Günay İlqarqızı

Blogger
Yazılar
7
Şuşadan dünyaya...

Şuşadan dünyaya...

Günay İlqarqızı

Əslində bu səfər baş tutmalı idi... Gec və ya tez... 

Nəhayət o tarixi səfər baş tutdu. 

Bu gün dünyanın siyasi güclərindən biri olan Türkiyənin lideri Ərdoğan Şuşadadır.

Sizi bilmirəm, amma bu məni çox duyğulandırır. Bir az əvvəl Şuşadakı hazırlıqlardan videogörüntülərə baxdım. Çox qürurlandım. Həm 30 il yağı tapdağında qalan torpaqlarımızda, Cıdır düzündə indi dalğalanan Azərbaycan, Türkiyə bayraqlarını görəndə, həm də o torpaqlarda sərgilənəcək türk birliyinin gücünü düşünəndə.

Hələ müharibə başlayandan Türkiyənin istər millət, istər dövlət olaraq yanımızda olduğunu, bizə dəstək verdiyini hamımız görürdük. Əslində bu, dəstəyin altında yatan Azərbaycan-Türkiyə timsalında qoyulan türk birliyinin, gücünün artdığını göstərmək idi. 

Hər zaman Azərbaycan və Türkiyə Prezidentlərinin çıxışlarında verdiyi mesajlar əsl anlamda türk birliyinin, gücünün birləşdiyini göstərirdi.

Yəqin ki, çoxumuz hələ 44 günlük müharibə dövründə Ərdoğanın Şuşa ilə bağlı verdiyi mesajları, ora gedəcəyini deməsini xatırlayırıq. 

Mənə elə gəlir, hamımız bu səfərin baş tutacağı günü səbirsizliklə gözləyirdik.

Xatırlayıram, Azərbaycan üçün qeyd etdiyimiz tarixi günlər yaxınlaşdıqca bu dəfə gələcək deyə müzakirələr aparırdıq. Ancaq o "bu dəfə"lər də olmayınca məyus olurduq. 

Bu səfər baş tutmalı idi... Gec və ya tez... 

Rəcəb Tayyib Ərdoğan Şuşadadır!

Əslində hamımız eyni şeyi pıçıldayırıq. Bu günlər yuxumuza da girməzdi. 

Gerçək olan isə... Gerçək olan isə bu gün Şuşa da bizimdi, Cıdır düzü də. 

İndi isə gözümüz ora dikilib. Ordan gələcək şəkillər, videolar, çıxışlar hamısı bir tarix, unudulmayacaq anlardı. 

Düşünürəm ki, ordan gələn mesajlar da fərqli olacaq. 

Ordan dünyaya səsləniş olacaq: "Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır”. 

Hə, bir də Ərdoğandan gözəl bir şeir də gözləyirik.

Məncə, hamımız onun Zəfər paradındakı çıxışını, duyğu dolu səsləndirdiyi şeirini çox yaxşı xatırlayırıq. 

Arazı ayırdılar, lil ilə doyurdular...

Yox, bu dəfə qələbəmizdən danışsın, dünyaya səslənsin... 

Desin:

Azərbaycan - qayalarda
bitən bir çiçək,
Azərbaycan -
çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.

Azərbaycan mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli
ox ola bilər.
"Azərbaycan!" deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

OXŞAR XƏBƏRLƏR