçün Qətərin timsalında güclü rəqib meydana çıxacaqdı. Moskva buna da nail olub. Buna görə də Rusiya Suriyadakı qüvvələrini gücləndirir”.
Qeyd edək ki, Rusiyanın "Voennoedelo” nəşrinin məlumatına görə, Moskva Suriyadakı hərbi gücünü iki dəfəyə qədər artırmaq qərarına gəlib. Hətta bu məqsədlə "Kalibr” tipli raketləri də Suriyaya göndərməyi düşünür.
Rüfət Sultan
Şərhlər