"Bu gün onun dünya ilə ölüm arasında qaldığı gündür. O qədər dünyada qalmaq istəyirdi ki, qəbr evinə də doğru-düzgün köç edə bilmirdi. Tahir Əkbər böyük bəstəkar idi. Düzdür, indiki dövrdə adamın arxasında vəzifəli qohumu olmayanda onun səviyyəsinin dərəcəsində "O, böyük ustad idi" deyənlər az olur. Amma bizim vəfalı xalqımız sənətkarını yaşatmağı bacarır. Allah sizdən razı olsun".
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova mərhum bəstəkar Tahir Əkbərlə bağlı yazıb.
Müğənni bəstəkarın ölüm ildönümü olduğunu bildirərək, onunla bağlı xatirələrini bölüşüb:
"Tahir müəllim artıq bir ildir ki, aramızda yoxdur. Amma niyəsə hələ də elə bilirəm ki, bu yuxudur. O, mənim həm də qonşum idi. Sonra evini qızının Dillər Universitetində illik ödənişini ödəyə bilmədiyi üçün satıb çox kiçik birotaqlı evə sığınmışdı. Hətta evini satdıqdan sonra mənə dedi ki, görəcəksən, o evdə çox yaşamayacam, öləcəm. Çünki satdığım atamın pulu ilə aldığım ev idi. O evdən atamın iyini alırdım. Mən də Tahir müəllimin çox üzülməsini istəmədiyim üçün dedim ki, ata evin deyildi ki, atanın verdiyi pulla almışdın. Balana xərclədin. Nə olsun ki, burda nə var...
Amma əslində burada çox şey var idi. Adamın yeni mənzili o qədər kiçik idi ki... Allahın ona yazığı gəlib. O boyda sənətkarın yatmağa rahat yeri olmadığı üçün onu bu dar dünyadan apardı.
Bəli, düz oxudunuz. Dar dünya! Ona və onun kimi ustadlara bu yer üzü dardır. Çünki dünyanın özü də ikiüzlüdür Biri gördüyümüz, digəri isə görmədiyimiz. Digəri bəlkə buradan da betərdir, kim bilir?!
Onu yalnız görənlər bilir. Ancaq bir onu bilirəm. Yazıq Tahir Əkbər dünyada əsl zülm yaşadı. Kişinin cibində pul olmayanda, onun üçün ölümdən də betərdir. Dəfələrlə uşaq kimi ağladığının şahidi olmuşdum.
"Aybəniz, bilsəm, dünyaya gəlməzdim" - deyə, o böyüklükdə sənətkarın necə ağladığını, boynubükük qaldığını, balasının qarşısında bağrının çatlamağının şahidi olmuşdum.
Görəsən, indi necə, rahatlaşa bildimi Tahir Əkbər?! Amma yox, yadımdan tamam çıxmışdı. Atasının qucağındadır axı yer üzündə 2 metrlik ev qisməti olmayanım. Artıq heç nəyin dərdini çəkməz. Daha onu nə balasının təhsil haqqı, nə dolanışıq, nə də gözlədiyi, amma bir dəfə də olsun gəlməyən üzərində haqqı olan insanlar narahat edəcək.
Allah sizə rəhmət eləsin, əziz qardaşım, böyük bəstəkar".
Şərhlər